Yeni qələbələr, azad olunan kəndlər - Xalq böyük qələbəyə köklənib

Yeni qələbələr, azad olunan kəndlər - Xalq böyük qələbəyə köklənib

Pərvanə Hacıyeva,
YAP Xəzər rayon təşkilatının Qadınlar Şurasının sədri

Azərbaycan xalq olaraq artıq böyük zəfərə köklənib. Ordumuzun bir ay ərzində düşmən tapdağı altında olan yurd yerlərimizin önəmli hissəsini azad etməsi, cənab Prezident İlham Əliyevin söylədiyi kimi, “ermənilərin qarşımızda diz çökməsi”, ağır məğlubiyyətlər silsiləsi bizim böyük qələbəyə ümidlərimizi artırır. Cəbhədəki qələbələr, ordumuzun göstərdiyi şücaət, nümayiş etdirdiyi güc diplomatik arenada da Azərbaycanı şərtləri diqtə edən tərəfə çevirib.

Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun

Prezidenti İlham Əliyev oktyabrın 26-da Azərbaycan xalqına müraciətində dünya ictimaiyyətinə, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinə, Azərbaycana təsir və təzyiq göstərmək istəyən bəzi dövlətlərə də bir sıra mühüm ismarışlar göndərib: “Bu gün bütün imkanları bizə qarşı səfərbər ediblər. Mən bir ay buna dözürdüm, bir ay! Demirdim bunları. Boğaza yığılmışıq. Bu, bir. İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz”
Dövlətimizin başçısı Ermənistanın havadarlarına səslənərək deyib: “Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun. Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik”.
Müraciətinin sonunda cənab Prezident son günlərdəki ənənəsinə sadiq qalaraq 25 oktyabr tarixində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.
Belə ki, dünən Şanlı Ordumuz tərəfindən Zəngilan, Cəbrayıl və Qubadlının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad edilib.

Yurd həsrəti isə yavaş-yavaş sona çatır

Cəmiyyət böyük qələbə müjdəsini, digər rayonlarımızın işğaldan azad olunması xəbərini səbirsizliklə gözləyir. Sözsüz ki, bu, başadüşüləndir. Silahlı qüvvələrimiz az itki vermək üçün hərbi əməliyyatlarımızı dəqiq, düşünülmüş və məsuliyyətli aparır. Ordumuzun qarşısıalınmaz hərəkəti davam edir. 30 ilə yaxın gözlədiyimiz yurd həsrəti isə yavaş-yavaş sona çatır. Sözsüz ki, azad olan torpaqlar hamısı bizimdir, hər biri doğmadır. Amma, əslən Qubadlıdan olan biri kimi Qubadlı şəhərinin və bir neçə kəndinin işğaldan azad olması məni və ailəmi xüsusi sevindirib.
Mənim atam Əsədov Zakir Mikayıl oğlu Qubadlı rayonunun Çardaxlı kəndində anadan olub. Qubadlının tanınmış ziyalılarından, qabaqcıl kimyaçı, Texnika Elmlər Namizədi olub. Uzun müddət Sumqayıt Dövlət Xlor Sənaye Layihə İnstitutuna rəhbərlik edib. Bacım Təranə Rəcəbli “Əməkdar həkim” kimi insanların sağlamlığının keşiyində durur. Atam dünyasını dəyişsə də, illərdir narahat və nigaran ruhu artıq sakitlik tapıb. O yurdda yaxınlarının qəbirləri olan adamlar üçün o torpaqların qurtuluşu özəl bir hiss, xüsusi bir sevincdir. İllərdir ürəklərində vətən dərdi, xiffəti çəkən insanlar üçün bu eyni zamanda bir təskinlikdir. Bu gün Qubadlı torpağında uyuyan dədə-babalarımızın ruhları sevinmir, eyni zamanda bu yurd, ocaq uğrunda həyatını qurban verən şəhidlərimizin - Əliyar Əliyevin, Milli Qəhrəman Şükür Həmidovun da ruhu sevinir. Neçə-neçə Qubadlı sakini yurd həsrəti ilə haqq dünyasına qovuşublar. Biz isə xoşbəxtik ki, o yerləri yenidən görəcəyik. Yurd nisgili çəkən minlərlə insanı sevindirən, illərdir bizə xəyal kimi gələn arzularımızı gerçəkləşdirən Azərbaycan Ordusuna, Ali Baş Komandana sonsuz təşəkkürlər.

Qubadlının iqtisadi potensialı hər zaman yüksək qiymətləndirilib

Zəngin flora və faunası ilə seçilən Qubadlının iqtisadi potensialı hər zaman yüksək qiymətləndirilib. Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Qubadlı mineral resurslar, faydalı qazıntılarla birgə turizm potensialını da özündə cəmləşdirir. Rayon ərazisindən Bərgüşad, Həkəri çayları və onların qolları axır.
Kəlbəcər və Zəngilan rayonu kimi Qubadlı da bu zonada təbii yataqları ilə fərqlənir. Rayonda mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı və şirin yeraltı su ehtiyatları mövcuddur. Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibində yer alan Qubadlı təbii ehtiyatlar cəhətdən Cəbrayıl və Zəngilanla bir çox ortaq xüsusiyyətlərə malikdir. Hər üç rayonda yerləşən mişar daşı yatağı ölkəmizin tikinti sektorunda tələbin qarşılanmasında birbaşa rol oynayacaq.
Sovet dönəmində Qubadlı iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Rayonda ildə 15 min tona qədər taхıl məhsulları, ildə 12 min tona yaхın yem, orta hesabla 2 min ton tütün, 1,2 min tonadək ət və 2 min ton süd məhsulları istehsal olunurdu. Dövlətə ildə orta hesabla 3 min ton üzüm satılırdı. İstehsal sahələrindən biri də baramaçılıq idi. İldə 60-70 ton barama istehsal edilib dövlətə təhvil verilirdi. 60-cı illərədək rayon çəltikçiliklə də məşğul olmuşdur. Qubadlı düyüsü o dövrdə respublikada məşhur idi. İnanırıq ki, Qubadlı əvvəlki xoşbəxt günlərinə yenidən qayıdacaq. Cənab Prezidentin söylədiyi kimi: “Biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq”.

Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz

Cənab prezidentin xalqa son müraciətindəki bəzi məqamları xatırlayaq: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!”
Böyük yaradan qəhrəman xalqımızı, ədalət və torpaqlarımızın bütövlüyü uğurunda savaşan müzəffər ordumuzu, Ali Baş Komandanımızı qorusun, bizə tezliklə böyük qələbə nəsib etsin.
Cəbhədəki uğurlarımızla birinci Qarabağ savaşından bu yana verdiyimiz bütün şəhidlərimizin və günahsız qurbanlarımızın qisası alınır, işğalda olan torpaqlarımızın hər bir qarışı alındıqca şəhidlərimizin ruhları şad olur.
Azərbaycan əsgərinə eşq olsun! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bütün xəbərlər Facebook səhifəmizdə