“Media hüququ” kitabı ictimaiyyətə təqdim olunub

“Media hüququ” kitabı ictimaiyyətə təqdim olunub

Azərbaycan Mətbuat Şurası (MŞ) ilə ABŞ-ın Bakıdakı səfirliyinin birgə "Media hüququ" kitabını hazırlayıb. SİA-nın xəbərinə görə, bu gün Mətbuat Şurasında kitabın təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov kitab haqqında qısaca məlumat verib. O bildirib ki, Mətbuat Şurasının səyi nəticəsində kitab Azərbaycan dilinə tərcümə edilib.

Daha sonra çıxış edən müəllif, Minnesota Universitetinin professoru Ceyn Körtli kitabın əhəmiyyətindən danışıb. O, jurnalist kimi fəaliyyətə başladığını, sonra isə hüquq dərəcəsi alaraq, vəkillik fəaliyyəti ilə məşğul olduğunu söyləyib: "Nəşrdə dünya təcrübəsindən istifadə edilib, peşə fəaliyyətində rastlaşdığım bütün məqamlara toxunulub. Hüquq peşəkar jurnalistikanın bir hissəsidir. Bir çox ölkədə mətbuatla hökumət qurumları arasında gərginlik hökm sürür. Bu gün qeyri-ənənəvi medianın inkişafı bəzi şəxsləri narahat edir. Ancaq düşünürəm ki, mətbuatın inkişafının bir hissəsi də etik qaydalara riayət edilməsidir".

Tədbirin davamında MŞ-nın üzvləri, mətbuat orqanlarının rəhblərləri, jurnalistlər və ictimai təşkilatların nümayəndələri kitabla bağlı fikirlərini bölüşüblər. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində müəllif C. Körtli ona ünvanlanan sualları da cavablandırıb.

Sonda Mətbuat Şurasının diplomu kitabın müəllifi Ceyn Körtliyə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə