Zəfər tariximiz işğal gününü əvəzləyir ŞƏRH

Müharibənin od-alovu hər bir insanda vahimə yaradır. Müharibə böyük itki, təlafatdır. Dünyanın hansısa bir ölkəsinin odlu-alovlu olmasını kimsə istəməz. Çünki Tanrının yaratdığı bütün varlıqlar sülh, əmin-amanlıq içində yaşamaq, səmasının aydın, torpağının rahat nəfəsini duymaq istər. Amma əfsuslar olsun ki, bu gün qan tökülmüş, şəhid qanına suvarılmış torpağa ayaq qoyuruq. Azərbaycan müharibənin ağrı-acısını zaman-zaman yaşamış, bu gün də yaşayır. Şəhid qanının nə olduğunu hər birimiz yaxşı bilirik. Bu müqəddəs məfhum qarşısında məsuliyyətliyik. Vətəni qorumaq məsuliyyəti qanımızda, canımızdadır. Vətən çağırır, deyəndə igid oğul və qızlarımız müharibənin, od-alovun içinə atılırlar. Bu gün Vətən müharibəsində də bunu bir daha görürük. Azərbaycan Bayrağını işğal altında olan torpaqlarımızda dalğalandırmaqdan şərəfli nə ola bilər ki? Çünki bayraq qürurumuz, iftixar hissimizdir. Bütün zirvələrdən, yüksəkliklərdən uca olan dövlət bayrağımız hər bir insanın vətəndaşlıq qürurudur.

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, "Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir". Dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağı siyasi-ideoloji və mənəvi baxımdan əhəmiyyətlidir. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. "Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir", - deyən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Azərbaycanın hər bir yerində dalğalanan Dövlət Bayrağının Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra işğal altında olan torpaqlarda qaldırılacağına əminliyini bildirmişdi: "Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq". Artıq o zaman yetişib. Azərbaycan bayrağı işğaldan azad olunan torpaqlarımıza sancılır. Oktyabrın 29-u Zəngilanın işğal günüdür. Bu gün biz Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 27 il ötür, deyə yazacaqdıq. Amma bu gün işğal tarixindən deyil, Zəngilan şəhərinə sancılan Azərbaycan bayrağının dalğalanmasından yazırıq. Uğur və qələbəmizdən yazırıq. 1993-cü ildə işğal edilən Zəngilan şəhəri və rayonun bir neçə kəndi erməni işğalından azad edildi. Yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub. Qubadlı və Cəbrayılın işğalı nəticəsində, mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks-təqdirdə, ikinci bir Xocalı Soyqırımının baş verməsi qaçılmaz olacaqdı.

"BİZ DÜŞMƏNİ TORPAQLARIMIZDAN QOVACAĞIQ, SONA QƏDƏR QOVACAĞIQ. QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!"

Vurğulamaq yerinə düşər ki, Zəngilan inzibati rayon kimi, 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistanla həmsərhəddir. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bugünədək rayonun 44 sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 min nəfərdən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğal olunmazdan əvvəl, bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki-peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edirdi ki, biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, öz ərazilərimizi işğalçılardan təmizləyəcəyik və orada yeni həyat yaradacağıq. Dövlət başçısının göstərdiyi qətiyyətli mövqe, gündən-günə hərtərəfli formalaşan qüdrətli Azərbaycan Ordusu və xalqımızın mübariz ruhu işğal olunmuş torpaqlarımızı erməni işğalından azad edir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz torpaqlarını qarış-qarış işğaldan azad edir və yaxın zamanda işğaldan azad olunacaq torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaq. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi "Biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə