İctimai məsuliyyət hissinin azalması virusa yoluxma dinamikasını artırıb - ŞƏRH ÖZƏL

"Bu gün ölkəmiz iki cəbhədə müharibə aparır. Ön cəbhədə müzəffər ordumuz Ali Baş Komandanın bütün tapşırıqlarını layiqincə icra edir. Hər gün yeni yaşayış məntəqələrimiz işğaldan azad olunur, yüzlərlə erməni döyüş texnikaları ilə birlikdə məhv edilir və tarixi qəlbəmizə hər ötən gün daha çox yaxınlaşırıq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamiv deyib.

Deputatın sözlərinə görə, Erməni işğalçılarına qarşı müharibədə döyüş meydanında olan düşmənimizi görürük: "Düşmənə qarşı yeni taktikalar və müasir silahlardan istifadə etməklə Azərbaycan əsgəri müasir tariximizin şanlı səhifəsini yazır. Amma arxa cəbhədə insanlarımız gözə görünməz düşmənə, COVİD-19 –a qarşı müharibə aparırıq. Biz ön cəbhədə qəhrəman əsgərlərimiz tərəfindən 30 illik torpaq həsrətimizə son qoyduğunu görüb COVİD-i yaddan çıxarmamalıyıq. Biz heç də unutmamalıyıq ki, düşmənlə səngərdə üz-üzə dayanırıqsa, gözə görünməz koronavirusla biz hər yerdə qarşılaşırıq. Koronavirusa yoluxmalarındakı son günlərin dinamikası onu deməyimizə imkan verir ki, insanlarımızda bir az ictimai məsuliyyət hissi azalmışdır. Təbii ki, bunu da hər gün bu xəstəliyə yoluxanların sayının min nəfərin üstündə olması və dünyasını dəyişənlərin sayının artmasında görürük. Dövlətimiz vətəndaşlarının sağlamlığı üçün əlindən gələni edir. Biz isə sadə tələblərə riayət etməyərək yoluxanların sayını artırmaqla dövlət büdcəsindən əlavə vəsaitlərin koronavirusdan müalicəyə yönəltməsinə yol açmış oluruq".

A.Badamov vurğulayıb ki, dövlətimiz üçün birinci növbədə insanların sağlamlığıdır və ona görə yenidən sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilir, xəstəlik simptomu müşahidə olunanları dərhal xəstəxanalara yerləşdirilir, müalicəsi təşkil olunur: "İkincisi isə bu milyonlarla vəsait deməkdir və bu gün bizim səhlənkarlığımızla koronavirusla mübarizəyə xərclənən vəsaitlərə ÜST-in tələblərinə riayət etməklə qənaet edə bilərik. Təbii ki, bu gün ordumuzun uğurla vuruşmasına maliyyəyə ehtiyacı var. Düzdür, dövlətimiz bütün lazım olan vəsaitləri dövlət büdcəsindən təmin edir. Amma biz də özümüzü koronavirusdan qorumaqla ölkədə yoluxmalarının sayını azaldaraq müharibədə qələbəyə töhfə vermiş oluruq. Ona görə də mən hamını bir daha tibbi maskanı taxmağa, sosial məsafəni gözləməyə və şəxsi gigiyenik qaydalara riayət etməyə çağırıram. Təbii ki, biz birlikdə güclüyük. Biz güclü olanda cəbhədə düşmənə qısa bir zamanda qalib gələ bilərik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə