Prezident İlham Əliyev: “Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir”
Koronavirus bu gün dünya üçün hələ də ciddi problem olaraq qalır. Əfsuslar olsun ki, COVID-19 yoluxmalarının son aylarda ölkəmizdə nəzarətdə olması, eyni zamanda xəstəlikdən ağırlaşma ehtimalının az olması, eləcə də bu gün Qarabağ yolunda apardığımız mübarizənin həyəcanı bizi bir qədər koronavirus tədbirlərindən uzaqlaşdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, dünya üçün hələ də ciddi problem olaraq qalan COVID-19 yoluxmanını səbəbi insanların məsuliyyətsizliyidir: “Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar”.
Məhz bu məsuliyyətsizliyin nəticəsidir ki, bu gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib, indiyədək ümumilikdə 60873 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 46465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib, aktiv xəstə sayı 13614 nəfərdir. Ölkədə son sutka ərzində 13290, hazırkı dövrədək isə 1404543 test aparılıb.
Akif Qurbanov: “Youxma sayının artacağı barədə xəbərdarlıq etmişdik”
TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov son günlər ölkəmizdə COVİD-19-a yoluxma sayının artcağı barədə xəbərdarlıq edildiyini bildirib. Qeyd edib ki, bu gün yoluxmanın arması onu göstərir ki, karantin rejiminə hələ də məsuliyyətsiz yanaşanlar var: «Soyuq havada bütün tənəffüs yolları xəstəliklərinə, o cümlədən COVİD-19-a yoluxma sayında artımın olacağı gözlənilirdi. Hələ bir neçə ay əvvəl COVİD-19-a yoluxma sayının artcağı barədə xəbərdarlıq etmişdik, artıq həmin dövrə çatmışıq. Bunu Onun sözlərinə görə, yoluxma sayındakı kəskin artımın səbəblərindən biri soyuq havada tənəffüs yollarının müdafiə qabiliyyətini zəiflətməsi və tənəffüs yollarının infeksiyalara qarşı həssas olmasıdır. Yoluxma sayının kəskin artmasının səbəblərindən biri budur. Bu, bizdən asılı olmayan səbəbdir. Amma yoluxma sayının artmasında bizdən asılı olan səbəblər də var".
A.Qurbanov qeyd edib ki, müharibə başlandıqdan sonra insanlar infeksiyadan qorunma tədbirlərini sanki ikinci plana keçirdilər: “Bunun da yoluxma saylarının artmasında müəyyən rolu var. Xüsusilə də, karantin tədbirlərinin yumşalması təmasların artmasına, bu isə öz növbəsində yoluxma hallarının çoxalmasına səbəb olur. Məhz buna görə də hər kəs özündə məsuliyyət hiss etməlidir. Bir-biri ilə təmasda olan hər iki insanın tibbi maskadan istifadə etməsi vacibdir. Hər iki tərəf maskadan istifadə edərsə, yoluxma faizi 1-dən aşağı olar”.
A.Qurbanov əlavə edib ki, düzgün qorunma tədbirləri insanı virusdan qoruya bilər. Amma qorunma tədbirlərinə düzgün əməl edilməzsə, insanın virusa yoluxmayacağına heç kim təminat verə bilməz: “Bu qaydaları hamı bilməlidir və hamı maska gəzdirmək xatirinə maska taxmamalıdır. Maska bizi virusdan qoruyan maska olmalıdır. Digər qayda odur ki, əllər təmiz, diqqətlə yuyulmalıdır. Əllər yuyulduğu zaman yalnız ovucun içi, arxası deyil, onun bütün səthi diqqətlə yuyulmalıdır. Əllər bu cür yuyulduqda əl dərisində olan virus bizi tərk edə bilər. Bəzən insanlarda belə səhv təsəvvür yaranır ki, qorunma tədbirləri bizi heç virusdan qorumur. Amma bu, o halda qorumur ki, qaydalara düzgün riayət edilmir. Maskadan düzgün istifadə etmək, əlləri düzgün yumaq, maksimum şəkildə sıx təmaslardan çəkinmək lazımdır. Bu məsələlərə düzgün əməl olunsa, nəinki COVİD, sizi əmin edirəm ki, biz heç bir tənəffüs sistemi xəstəlikləri, o cümlədən qrip və qripəbənzər xəstəliklərlə xəstələnməyəcəyik. Xüsusilə də maskanın parçasının sıxlığı nə qədər çoxdursa, onun virusdan qorunmaq imkanı o qədər çoxdur. Yetər ki, bu maskanı hamı istifadə etsin və hər kəs də onu düzgün taxsın”.
Rəşid Mahmudov: “Azərbaycan Ordusunun hər bir əsgərinə haqq yolunda apardığı mübarizəsinə dəstək olmaq üçün karantin rejiminə əməl edilməlidir”
Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili Rəşid Mahmudov bildirib ki, bu gün döyüşlərdə əsgərlərimizin Qarabağ uğrunda vuruşması, sivil insanların həyatlarını itirməsi kimi həqiqətlə üz-üzə ikən insanlarımız koronavirus infeksiyasına laqeydlik göstərir: "Biz ehtiyatlı olmağı sadəcə sizin və sevdiklərinizin xəstələnməməsi naminə söyləmirik. Önümüzdəki günlərdə və aylarda hər hansı alovlanma olarsa, bu alovlanma nəticəsində xəstəxanalarda çarpayılar koronavirus xəstələri tərəfindən tutula bilər. Bu, insan resurslarının, həkim və tibb bacılarının daha çox virusla mübarizəyə səfərbər olmasına səbəb olacaq. Bunun da birmənalı təsiri Azərbaycan əsgərinin ön cəbhədə vuruşduğu zaman ola biləcək zədələnmələr və yaralanmalarda səhiyyə işçilərinin onlara verə biləcəyi xidmətin səviyyəsini aşağı salacaq. Odur ki, bunları nəzərə alaraq bütün Azərbaycan xalqını koronavirusdan qorunmaq üçün əsas qaydalara əməl etməyə səsləyirəm. Bu, həm də səhiyyə eksperti kimi tələbdir. Əvvəlkindən fərqli olaraq biz daha sadəcə özümüzü və əzizlərimizi qorumaq üçün deyil, Azərbaycan Ordusunun hər bir əsgərinə haqq yolunda apardığı mübarizəsinə və Qarabağ probleminin həlli istiqamətində qazanmış olduğumuz bu böyük şansa dəstək üçün daha çox və daha ciddi şəkildə 3 sadə qaydaya əməl etmək məcburiyyətindəyik. Əmin olun ki, sosial məsafə, maska və gigiyena qaydalarına riayət etməklə əsgərimizə ən böyük faydanı vermiş olarıq. Əsgərlərimizə xidmət edən tibb işçilərinin gücünü onlardan ayırmamalıyıq. Çünki bu gün Azərbaycan tibb işçilərinin böyük hissəsi ön cəbhədədir, hərbi hospitallarda xidmət edirlər. Ümid edirəm ki, hər bir Azərbaycan vətəndaşı sözlərimizə daha həssas yanaşar, hər kəs daha ciddi və daha məsuliyyətli şəkildə koronavirusdan qorunmağı müharibə vəziyyətinin bir parçası kimi qəbul edər”.
Beləliklə, indiki həssas məqamda – Dağlıq Qarabağda hərbi əməliyyatlar fonunda koronavirusla mübarizə ön cəbhəyə ən böyük dəstəkdir. Hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, koronavirus xəstələrinin bu virusu cəbhəyə ötürməsi hər an baş verə bilər. Bu mənada hər bir vətəndş üzərinə düşən məsuliyyətini dərk etməlidir. İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər deməkdir. Sosial məsuliyyətimizi artırmaqla, ilk növbədə, özümüzü, hərbçilərimizi, nəticə etibarı ilə isə dövlətimizi və cəmiyyətimizi qorumuş olarıq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB