Şahin İsmayılov: “Gənclər proqramına dair hazırlanan ilkin təkliflər paketi mayın 25-də aidiyyatı quruma təhvil veriləcək”
"Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıtda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova ilə görüş keçirilib. İctimai Birliyin rəhbəri Ramil Zeynallının SİA-ya verdiyi xəbərə görə, "Azərbaycan Gəncliyi 2011-2015" Dövlət Proqramının hazırlanması ilə bağlı yaradılan işçi qrupun üzvləri ilə görüşdə Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, aparıcı və fəallığı ilə seçilən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açan R.Zeynallı əsas məqsədlərinin vətəndaş cəmiyyəti quruculuğunda icmaların fəallığının artırılmasına, gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirakına yardım göstərməkdən ibarət olduğunu bildirib. R.Zeynallı bir sıra tədbirlər həyata keçirdiklərini iştirakçıların diqqətinə çatdırıb. O, gənclər proqramının hazırlanması ilə bağlı işçi qrupun yaradıldığını vurğulayıb.
ATGTİ-nin sədri Şahin İsmayılov işçi qrupun iş fəaliyyəti və mexanizmləri barədə tədbir iştirakçılarına məlumat verib. İndiyədək işçi qrupa 2000-ə yaxın təklifin daxil olduğunu bildirən Ş.İsmayılov bunların müxtəlif sahələri əhatə etdiyini deyib. Onun sözlərinə görə, artıq gənclər proqramının ilkin variantının cizgiləri hazırdır: "İlkin variantda əsasən 10 sahə əhatə olunub ki, burada da konkret maddələr yer alıb. İşçi qrupun üzvü mayın 25-də hazırlanan ilkin təkliflər paketinin aidiyyatı quruma təhvil veriləcəyini də qeyd edib. İyunun 6-da isə proqram artıq təsdiqlənməlidir".
AGAT-ın sədri Gülsel Səfərova isə çıxışında işçi qrupun artıq 2 görüşünün keçirildiyini bildirib. Proqramda çoxsaylı sahələrin əhatə olunduğunu deyən işçi qrupun üzvü təkliflər paketində Gənclər Mərkəzinin, vahid tələbə kartının yaradılması, pullu təhsil alan tələbələrə təqaüdlərin verilməsi, xarici səfərlərlə bağlı səfər xərclərində güzəştlərin tətbiq edilməsi, informasiya təhlükəsizliyi və digər məsələlərin də əks olunduğunu gənclərin nəzərinə çatdırıb.
Daha sonra gənclər işçi qrupun üzvlərinə suallar ünvanlayıblar, təkliflər səsləndiriblər. Sumqayıtlı gənclər gənc sahibkarlara xüsusi güzəştlərin tətbiqi, Tikinti Əmanət Banklarının formalaşdırılması, Karyera Mərkəzlərinin yaradılması, Sumqayıtda Gənclər Evinin yaradılması, peşə məktəblərinin əsaslı bərpası, gənc ailələrə psixoloji dəstəyin verilməsi, yeni iş yerlərinin açılması kimi təkliflər irəli sürüblər. Tədbirin sonunda çıxış edən Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov Sumqayıtda gənclərlin üzləşdiyi problemlərlə bağlı qonaqlara məlumat verib. Sumqayıt gənclərinin uğurlarından danışan idarə rəisi gənclər proqramına salınması ilə bağlı bir sıra təkliflər səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB