Rusiya bundan sonra Türkiyə ilə strateji əməkdaşlıq edəcək - ANALİZ

İlkin Əliyev,

Gənc Politoloqlar Mərkəzinin sədri

(III məqalə)

27 sentyabr 2020-ci il tarixindən - Vətən Müharibəsi başlayan ilk gündən döyüşən tərəfləri: Azərbaycan və erməni xalqlarıını, dünya siyasətçilərini, politoloqlarını, jurnalistlərini, bir sözlə hamını düşündürən əsas suallardan biri də bu idi ki, Rusiya bu savaşa necə yanaşacaq və hansı mövqeni tutacaq.

Biz müharibənin ilk günündən başlayaraq hal-hazırkı vaxta qədər Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış münasibətin şahidi oluruq.

Rusiya ilk günlər bu hadisələri susqunluq, səbr və təmkinlə qarşıladı. Rusiya prezidenti V.Putin Gırğızıstanda baş verən siyasi böhranla bağlı “Rusiya qonşuların daxili işinə qarışmır”,- deməklə Ermənistana da açıqca mesaj göndərmişdi ki, başına çarə qılsın. Bu, əslində Ermənistana siqnal idi ki, indiyəqədər yeritdiyin avanturist siyasətin cavabını sən də alacaqsan.

Ermənistanın ən çox dəstək gözlədiyi təşkilat isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) idi. KTMT hərbi əməliyyatlarla bağlı 28.09.2020-ci ildə açıqlama yaydı. Qurumun baş katibi Aleksandr Zasın adından yayılan açıqlamada təşkilatın Dağlıq Qarabağda vəziyyətin eskalasiyası ilə bağlı ciddi narahatlıq keçirdiyi ifadə olundu. “Mövcud vəziyyət 1994-cü ildə atəşkəs haqqında sazişin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması çərçivəsində güc tətbiq edilməməsi ilə bağlı qarşılıqlı öhdəliklərin icrasına yardım etmir. Dərhal atəşkəs rejimini bərpa etmək və ATƏT-in Minsk qrupunun apardığı danışıqlar prosesinə qayıtmaq lazımdır. Dağlıq Qarabağda münaqişənin həlli yalnız siyasi-diplomatik metodlarla mümkündür. Kollektiv Təhlükəsizlik Şurası, KTMT-nin Xarici İşlər nazirləri Şurası öz bəyanatlarında dəfələrlə tərəfləri münaqişə vəziyyətlərini istisnasız olaraq sülh yolu ilə nizamlamağa nail olmağa, gərginliyi artırmağın qarşısını almaq məqsədi ilə təxribatçı fəaliyyətlərdən çəkinməyə çağırıb”, - deyə KTMT baş katibi vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin 2020-ci il oktyabrın 7-də, hərbi əməliyyatlar başlayandan 10-gün sonra sükutu pozmuş və “Rossiya-1” telekanalıına müsahibəsində belə bir bəyanat vermişdir: ”Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır”. (Bax:https://azertag.az/xeber/Rusiya_Prezidenti_Doyus_emeliyyatlari_Ermenistan_erazisinde_aparilmir_VIDEO-1606537).

Jurnalistin verdiyi “Rusiya Prezidenti Dağlıq Qarabağ ətrafındakı son hadisələri necə dəyərləndirir” sualının cavabında o deyib: “Bu, faciədir, biz çox narahatıq. Azərbaycan da, Ermənistan da, Dağlıq Qarabağ da – bütün bu ərazilərdə yaşayan insanlar bizə yad deyillər. Bunu demək kifayətdir ki, bizim hesablamalara görə, bizdə - Rusiyada, təqribən 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Rusiyanın çoxsaylı vətəndaşları hər iki respublika ilə sıx dostluq və hətta qohumluq əlaqələri saxlayır. Əlbəttə, bu, böyük faciədir. İnsanlar həlak olur, hər iki tərəf böyük itkilər verir. Biz ümid edirik ki, ən yaxın zamanda bu münaqişə dayandırılacaq. Lakin əgər münaqişə tamamilə başa çatmasa, – hər şeydən görünür ki, bu, hələ tezliklə olmayacaq, – hər halda biz atəşkəsə çağırırıq, bunu bir daha demək istəyirəm, çağırırıq. Özü də bunu mümkün qədər tezliklə etmək lazımdır”.

Rusiya lideri xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və bu müqavilə çərçivəsində Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Prezident Vladimir Putin deyib: “Lakin biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir, bu əməliyyatlar Ermənistan ərazisində aparılmır”.

Rusiya prezidenti Ermənistan qarşısında Rusiyanın heç bir öhdəlik daşımadığını da dilə gətirərək belə deyib: ”Rusiyanın bu müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirməsinə gəldikdə isə, biz öz öhdəliklərimizi həmişə yerinə yetirmişik, yetiririk və yetirəcəyik. Bildiyiniz kimi, mən Ermənistanın baş naziri ilə daim canlı əlaqə saxlayıram, Rusiyanın öz müttəfiqlik öhdəliklərini nə dərəcədə yerinə yetirməsi ilə əlaqədar Ermənistan rəhbərliyinin heç bir sualı yoxdur”.

V.Putin: “Məlumdur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, bu müqavilə çərçivəsində bizim Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Lakin biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir, bu əməliyyatlar Ermənistan ərazisində aparılmır”.

Rusiya prezidentinin bu fikri artıq Ermənistan üçün bir mesaj idi ki, bizdən umduğunuz köməkliyi ala bilməyəcəksiniz. Buradan həm də belə çıxır ki, Azərbaycan tərəfi də təmkinli olmalı, Dağlıq Qarabağdan kənarda Ermənistan ərazilərinə atəş açmamalıdır.

Rusiya prezidentinin “Rossiya-1” telekanalına müsahibəsində bir məqam da diqqəti çəkir. V.Putin bildirib: “Biz ümid edirik ki, ən yaxın zamanda bu münaqişə dayandırılacaq. Lakin əgər münaqişə tamamilə başa çatmasa, – hər şeydən görünür ki, bu, hələ tezliklə olmayacaq, – hər halda biz atəşkəsə çağırırıq”.- bunu bir daha demək istəyirəm, çağırırıq”. (Bax:https://azertag.az/xeber/Rusiya_Prezidenti_Doyus_emeliyyatlari_Ermenistan_erazisinde_aparilmir_VIDEO-1606537).

Göründüyü kimi, Rusiya prezidenti münaqişənin tezliklə həll olunmayacağının və başa çatmayacağının da anonsunu verib. Rusiya lideri xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu müqavilə çərçivəsində Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Prezident Vladimir Putin deyib: “Lakin biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir, bu əməliyyatlar Ermənistan ərazisində aparılmır. Rusiyanın bu müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirməsinə gəldikdə isə, biz öz öhdəliklərimizi həmişə yerinə yetirmişik, yetiririk və yetirəcəyik. Bildiyiniz kimi, mən Ermənistanın baş naziri ilə daim canlı əlaqə saxlayıram, Rusiyanın öz müttəfiqlik öhdəliklərini nə dərəcədə yerinə yetirməsi ilə əlaqədar Ermənistan rəhbərliyinin heç bir sualı yoxdur”.

Rusiya Prezidentinin bu fikirlərindən isə belə nəticəyə gəlmək olar ki, rəsmi Rusiya müharibənin hələ çox davam edəcəyini zənn edir və gələcəkdə əlverişli məqamda siyasi tənzimləmə prosesinə qoşulmaqla prosesi nəzarətə götürmək istəyir.

Bir qədər sonra Rusiya Prezidenti V.Putin Qarabağ münaqişəsi barədə "İrəli Rusiya" Forumunda çıxışı zamanı deyib: "Hər iki tərəfin öz həqiqətləri var. Asan həll yoxdur, düyün çöx dolaşıqdır". V.Putinin fikrincə, tərəflərin maraqlar balansı bərabərləşsə, münaqişəni həll etmək mümkün olacaq. Putin münaqişənin baş verməsində Sovet İttifaqının o zamankı rəhbərlliyini günahlandırıb və onların insanların təhlükəsizliyinin təmin edilməsi üçün heç bir həqiqi tədbir görmədiyini qeyd edib.

Rusiya prezidenti V.Putinin “Rossiya-1” kanalına verdiyi müsahibədə dediyi “Müharibə Ermənistan ərazisində aparılmır” fikrinin açıqlamasını KTMT-nin baş katibi Aleksandr Zas izah edib: ” KTMN-nin Nizamnaməsi təşkilata daxil olan ölkələrin suverenliyinə və bütövlüyünə təhlükə olan zaman münaqişəyə müdaxilə etməyi mümkün hesab edir. Bu cür hallar bizim normativ sənədlərdə dəqiq yazılıb. İki halda- birincisi, təşkilata üzv olan ölkələrin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə real təhlükə yaranan halda, həmin ölkə quruma müraciət etməkdə haqlıdır. İkinci hal isə təcavüz və hərbi hücumdur. Belə olan halda bu, bütün üzv ölkələrə qarşı təcavüz kimi qiymətləndirilir. Bu zaman sorğu əsasında bizim ölkələr təcavüz obyektinə dərhal hərbi yardım daxil olmaqla bütün yardımı göstərir”.

Rusiya Prezidenti V.Putindən sonra KTMT baş katibinin bu cür açıqlaması işğalçı Ermənistanın əlinin bu təşkilatın da ətəyindən üzüldüyünü göstərir.

Bir daha aydın olur ki, nə Rusiya Prezidenti Vladimir Putinin, nə də KTMT rəhbərliyinin münaqişəyə qoşulmaq niyyəti yoxdur. Belə bir niyyətin olmadığını bilən Ermənistan qəsddən davamlı olaraq Azərbaycan ərazilərini, ətraf rayonların, böyük şəhərlərin dinc əhalisini, mülki obyektləri atəşə məruz qoyur ki, Azərbaycan rəhbərliyinin səbri tükənsin və Ermənistan ərazisinə hücum və atəş açsın. Bu halda, KTMT-nin müdaxiləsinə əsas yarana biləcəkdi. Yaxşı ki, Azərbaycan rəhbərliyi provakasiyaya getmədi və birbaşa Ermənistan ərazisinə cavab zərbələri endirmədi. Lakin Rusiya rəhbərliyinin rəsmi mövqeyinə məhəl qoymayaraq həmin ölkənin bir çox informasiya agentlikləri, telekanalları, tanınmış siyasətçiləri vasitəsi ilə Azərbaycan əleyhinə yalan və iftiralarla dolu əks-təbliğat işi aparılır. Rusiyada bəzi siyasətçilərin atəşkəsi qeyd-şərtsiz şəkildə bərpa etmək çağırışları Ermənistanı düşdüyü ağır vəziyyətdən xilas etməyə hesablanıb. Lakin yaxşı olardı ki, həmin aparıcılar, siasətçilər və şərhçilər Ermənistana müraciət edib mümkün qədər tez bir zamanda işğal etdiyi torpaqları boşaltmağı tövsiyə edəydilər.

2020-ci il oktyabrın 22-də Rusiya Prezidenti “Valday” Diskusiya klubunun xvıı videokonfransında isə bu münaqişənin həllinə dair Rusiyanın rəsmi mövqeyini ortaya qoyan ciddi fikirlər səsləndirdi. Rusiyanın Qarabağ planı nədir?
– Putinin çıxışındakı əsas mesajlar nə idi?

Həmin konfransda Rusiya Federasiyasının prezidenti Vladimir Putin 2020-ci il sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayan gündən bəri ilk dəfə proseslər barədə konseptual çıxış etdi.

Birincisi, V.Putinin çıxışı Cənubi Qafqazda güc nisbətinin dəyişdiyini, Rusiyanın da yeni geosiyasi reallıqlar müstəvisində kənar oyunçu statusu ilə əsla kifayətlənməyərək Azərbaycanla Ermənistana təsir imkanlarını əldən verməməyə çalışacağını göstərdi.

İkincisi, "Valday" Diskussiya Klubunun toplantısında V.Putin bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın fəal iştirakına bel bağlayır.

ABŞ-ın bu münaqişənin həllinə cəlb olunmasının zəruriliyini qeyd edən Rusiya Prezidenti deyib: "Azərbaycan və Ermənistanın xarici işlər nazirləri növbəti dəfə yanımıza, Moskvaya gəldilər. Oktyabr ayının 23-də onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmahəng davranacaqlar, nizamlanmaya yardım edəcəklər. Yaxşıya ümid edək".

RF prezidenti vurğulayıb ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın üzərinə məsuliyyət düşür, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə can atırlar, lakin Rusiya kimi heç kim bunda maraqlı deyil.

Münaqişənin baş vermə səbəblərinə və tarixinə toxunarkən Rusiya prezidenti ziddiyyətli fikirlər səsləndirərək bildirib: "Bu münaqişə, sadəcə, bir dövlətlərarası münaqişə və ya ərazilər uğrunda mübarizə kimi yox, etnik zəmində qarşıdurma ilə başladı. Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirildiyi şərait əbədi davam edə bilməzdi". (Bax: https://azertag.az/xeber/Rusiya_Prezidenti_Valday_platformasinda_Qarabag_munaqisesinin_helli_ile_bagli_neleri_deyib-1622767).

Münaqişənin həlli ilə bağlı Rusiya prezidenti ilk dəfə olaraq Rusiyanın neytral mövqe tutduğunu dilə gətirib və deyib: "Elə mövqe tutmuşuq ki, həm Azərbaycanın, həm Ermənistanın etimadından yararlana bilək”.Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya qədər kimsə maraqlı deyil. Bizdə olan məlumatlara görə, indiki gərginləşmənin başlanmasından bəri hər iki tərəfdən təqribən 5 min nəfər həlak olub.Bizim üçün Ermənistan da, Azərbaycan da bərabər tərəfdaşlardır, hər ikisi ilə tammənalı münasibətlər qurmaq istəyirik”.

Rusiya prezidenti qeyd edib ki, münaqişə başlanan andan yalnız Ermənistan yox, Azərbaycanla da daim xüsusi əlaqələrimiz olub.

Bəzi ekspertlərə görə, Putinin Qarabağ münaqişəsi ilə bağlı dediklərini birbaşa Azərbaycana və ya Ermənistana dəstək qismində qəbul etmək olmaz. Məsələn, Elçin Alıoğlu öz analitik yazısında qeyd edir ki, Putin həmişəki kimi daha çox eyhamlarla danışıb və sözlərini ünvanlara çatdırıb. Lakin Kreml rəhbərinin dediklərindən konkret aydın olur ki, Azərbaycan Ordusunun Qarabağda apardığı döyüşlərə Rusiya heç bir halda aşkar müdaxilə etməyəcək. Ermənistana dəstək təbii ki, bundan sonra da olacaq. Məlumdur ki, Rusiya Azərbaycanın Ermənistanı fəlakətli şəkildə məğlub etməsini istəmir”. (Bax:Elçin Alıoğlu
Milli.Az, https://news.milli.az/politics/891629.html).

Nüfuzlu “Şərq” qəzeti isə V.Putininin bu açıqlamasının ”Qarabağ savaşına yaşıl işıq...”- başlıqlı məqalə ilə təhlilini verib. Qəzetin yazarı İsmayıl Qocayev ADP sədri Sərdar Cəlaloğludan müsahibə götürüb. Moskvanın müharibəyə yanaşmasını “Şərq”ə dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, Rusiya prezidenti Vladimir Putin regionda baş verən prosesləri çox aydın şəkildə görür və düzgün qiymətləndirir. Partiya rəhbərinin sözlərinə görə, müəyyən bir dövrdə Ermənistan Rusiya üçün Kremlin maraqlarını ifadə etmək üçün əlverişli alət hesab olunurdu:

ADP sədri Sərdar Cəlaloğlu “Rusiyanın Cənubi Qafqaz siyasəti 180 dərəcə dəyişir”,“Kreml tamamilə fərqli siyasi kurs götürüb”,"Artıq proseslər fərqli istiqamətdə cərəyan edir. Rusiyanın indiki maraqları türk və islam dünyası ilə daha sıx qarşılıqlı əməkdaşlığı tələb edir" və s. fikirləri bildirib.

Son günlər Dağlıq Qarabağdakı separatçılara və Qarabağdakı Ermənistan hərbi hissələrinə hava hədəfləri ilə mübarizə aparmaq üçün zenit-raket komplekslərinin “hədiyyə” olunduğu iddia edilir. Ancaq hərbi əməliyyatların qarabağlı ermənilər üçün fəlakətli nəticələrini görən Rusiya hələlik aktivləşmək niyyətində olmadığını açıq formada bəyan edir.

Putinin ardınca Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinin açıqlaması da ermənilərdə məyusluq yaradıb. Pankin bəyan edib ki, münaqişə Ermənistan ərazisinə keçmədiyi müddətcə Rusiyanın, eləcə də KTMT-nin hər hansı müdaxiləsindən söhbət gedə bilməz: “KTMT öz üzv dövlətlərinə müəyyən vəziyyətlərdə, açıq-aşkar aqressiya olarsa, kömək edir. Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxtda KTMT-nin köməyindən danışmaq düzgün deyil”.

“Artıq proseslər fərqli istiqamətdə cərəyan edir. Rusiyanın indiki maraqları türk və islam dünyası ilə daha sıx qarşılıqlı əməkdaşlığı tələb edir. Bu əlaqələrin formalaşmasında ən böyük maneə işğalçı Ermənistandır. Putinin “Azərbaycan əraziləri əbədi işğalda qala bilməz” ifadələri Rusiyanın Cənubi Qafqaz siyasətində 180 dərəcəlik dönüş deməkdir”-S.Cəlaloğlu qeyd edib.

Deməli, Kreml tamamilə fərqli siyasi kurs götürüb və məqsədlər yenilənib. Rusiya rəhbəri bütün dünyaya mesaj verdi ki, bundan sonra Türkiyə ilə strateji müttəfiqlik edəcək. Regiondakı bir çox problemin həllində Ankara ilə ortaq çalışacaq. Bu mövqe bizim üçün çox xoşagələn yanaşmadır. Ən əsası isə odur ki, artıq Rusiyadan dövlətimiz üçün ciddi təhdidlərin və təzyiqlərin şahidi olmayacağıq”.

S.Cəlaloğlunun fikrincə, bəzi adamlar Rusiyanın neytral qaldığını desələr də, bu, doğru yanaşma deyil: “Putinin açıqlamalarını dəqiq təhlil edəndə görürük ki, Moskva birmənalı mövqe ortaya qoyur. Putin bəyan edir ki, Rusiyanın maraqları Türkiyə ilə sıx əməkdaşlıqdan keçir. Düzdür, məsələni bütün detalları ilə açıqlamır. Amma dediklərindən çıxan ümumi nəticə budur ki, Kreml klassik qaydada agent Ermənistanla birlikdə olmayacaq və istiqamətini türk dünyasına çevirəcək. Artıq Rusiyanın strateji mövqeyi və nə fikirləşdiyi bizə bəlli oldu”.

Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, V.Putin hər iki ölkənin ondan inciməməsi üçün belə açıqlama verib. O deyib: “Rusiya lideri Azərbaycanla Ermənistan arasında balans yaradaraq hər iki ölkənin “könlünü almaq” istədi. Paralel olaraq, ölkələrə “dəyənək” də göstərdi. Azərbaycan torpaqlarının əhəmiyyətli hissələrinin itirilməsi vəziyyətinin davam edə bilməyəcəyini deməklə, əslində reallığı söylədi. Məgər 30 il qısa müddətdir ki?! 30 il bir insan ömrüdür. Ayrıca, bu gün vasitəçilik etmək istəyən ölkələr erməniləri müdafiə etdikləri üçün Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi bu qədər gecikib”.

Politoloq Natiq Miri bu vəziyyətdə Azərbaycanın yeridəcəyi siyasətə toxunaraq deyib: “Amma istənilən halda Bakı müstəqil və suveren xarici siyasət yürütməklə yanaşı, bölgədə strateji aktor rolunu oynayan İran və Rusiya ilə münasibətlərini gərginləşdirməməyə çalışacaq. Tam əksinə, həmin münasibətlər daha da inkişaf etdiriləcək”.

Sonda belə bir nəticəyə gəlmək olar ki, artıq Kreml Ermənistanı müttəfiqi qismində görmür”. Çünki İrəvandakı hakim rejim “Soros” fondundan tapşırıq alaraq regionda dağıdıcı, pozucu, aqressiv və işğalçı siyasət yürüdür. Ermənistanla sıx əlaqələrin Rusiya üçün yaxın perspektivdə heç bir uğuru yoxdur. Ölkəmiz Rusiya ilə münasibətlərə çox yüksək dəyər verir və əlaqələrin hərtərəfli, ən geniş miqyasda inkişafında maraqlıdır.

Cənubi Qafqazda siyasi, geosiyasi, hərbi, iqtisadi və s. baxımdan real lider mövqeyi Azərbaycana məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə