Hacı Əli Əliyev: “Bu günə kimi Gürcüstandakı müsəlmanlar heç bir problemlə qarşılaşmayıblar”

Hacı Əli Əliyev: “Bu günə kimi Gürcüstandakı müsəlmanlar heç bir problemlə qarşılaşmayıblar”

"Gürcüstandakı müsəlmanların heç bir problemi yoxdur və onlar Qafqaz Müsəlmanları İdarəsindən ayrılmağa çalışmırlar. Onlar hər zaman bu idarəni dəstəkləyib və bundan sonra da dəstəkləməyə hazırdırlar". SİA-nın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu günə kimi Gürcüstanda müsəlmanlar heç bir problemlə qarşılaşmayıb.

"Dinə aid lazım olanların hamısı Gürcüstan dövləti tərəfindən təmin olunub. Biz heç bir problemlə üzləşməmişik, əksinə başqa dövlətlərdə müsəlmanlar üçün yaradılmadığı halda, Gürcüstanda bu şəraitlər var. 15 il ərzində 30 məscid tikilib, dini-mədəni mərkəzlər fəaliyyət göstərir. Bütün tədbirlər dövlət səviyyəsində qeyd olunur. Heç vaxt düşünmürəm ki, orada yaşayan müsəlmanların əlaqəsi kəsilsin və hansısa problemlər yaşansın. Sadəcə olaraq Gürcüstan keçmiş Sovetlər Birliyində yeganə ölkədir ki, burada din haqqında qanun yoxdur. Bu da nəinki biz, hətta başqa dinlərə də problemlər yaradır. Bəlkə də bu status məsələsidir və Gürcüstan istəyir ki, hansısa formada onlara status verilsin. Amma inanırıq ki, gələcəkdə bunların yaxşı nəticələri olacaq. Gürcüstan müsəlmanları Qafqaz Müsəlmanları İdarəsindən ayrılmağa hazırlaşmırlar. Dini təhsili və Gürcüstan müsəlmanları arasında nüfuzu olmayan bir qrup şəxsin "Gürcüstan müsəlmanları idarəsi" adlı qeyri-hökumət təşkilatı yaratmasını düzgün addım hesab etmir. Təbii ki, qeyri-hökumət təşkilatı məscidlərin və dini strukturların fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik ola bilməz", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə