"Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək". Bu fikirləri Azərbaycan Prezident İlham Əliyev çıxışında vurğulayanda qəlbimiz fərəh, qürur hissi ilə aşıb-daşır. Qürurumuz, iftixarımız olan Azərbaycan BAYRAĞI.
Bütün zirvələrdən, yüksəkliklərdən uca olan dövlət bayrağımız hər bir insanın vətəndaşlıq qürurudur. Göy, qırmızı, yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli bayraq Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixindən, dünənindən. keçmişindən danışır. Hər bir rəng Azərbaycan xalqına məxsus dəyərləri özündə ehtiva edir. Göy rəng Azərbaycan xalqının türk mənşəli olmasını göstərir, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni və inkişaf istəyini ifadə edir. Yaşıl rəng isə islam sivilizasiyasına və islam dininə mənsubluğun göstəricisidir. Demək, bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixindən danışır.
Bayrağımız qürur mənbəyimizdir və and yerimizdir. Müqəddəs varlıq olan üçrəngli bayrağımıza and içirik. Bu gün hər bir vətəndaşın üzərində ciddi mənəvi məsuliyyət var. Hər bir vətəndaş bu yükü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. Azərbaycan xalqının türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoluna çevrilən, azadlıq eşqimiz olan üçrəngli bayrağımız bu gün göylərə yüksəlib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızın yüksəklikdə dalğalanmasına sədd qoyulsa da, bu, xalqın təfəkküründə dərin iz salmışdır. Hər kəs bu böyük amalla Azərbaycan bayrağının vətən torpağında dalğalanması arzusu ilə yaşamışdı. İllər uzunu müstəqilliyə doğru gələn yolda Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə qaldırıldı. Yalnız 72 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. Düz 72 il sonra Ümummilli Lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırıldı. 1990-cı illərin çətin, ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.
Ölkəmizdə qürurverici bir haldır ki, Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il Sərəncamı ilə Dövlət Bayrağı Günü ölkəmizdə 9 noyabr tarixində qeyd olunmağa başladı. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
Bu gün Azərbaycan Ordusunun sahib olduğu güc də Onun bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o bayrağa sarılaraq şərəfli mübarizəyə qoşulub, vətənin azadlığı uğrunda övladını qurban vermiş valideynlər şəhid cənazəsinə bükülmüş müqəddəs bayraqla təskinlik tapırlar. "Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, vətəndir". Budur, bayrağın müqədəsliyi və bayrağımıza olan sevgi. Bu gün Azərbaycan bayrağı işğaldan azad olan Cəbrayıl şəhərində, Zəngilan şəhərində, Füzuli şəhərində, Qubadlı şəhərində… dalğalanır. Çox keçməz ki, Şuşada, bütün Qarabağda bayrağımız dalğalanar.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB