Son 17 il: Güclü iqtisadiyyat, Güclü dövlət – Güclü Lider faktoru - ŞƏRH
Prezident İlham Əliyev: “Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur”
Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: “Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik”. Son on yeddi ildə Azərbaycan iqtisadi göstəricilərinə görə islahatçı ölkələr siyahısnda öz mövqeyini gücləndirməkdədir. Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, infrastruktur, əhalinin sosial rifahının yaxşılaşma səviyyəsi, habelə normativ-hüquqi qanunvericilik və institusional baza ölkəmizə davamlı inkişafa keçidi mühüm bir məsələ kimi qarşıya qoymuşdur.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 17 il ərzində 2,7 milyon yeni iş yerləri yaradılıb. Azərbaycan iqtisadiyyatı 3,5 dəfə, qeyri-neft sektoru 2,9 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, iqtisadiyyatın kreditləşməsi 22,8 dəfə artıb. İşsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək azalıb. Həyata keçirilən islahatlar nəticəsində minimum pensiya 200 manata, minimum əməkhaqqı 250 manatadək artıb. Hazırda nominal orta əməkhaqqı 700 manatdan çoxdur. Rəqəmlər göstərir ki, Azərbaycan iqtisadiyyatı son 17 ildə kifayət qədər çox ciddi inkişaf yolu keçib. Xüsusən də fiskal gəlirlərdə müşahidə edilən artım, dövlət gəlirlərinin 20 dəfə artması böyük rəqəmdir. Belə bir artım digər ölkələrin təcrübəsində çox nadir rast gəlinən artımdır. 2003-cü ildən ölkə iqtisadiyyatına 260 milyard dollardan çox investisiya yatırılması sayəsində ölkəmizin karbohidrogen ehtiyatların ixrac kəmərləri, beynəlxalq logistik nəqliyyat dəhlizləri, ölkə daxili infrastruktur tikilib, Azərbaycan dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatına malik ölkələrin sırasına daxil ola bilib.
Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir.
Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə 1999-cu ildə Dövlət Neft Fondu yaradılmışdır. Yaranma vaxtı aktivlərinin 270 milyon dollar təşkil etdiyi Fondun bu günə olan aktivlərinin həcmi ölkənin ümumi daxili məhsulunu üstələyir. Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkə ərazisinin 20 faizinin işğalı ilə nəticələnmişdir. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan qaçqın və məcburi köçkünlərin həyat və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görmüşdür. Bu həssas qrupdan olan şəxslərin ehtiyaclarının təmin edilməsi üçün bu günədək 8 milyard manata yaxın və ya təqribən 5 milyard dollar həcmində vəsait sərf edilmişdir. 300 mindən artıq məcburi köçkün pulsuz ev və mənzillərlə təmin olunmuşdur.
Koronavirus epidemiyası – iqtisadiyyatda real vəziyyət
Bu gün dünyanı ağuşuna alan koronavirus epidemiyanın dünya iqtisadiyyatının iflic vəziyyətinə salmasına baxmayaraq, xəstəliyin ölkəmizdə yarada biləcəyi fəsadlar cənab Prezidentin mütərəqqi göstərişləri nəticəsində minimuma endirilmişdir. Bu, məhz ölkə Prezidentinin düşünülmüş siyasəti nəticəsində həyata keçirilir. Belə ki, sevindirici haldır ki, bu gün dünyanın 150-dən çox ölkəsi yardım üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət etsə də, ölkəmizin adı həmin siyahıda yoxdur. Yəni bu gün ölkəmiz ən azı dünyanın 150 ölkəsindən daha yaxşı vəziyyətdədir, dünya birliyinin mütləq əksəriyyətinin yardıma ehtiyac duyduğu bir vaxtda əlimizdə olan resurslar bu çətin vəziyyəti idarə etməyə imkan verir.
Cənab Prezident cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunun müşavirədə bildirmişdir ki, son üç ayda ümumi daxili məhsulda 1,1 faiz artım, qeyri-neft sektorunda isə 3 faizdən bir qədər çox artım olub. Bütün dünyanın koronavirus pandemiyasına görə böhrana düçar olduğu vaxtda ölkəmizdə həm ÜDM-də, həm də qeyri-neft sektorunda inkişafın qeydə alınması bir daha deməyə əsas verir ki, uğurla aparılan siyasət hər vəziyyətdə və hər cür şəraitdə öz bəhrəsini verəcəkdir.
Təqdirəlayiq məsələlərdən biri də budur ki, Azərbaycan Prezidenti yaranmış vəziyyətlə əlaqədar büdcədə zəruri olmayan layihələrin dayandırılması və ixtisara salınması barədə göstəriş versə də, sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini bildirmişdir. Bu bir daha onu deməyə əsas verir ki, ölkəmizdə aparılan siyasətin ana xəttini Azərbaycan Respublikasının vətəndaşı tutur, vətəndaşa yüksək qiymət verilir, görülən hər bir iş vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına yönəlib.
Məhz bu gün ölkəmizdə sosial sahəyə göstərilən qayğının nəticəsidir ki, orta aylıq əməkhaqqı 28 faiz, orta pensiyanın məbləği 27 faiz artıb. Nəticədə hazırda orta aylıq əməkhaqqı 712, orta pensiya 295, yaşa görə pensiya isə 330 manata yaxındır. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur.
Onu da qeyd edək ki, bu gün bütün dünyanın gözəgörünməz düşmənə qarşı (COVID-19) mübarizə apardığı bir şəraitdə cənab Prezident məcburi köçkün və şəhid ailələrini də unutmadı, minimum 7 min köçkün ailəsinin və minimum 1500 şəhid ailəsinin yeni mənzillərlə təmin ediləcəyini bildirdi. Bu qayğı Azərbaycan dövlətində bütün sahələrə göstərilən diqqətin nəticəsidir.
İşğaldan azad edilən ərazilərə yeni nəfəs
Bu gün işğaldan azad edilmiş şəhər və rayonlarımızın siyahısının artması, mütəmadi olaraq yeni qələbə xəbərlərinin gəlməsi hər bir azərbaycanlını sevindirir. Ən əsası azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq və yeni texnologiyalar tətbiq olunacaq, bu isə iqtisadiyyatı daha məhsuldar edəcək.
Bir sözlə, Azərbaycan dövlətinin sosial inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr deməyə əsas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə qazanılan iqtisadi uğurlar sosial siyasətin genişlənməsinə yeni imkanlar yaradır. Çox qürurverici ənənədir ki, həyata keçirilən sosial siyasət tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətdə dəyişdirməyə, insanların özlərini güvənli hiss etməyə sövq edir. Və qətiyyətlə bildirmək olar ki, cənab İlham Əliyevin yeritdiyi kurs nəinki böyük hərflərlə qeyd ediləcək İSLAHAT-dır, hətta islahata inqilabi yanaşma nümunəsidir. Yəni görülən bütün işlər bizi qələbəyə, parlaq işıqlı gələcəyə aparır. Çünki Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB