Ən çətin anların sınağından çıxan qardaşlıq birliyi - ŞƏRH

Prezident İlham Əliyev: “Bütün dünyaya göstərdik ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq

Azərbaycan-Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.

Sözsüz ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq. Qeyd edək ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Belə ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır". Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər.
Bu gün isə Ermənistanın təcavüzkar siyasətinə qarşı mübarizəsində Türkiyə qardaş dövlətin Azərbaycanla həm cəbhədə, həm də diplomatik səviyyədə mübarizədə yanında olması bu qardaşlığın daha möhkəm olduğunun göstəricisidir.

Prezident İlham Əliyev: “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu”

Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycanın ən çətin günüdə Türkiyə dövlətinin misilsiz dəstəyinin olduğunu deyərək bildirib ki, bu iş bitsin, ərazi bötgvlüyü bərpa edilsin qardaş dövlətimiz arasında yeni dövr başlayacaq: “Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”.

“Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu”,- deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, çoxları bunu anlamırlar: “Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”. Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti.

Rəcəb Tayyib Ərdoğan: “Ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında Azərbaycan torpaqlarına Ermənistanın təcavüzü barədə danışarkən bildirib ki, ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür: “İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur. Bu alçaq oyun pozulur. Qalıcı sülhün yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpaqlarından geri çəkilməsindən keçir”.
Türkiyə Prezidenti bir daha Azərbaycanın yanında olduqlarını vurğulayıb: "Bunu burada bir daha bildirmək istərdim. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq. TBMM olaraq Azərbaycanın yanında olduğumuz bir daha bildirildi. Ermənistan işğal etdiyi ərazilərdən çıxarılmalıdır».
Bəli, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Prezident İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərək qonağı salamlayıb və bildirib ki, indiki şəraitdə sizin Azərbaycanda olmağınızın xüsusi mənası var: “Bildiyiniz kimi, Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib, növbəti terror aktı törədib. Həm bizim mülki vətəndaşlara, həm də hərbçilərimizə qarşı hərbi cinayət törədib. Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar. Gəncəyə iki namərd hücum və Gəncə şəhərinin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir. Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq”.

“Bir daha bütün dünyaya göstərir ki, Ermənistan dünya üçün böyük təhlükədir”

Dövlət başçısı bildirib ki, bizim bütün cəbhəboyu şəhərlərimiz və kəndlərimiz hər gün atəşə tutulur: “Bu gün mənə verilən məlumata görə, səhər saat 6-dan 8-ə qədər təkcə Tərtər rayonuna 190 mərmi düşüb. Ağdam rayonuna 90-dan çox mərmi düşüb. Elə günlər var idi ki, Tərtər rayonuna 2 min mərmi düşüb. Yəni, onlar bizim şəhərlərimizi dağıtmaq istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq buna nail ola bilmirlər və daha da çox azğınlaşırlar. Biz intiqamımızı döyüş meydanında alırıq. Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq. Baxmayaraq ki, onlar bizim qədim tarixi şəhərimizi – Gəncəni atəşə tuturlar, biz nə Ermənistan şəhərlərini, nə də ki, Dağlıq Qarabağda yerləşən şəhərləri atəşə tutmuruq və tutmayacağıq. Bizim üstünlüyümüz, bax, bu mənəvi dəyərlər çərçivəsində də bir daha özünü büruzə verir və bir daha bütün dünyaya göstərir ki, Ermənistan dünya üçün böyük təhlükədir. Ermənistanda hökm sürən kriminal faşist rejimi bölgəmiz üçün ən böyük təhdiddir və Azərbaycan bu təhdidin aradan qaldırılması üçün əlindən gələni edir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün yeni şəhərləri, kəndləri işğalçılardan azad edirik. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını icra edir”.

“Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır. Bunun da çox böyük önəmi var”

Azərbaycan Prezidenti onu da bildirib ki, belə bir çətin anlarda Türkiyə həmişə Azərbaycanla bir olduğunun göstərib: “Sizin bu gün Azərbaycanda olmağınızın çox böyük mənası var. Bildiyiniz kimi, qardaş Türkiyə ilk saatlardan bizə öz dəstəyini göstərmişdir. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan, mənim əziz qardaşım ilk saatlardan bildirmişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Türkiyənin digər yüksək vəzifəli şəxsləri də buna oxşar bəyanatlar vermişlər. Türkiyə xalqı bizə öz dəstəyini göstərir. Türkiyə mətbuatında bu münaqişə geniş işıqlandırılır. Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır. Bunun da çox böyük önəmi var. Çünki əfsuslar olsun ki, bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur. Bu, böyük ədalətsizlikdir. Bu, saxtakarlıqdır. Bu, hadisələrin təhrifi deməkdir. Azərbaycanı işğalçı, yaxud da ki, təcavüzkar dövlət kimi təqdim etmək cəhdləri, əlbəttə, heç bir əsasa malik deyil. Ona görə, Türkiyə mətbuatının ilk günlərdən burada olması və döyüş bölgələrindən reportajların verilməsi dünyada da bu məsələ ilə bağlı düzgün məlumatın olmasına xidmət göstərir”.

“İşğaldan azad edilmiş şəhər və kəndlərimizin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik”

“Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik”,- deyən dövlət başçısı bildirib ki, o şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb: “Füzuli şəhərini tamamilə dağıdıblar. Bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət, bu mərasim də keçirildi. Bütün kəndlərimizdəki binalar dağıdılıb, məscidlərimiz dağıdılıb. Dünən internetdə Zəngilanın bir kəndində dağılmış məscidin görüntülərini bütün dünya gördü. O məsciddə donuzlar saxlayıblar. Bizim məscidlərimizi təhqir ediblər. Bizim bütün tarixi abidələrimizi dağıdıblar. Evlərdən demək olar ki, yalnız daşlar qalıb”.

“Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində xaricdən gələn dəstək hesabına onlar bizim torpaqlarımızı zəbt ediblər”,-deyən Azərbaycan Prezidenti bir daha bildirib ki, indiki şəraitdə də qardaş Türkiyə bizimlədir: “Buna baxmayaraq, biz bu çirkin rejimin belini qırırıq, qıracağıq. Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik!”

Şərəf Malkoç: “Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir - öz vətəninizdən işğalçıları qovmaq!”

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç bildirib ki, Azərbaycanın apardığı mübarizə haqq mübarimzəsidir: “Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir - öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır”.

Şərəf Malkoç, həmçinin deyib ki, Azərbaycan torpaqları 30 ildir işğal altındadır və haqlşı olaraq öz torpaqlarını işğaldan azad etməlidir: “Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı. Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir - öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz. Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir”.
Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə