Bu gün Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasa Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə sədrlik edib. Tədbirə QMİ-nin Gürcüstan və Dağıstandakı səlahiyyətli nümayəndələri, Qafqazın bütün müftiləri qatılıb.
Tədbiri giriş sözü ilə açan Qafqaz Xalqları Ali Dini Şurasının və QMİ sədri Allahşükür Paşazadə bildirib ki, bugünki toplantının əsas məqsədi hesabat xarakteri daşısa da qurumun gələcək fəaliyyət dairəsini müəyyənləşdirərkən təmsil etdiyi dövlətlərin və xalqların mənafeyi baxımından münasib olan birgə qərarlar verməyə davam etməkdir: "Çünki din xadimlərinin dünyaya bəyan etdiyi qlobal dialoq, dinc birgə yaşayış çağırışları həm bölgəmiz, həm də dünyamız üçün vacib və aktualdır. Qədim İslam ənənələrinə malik tarixən dözümlülük prinsipləri ilə seçilən Azərbaycan bu gün də bütün etiqad və millətlərə ehtiramlı ilə seçilən ölkə kimi tanınır. Əminik ki, inşallah bu mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanımızın beynəlxalq nüfuzunu daha da artıracaq, iqtisadi uğurları ilə yanaşı, sülhsevərlik ruhunu, dinlərarası və millətlərarası dialoq sahəsindəki nailiyyətləri bir daha təsdiq edəcək. Bu gün burada bir araya gəlməyimiz şübhəsiz ki, Qafqazda mənəvi dialoq, qardaşlıq və əməkdaşlıq sahəsində qazandığımız uğurların nümunəsidir. Qafqazın əmin-amanlığı, rifahi bizim hər birimiz üçün həyatı əhəmiyyət kəsb edir. Bölgədə yerləşən dövlətlərin siyasi tarazlığa, xalqların maraq və mənafelərinə uyğun apardıqları siyasət olduqca vacibdir. Belə bir siyasi uzaqgörənliyin əsasını zəmanəminizin görkəmli dövlət xadimi, ümummilli liderimizin Heydər Əliyevin tarixi irsi təşkil edir. Onun siyasi xəttinin davamçısı olan prezidentimiz İlham Əliyev də ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu yüksək səviyyədə nümayiş etdirməklə yanaşı, din-dövlət münasibətlərinin möhkəmlənməsinə və bölgə xalqlarının rifahına həsasalıqla yanaşır, Qafqazın gələcəyi üçün milli-mənəvi dəyərlərin inkişafına böyük önəm verir. Biz də din xadimləri olaraq hesab edirik ki, bu gün Qafqazın xoşbəxt gələcəyinə aparan yeganə yol millətlərarası və dinlərarası anlaşma, əməkdaşlıq, dinc qonşuluq münasibətlərinin qorunub saxlanmasından keçir".
Sonra Allahşükür Paşazadə Qafqaz xalqları Ali Dini Şurasının yarandığı gündən bu vaxta qədər apardığı fəaliyyət barədə hesabat məruzə ilə çıxış edib.
Tədbirin davamında çıxış edən Qaraçay-Çərkəz, Çeçenistan Respublikası, Dağıstan, Şimali Osetiya, İnquşetiya, Kabarda-Balkar, Adıgey müsəlman ruhani idarələrininin sədrləri, müftilər hesabatla bağlı öz fikirlərini bölüşüblər.
İclasın sonunda Qafqazın müsəlman din xadimlərinin Birləşmiş Millətlər Təşkilatına birgə müraciəti oxunub.
Qeyd edək ki, Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb və şuraya QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə sədrlik edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB