"Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman humanist siyasət yürüdüb" ÖZƏL-MÜNASİBƏT
"Hesab edirəm ki, Ermənistan ona verilən bütün şanslardan yararlanıb, 30 il müddətinə Azərbaycan bu dövlətin hər cür şıltaqlığına dözdü, bu ölkədə 3 dəfə hakimiyyət dəyişdi, hər gələn yeni liderlə məcburən danışıqlar yenidən başlanıldı, lakin fakt odur ki, bu danışıqlarda xırda bir irəliləyiş belə olmadı. Buradan belə nəticə çıxarmaq olar ki, Ermənistan sülh yolu ilə Qarabağ məsələsində güzəştə getmək istəmir. Hərbi əməliyyatlar dövründə də Ermənistan humanitar atəşkəsə əməl etmədi". Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, həmsədr ölkələrin vasitəçiliyi ilə atəşkəslə bağlı 3 dəfə əldə olunan razılaşmaları kobud şəkildə pozaraq digər tərəfdən dünyanın böyük dövlətlərinin liderlərinə müraciət etməyə başladı: "Lakin Ermənistanın baş naziri anlamalıdır ki, bu münaqişənin həlli dünyanın heç bir nöqtəsində yox, məhz Ermənistanla Azərbaycan arasındadır. Necə ki, Azərbaycan real addım ataraq hərbi əməliyyatlara start verdi, Ermənistan baş naziri də ölkəsinin düşdüyü ağır vəziyyəti nəzərə alaraq güzəştə getməli, ordusunu Qarabağdan çıxarmasına dair söz verməlidir. Münaqişəni uzatmaq, mülki əhalini hədəfə almaq və xaricdən muzdlu gətirərək regionda vəziyyəti daha da gərginləşdirmək Ermənistana daha böyük fəlakət vəd edir. Artıq onun ən yaxın müttəfiqi olan Rusiya və İran da onlardan üz döndərib, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və işğalçı dövlətə kömək etmir, qərb ölkələri və beynəlxalq təşkilatlar Ermənistanın müharibə cinayətlərini öz gözləri ilə görürlər. Beləliklə bütün dünya birliyinin tam dəstəklədiyi güclü Azərbaycan qarşısında aciz qalan Ermənistan artıq ən ucuz terrrora və təxribata əl atır və bununla dünyaya göstərir ki, əsas amalı heç də ərazi iddiaları yox, bölgədə qeyri-sabitlik yaratmaqdır. Əgər Ermənistan Azərbaycanın çağırışlarına qulaq asaraq silahı yerə qoyarsa bölgəyə tezliklə sülh və rifah gələcək və Ermənistan da bu imkanlardan bəhrələnə biləcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edir ki, Qarabağ azad olunandan sonra dinc erməni əhalisinin orada yaşamasına şərait yaradacaq. Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman hümanist siyasət yürüdüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB