"Biz Qubadlı sakinləri bu günün gələcəyinə inanırdıq" Allahverdi Haxverdiyev

“Ən yeni tarixinin şərəfli, qələbə dolu günlərini yaşayan xalqımız 30 ilə yaxındır ki, ədalətin bərpasını, doğma ata-baba yurdlarına qayıdacağı günləri gözləyirdi. Bu gün artıq yetişib. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi, qətiyyəti, iradəsi, uzaqgörən siyasəti və milli liderlik bacarığı öz nəticəsini verir. Artıq işğal altında olan bir sıra şəhərlər, o cümlədən Qubadlı şəhəri erməni işğalından azad edilib. Hər bir Qubadlı sakini bu qələbənin memarı cənab Prezidentimizə dərin minnətdarlıq edir. Biz Qubadlı sakinləri bütün varlığımızla bu qələbə gününün gələcəyinə inanırdıq və əmin idik ki, Prezident İlham Əliyevin apardığı siyasi kurs bizləri öz yurdumuza, torpağımıza qovuşduracaq”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev deyib.

A.Haxverdiyev Azərbaycanın işğal altında olan bütün torpaqlarının azadlığa qovuşmasının hər bir vətəndaşımızın arzusu, istəyi olduğunu bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan xalqı birmənalı şəkildə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda bir yumruq kimi birləşib. “Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün ölkəmizdə ən böyük sərvət Azərbaycan xalqının və ordusunun monolit birliyidir. Bu birlik əbədi və sarsılmazdır. Bu həmrəylik bir daha sübut edir ki, Azərbaycan gəncliyini birləşdirən ən müqəddəs dəyər bizim Vətənimizdir. Bu gün Azərbaycan Ordusu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini uğurla yerinə yetirir və əzəli Vətən torpaqlarımızı düşməndən xilas edir. Azərbaycan Ordusu sarsılmazdır. Biz Ordumuza inanırıq, güvənirik və torpaqlarımızın hər bir qarışı bizim üçün müqəddəsdir”, - deyə YAP Qubadlı rayon təşkilatının sədri əlavə edib. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə