Qarabağda yeni həyat başlanacaq

Prezident İlham Əliyev: "Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur"

Azərbaycanın işğal altında olan ərazilərini xarabalığa çevirən ermənlər öz milli xüsusiyyət və təlabatları çərçivəsində bu məkanlarda vəhşilik missiyalarını həyata keçiriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsi zamanı bildirdiyi kimi, Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb: "Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar". Qarabağ torpağının təbii sərvətlərinin ermənilər tərəfindən özbaşına istismar olunması, ekoloji durumuna ağır zərbə vurulması, əraziləri xarabazarlıqla çevirmələri faktları Ermənistanın həyata keçirdiyi sivil vəhşilik siyasətinin göstəricisidir. "Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər" – deyə Cənab İlham Əliyev bildirmişdir.

Təəssüflə də olsa qeyd etməliyik ki, Azərbaycanda olan əlverişli təbii şərait, onun sıx meşələri erməni təcavüzkarları tərəfindən talan edilərək məhv olunub. Müharibə zonalarında dağıdıcı silahlardan və ağır texnikadan geniş istifadə olunduğuna görə ərazinin təbiətinə və ekoloji şəraitinə dəhşətli bir şəkildə ziyan vurulmuşdur. İşğalda olan Azərbaycan torpaqlarında ağır hərbi-texnikanın nəticəsi olaraq torpağa çökən kimyəvi maddələr bu ərazilərdə ekoloji mühitin, tarazlığın pozulmasına gətirib çıxarıb. Mürahibə dövründə bu ərazilərə çoxlu miqdarda atılan mərmilər, bastırılmış minalar təbii ki. ekolji mühitin zəhərlənməsinə, çirklənməsinə birbaşa səbəb olan amillərdir. Müharibənin törətdiyi əngəlliklər azmış kimi dağ meşələri ucdantutma qırılaraq qonşu ölkələrə daşınıb, nadir bitki və heyvanların kökü demək olar ki, kəsilib.

Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının ərazilərində təbiətə qarşı olan ermənilərin amansızsızlıq aksiyası onların Azərbaycan ərazilərinə qarşı qısqanclığını, iddialı mövqedən çıxış edib, özünəməxsus formanı tətbiq etməsi ilə yanaşı, bir məntiqin də gerçəkliyini təsdiqləyirdi. Bu, ermənilərin Qarabağ ərazisində müvəqqəti olduğunu təsdiqləyən faktor idi. Ermənilər təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edərək, asan istifadə edilə bilən mineral suları, müxtəlif texniki materialları, ehtiyatları, daha çox mənimsəmişdilər.

Füzuli rayonunda işğal olunmuş ərazilərdə təbiətin ermənilər tərəfindən güclü ekoloji dağıntıya məruz qalması hər kəsə bəllidir. Rayon ərazisinə yaxın olan Azıx və Tağlar mağaraları dünya tarixinin qədim abidəsi kimi YUNESKO-nun siyahısına düşmüşdür. Rayonun ən böyük meşələridən olan Ərgünəş meşəsində ermənilər yanğın törətmişdilər. Yanğın nəticəsində ərazidə olan qiymətli ağac və kollar məhv olmuş, təbiətə xeyli ziyan vurulmuşdur. Belə yanğınlar ekoloji mühitin pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olur.

Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bunun arxasında ermənilərin utopiyaları, eləcə də xalqın tarixinə qarşı təcavüz planı dayanır.

İstirahət üçün böyük məkan olan və ekoloji cəhətdən əhəmiyyət daşıyan "Daş-başı" və "Leşkar" meşələrində ermənilərin yanğın törətməsi də bir faktdır. "Leşkar" meşə sahəsində isə yararlı ağacları tam qırıb aparıblar. Tikinti materialı kimi Ermənistan Yunanıstana və İrana ixrac etdiyi ağac materialını istehsal etmək imkanında deyil.

Laçın dövlət yasaqlığında cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porzuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır. 1991-ci il mart ayında aparılan yoxlama nəticəsində ermənilər tərəfindən heyvanların və quşların sayı xeyli azalmışdır.

Qubadlı dövlət yasaqlığında isə işğaldan əvvəl müəyyən olmuşdur ki, burada 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş çüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. Quşlardan ən çox kəklik yayılıb. Qırqovul, turac, bildirçin, göyərçin bu yerlərin daim sakinlərindəndirlər. Bu yasaqlıq işğal altında olduğu zamanda ermənilər bu xəzinədən vəhşicəsinə istifadə ediblər.

Belə bir səfalı yerlərə malik, turizmin inkişafına böyük təkan olacaq yerlərimizin ermənilərin əlində qalması əlbəttə ki, Azərbaycanın iqtisadi inkişafına, onun turizm imkanlarının genişlənməsinə zərbə vurub.

"ERMƏNİSTAN KƏLBƏCƏRDƏ BİR NEÇƏ XARİCİ ŞİRKƏTLƏ BƏRABƏR QIZILIN QANUNSUZ HASİLATINI HƏYATA KEÇİRİR"

Azərbaycanın işğal olunmuş əraziləri uzun illərdən bəri beynəlxalq nəzarətdən kənarda qaldığına görə, həmin ərazilərdən ayrı-ayrı terrorçu qruplar və cinayətkar dəstələr narkotranzit və qaçaqmalçılıq məqsədlərini reallaşdırıblar. Belə ki, Ermənistan tərəfindən bu ərazidə qacaqmalcılıq və narkotik maddə daşınması əməliyyatları baş tutub. Rəsmi məlumatlara istinadən deyə bilərik ki, işğal altında olan Qarabağın nəzarətsiz məkanlarında narkotika bitkilər yetişdirilib və onların məhsulları gizli yollarla Rusiya və Avropa ölkələrinə ötürülüb.

Azərbaycanın işğal edilən ərazilərindən çıxarılan qızıl Dağlıq Qarabağdan daşınıb. Belə ki, deklarasiya edilməyən qızıl gizli yollarla Livana aparılıb. Burada qiymətli metallar bazarına nəzarət edən ermənilər tərəfindən Livan qızılı kimi satılıb. Əvvəllər bu işdə "Kanada Livan Bankı" da iştirak edib. Hətta Köçəryan-Sarkisyan cütlüyü Qarabağ qızılı ilə "Hizbullah" terrorçularının güclənməsinə kömək edib.

Qeyd edək ki, Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları işğal müddətində Ermənistan tərəfindən talan edilib. "Ermənistan Kəlbəcərdə bir neçə xarici şirkətlə bərabər qızılın qanunsuz hasilatını həyata keçirir" – deyən Cənab Prezident onların hamısının müvafiq hüquqi prosedurlar vasitəsilə məsuliyyətə cəlb edəcəyimizi bildirib.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Qarabağın işğal altına düşməsi Azərbaycanın torpaq və ərazi itkisi ilə yanaşı, bir sıra iqtisadi, sosial, mədəni problemlərlə üzləşməsinə də gətirib çıxarıb. İşğal edilən torpaqlardakı təbiət gözəllikləri kurortlar, istirahət və əyləncə mərkəzləri, müalicəvi xarakterinə görə də şöhrət tapmışdı.

Qarabağ torpaqlarının işğalda qalması nəticəsində böyük bir turizm potensialı, əvəzsiz flora və fauna məhv edilib. Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən biri olan Qarabağ ərazisi xarabalığa çevrilib, ermənilərin iyrənc, məkrli siyasəti nəticəsində ekoloji mühiti yararsız hala salınıb ki, bunun da bərpasına və yenidən yaşayış və həyat səviyyəsinin normal vəziyyətə salınmasına zaman tələb olunur. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətlə bildirdiyi kimi, "Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə