27 il işğaldan azad olunan torpaqlarımız yeni həyata qaytarılır - ŞƏRH

27 il işğaldan azad olunan torpaqlarımız yeni həyata qaytarılır - ŞƏRH

Prezident İlham Əliyev: “Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik”

Bu gün hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də, xalqın rifahı faktorunda Azərbaycan Prezidenti İlham Əliyev Liderliyi amili mövcuddur. Prezident İlham Əliyev dediyi “Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur” fikri, bu gün həqiqətən də ölkəmizdə İkinci Vətən müharibəsi getdiyi bir zamanda görünməkdədir. Bir-birinin ardınca işğal olunmuş torpaqlarımızın azad olunması, mütəmadi olaraq yeni qələbə xəbərlərinin gəlməsi hər bir azərbaycanlını sevindirir. Bu gün Ermənistan əsgəri işğalçı, Azərbaycan əsgəri xilaskar əsgərlərdir. Budur fərq. Bu gün dövlət başçımızın işğaldan azad olunan torpaqlarımıza yeni nəfəs vermək məqsədi ilə imzalana sərəncamlar bir daha dövlət başçımızın hər bir azərbaycanlının, xalqının Prezidenti olduğunun göstəricisidir. Və hər həftə Azərbaycan torpaqları işğaldan azad edilməklə yanaşı, həmin ərazilərdə bərpa işlərinin aparlıması həyata keçirilir.

Prezident İlham Əliyev: “Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər”

“Biz köçkünlərimizi öz evlərinə qaytaracağıq. Bu insanların sevincini, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının, Hadrud qəsəbəsinin təqribən 30 ildən sonra öz torpaqlarına qayıdacaq sakinlərinin sevincini təsəvvür edə bilərsiniz. Budur, azad edilmiş ərazilərdən çəkilmiş videokadrlardan görünür ki, orada hər şey dağıdılıb. Biz bunu bilirdik. Bu, Stalinqraddan da betərdir. Dağıdılmayanların isə hamısı oğurlanıb, qarət edilib. Başa düşürsünüzmü, onlar hətta pəncərə çərçivələrini də, unitazları da oğurlayıblar”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində bildirib ki, bu, sadəcə, dövlət siyasəti dərəcəsinə çatdırılmış quldurluqdur: "Ona görə də biz bu əraziləri bərpa edəcəyik. Biz kömək edəcəyik. Biz məcburi köçkünlər üçün tikinti proqramına əsasən təkcə bu il 7 min mənzil istifadəyə verəcəyik. Təsəvvür edirsinizmi? Orta hesabla hər mənzildə 5 nəfər nəzərdə tutulsa, biz bir ildə 35 min nəfəri yerləşdirəcəyik. Yəni bu, kiçik və ya hətta bizim şəraitdə orta ölçüdən böyük bir şəhər deməkdir. Zərər çəkmiş 300 mindən çox köçkünü artıq yerləşdirmişik. Köçkünlər üçün şərait yaratmaq məqsədilə biz hər il büdcədən külli məbləğdə vəsait ayırırıq. Hər bir köçkün hər ay dövlətdən müavinət alır. Demək istəyirəm ki, orada biz bu işləri görəcəyik. Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar”.

Əli Məmmədov: “Prezidentimizin göstərişi ilə işğaldan azad olunan şəhər və kəndlər yenidən qurulacaq, infrastruktur bərpa ediləcək”

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru Əli Məmmədov bu gün işğaldan azad olunun şəhər və kəndlərin erməni vandalları tərəfindən necə vəhşiliklə dağıdıldığını, yaşayış evləri ilə yanaşı, tarixi-mədəni abidələrimiz də yerlə-yeksan edilib: “Amma bunlar bizi o qədər də narahat etmir. Yaxşı bilirik ki, Prezidentimizin göstərişi ilə bu şəhər və kəndlər yenidən qurulacaq, infrastruktur bərpa ediləcək”.

Ə.Məmmədov onu da bildirib ki, işğal altında olan ərazilərimiz böyükdür və yüzlərlə dağıdılmış kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var: "Onların bərpası üçün böyük zəhmət və vaxt tələb olunur. Lakin bu, dövlətimiz üçün elə bir ciddi problem yaratmayacaq. Mənə belə gəlir ki, maliyyə problemi də olmayacaq. Ölkəmizin iqtisadi qüdrəti bu məsələnin həllinə imkan yaradacaq. Digər tərəfdən yerli və xarici investorların da bölgənin bərpasında mühüm rol oynayacağı şübhəsizdir. İnanırıq ki, bu rayonlar və bütövlükdə, Dağlıq Qarabağ böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaradılacaq. Bir sözlə, məskunlaşma üçün heç bir problem olmayacaq. Agentliyin missiyası Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan Respublikası ərazilərinin bərpası və yenidənqurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir".

Cocuq Mərcanlı – “Böyük Qayıdışın başlanğıc” nöqtəsi

Ə.Məmmədov onu da bildirib ki, ilk dəfə 1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi – “Böyük Qayıdışın başlanğıc” nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrildi: “Bu məqsədlə Azərbaycan Prezidenti tərəfindən imzalanan Sərəncama əsasən Cocuq Mərcanlı hazırda işğal altında olan istənilən kənd yaşayış məntəqəsi ilə müqayisədə daha abaddır, iş yerləri və sosial xidmətlərlə daha yüksək səviyyədə təmin olunub. Bu da Azərbaycan və Ermənistanın inkişafa münasibətlərində fərqi göstərir. Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Bir sözlə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Bunun üçün ilk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir. Torpaqlar işğaldan azad edildikcə “Böyük Qayıdış” da davam edir”.

Vüqar Bayramov: “Artıq işğaldan azad edilən ərazilərin ilkin qiymətləndirməsi ilə bağlı Prezident İlham Əliyev müvafiq göstəriş verib”

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, artıq işğaldan azad edilən ərazilərin ilkin qiymətləndirməsi ilə bağlı Prezident İlham Əliyev müvafiq göstəriş verdiyini deyib: “Burada məqsəd bundan ibarətdir ki, həmin rayonlarda mövcud infrastruktur qiymətləndirilsin, işğal altında olduğu dövrdə dəyən zərər hesablansın və eyni zamanda kənd təsərrüfatının inkişafı ilə bağlı istiqamətlər müəyyənləşdirilsin. Qeyd edim ki, artıq uyğun dövlət qurumları tərəfindən işğaldan azad edilən bölgələrdə kənd təsərrüfatı ilə bağlı istiqamətlərin müəyyənləşdirilməsinə başlanılıb. Bununla bağlı yerlərdə konkret tədqiqatlar, araşdırmalar aparılır».

V.Bayramov vurğulayıb ki, işğaldan azad edilən bölgələrin kənd təsərrüfatı potensialı kifayət qədər böyükdür: "Sözügedən ərazilər işğaldan əvvəl kənd təsərrüfatı məhsullarına görə aparıcı olub. Məsələn, Füzuli rayonunda pambıq istehsalı, taxılçılıq, üzümçülük, Cəbrayıl rayonunda üzümçülük, digər yerlərdə isə həm əkinçilik, həm də heyvandarlıq sahələri inkişaf edib.

Seçki qabağı təbliğat-təşviqat kampaniyasında vəd etdiyim kimi, Füzulinin aparıcı iqtisadçıları ilə birlikdə Füzuli rayonun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasını düşünürdük. Artıq rayonun işğaldan azad edilməsi buna imkan verir. Burada hər bir yaşayış məntəqəsinin potensialına və xüsusiyyətinə uyğun olaraq iqtisadi fəaliyyətlər, sərmayə qoyuluşları müəyyənləşəcək. Konkret iqtisadi və sosial tədbirlər planı təklif ediləcək. Bildirim ki, bununla bağlı artıq ilkin müzakirələrə başlamışıq. Böyük qələbədən sonra hər bir kəndin mövcud infrastrukturunun qiymətləndirilməsinə başlayacağıq”.

Millət vəkili bildirib ki, hazırda işğaldan azad olunan ərazilər - Füzuli, Cəbrayıl və Zəngilan rayonu kifayət qədər təbii ehtiyatlarla zəngin rayonlar hesab olunur: «Burada dəmir filizi daxil olmaqla, tikinti materiallarından istifadə olunacaq. Xeyli sayda materiallar var. Təbii ki, bunlar məhz həmin bölgələrin iqtisadi baxımdan əhəmiyyətini göstərən faktorlardan biridir. Eyni zamanda həmin bölgələr Azərbaycan üçün kənd təsərrüfatının inkişafı baxımından vacibdir. İşğaldan əvvəlki dövrlərdə məhz həmin rayonlar aqrar sektorun inkişafında xüsusi paya malik idi. Məsələn, Füzuli rayonu pampıqçılıq, üzümçülük, taxılçılıqda xüsusi paya malik idi. Xüsusən də taxılçılıq və üzümçülük üzrə Füzuli rayonu respublikamızda aparıcı rayonlardan hesab olunurdu. O baxımdan, aqrar potensialı kifayət qədər böyükdür”.

V.Bayramovun sözlərinə görə, həmin bölgələrdə sənaye məhsullarının istehsalı da həyata keçirilirdi ki, bununla da emaledici sənaye məhsullarının istehsalının təşkil edilməsi mümkündür: "Təbii ki, bu da nəticə etibarilə məhz həmin ərazilərin iqtisadi potensialını göstərən faktorlardan biridir. Bütün qeyd edilən, eyni zamanda gələcəkdə işğaldan azad olunacaq ərazilər turizm potensialına malikdir. Nəzərə alsaq ki, qədim yaşayış yerlərindən hesab olunan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və gəlmə turizm imkanları kifayət qədər böyükdür. Bu, imkan verəcək ki, turizim potensilanı inkişaf etdirmək mümkün olsun”.

Xudafərin körpüsü və Araz çayı üzərində inşa edilən su elektrik stansiyalarını xüsusi qeyd edən V.Bayramov nəzərə çatdırıb ki, Xudafərin körpüsü Azərbaycan-İran arasındakı xarici əlaqələrin genişləndirilməsi baxımından vacib körpülərdən biridir: "Azərbaycan üçün Xudafərin yalnız mənəvi deyil, eyni zamanda iqtisadi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Araz çayı üzərində su elektrik stansiyaları inşa ediləcək. Onlardan biri “Xudafərin”, digəri “Qız qalası” adlanıdırılır. Bu su elektrik stansiyalarının inşa edilməsi nəticə etibarilə işğaldan azad edilən ərazilərimizin elektrik enerjisi ilə təminatına imkan yaradacaq. Eyni zamanda bu, imkan verəcək ki, Azərbaycan elektrik enerjisi ixrac etmək imkanına malik olsun. Daxili tələbin ödənilməsi və Azərbaycanın ixrac potensialının genişləndirməsi baxımından hər iki stansiyanın xüsusi payı olacaq”.

Bir sözlə, Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq. Çünki dövlətimizin başçısı dediyi kimi, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə