Azərbaycanın haqq səsi dünya mətbuatında

Sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı hücum əməliyyatı tariximizə qələbələr yazır. Bu qürurlandırıcı xəbərlər xalqımızın həyatında mühüm hadisəyə çevrilib. İşğal altında olan torpaqlarımız düşməndən azad olunur. Təbii ki, uğurun-uğura calandığı bir zamanda Ermənistana bunu həzm etmək çətinləşir. Həmişə olduğu kimi təxribatlar törətmək, iftira xarakterli məlumatlar yaymaq işini davam etdirir. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan bu gün döyüş meydanında uduzduğunu aydın dərk edir.

Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş olur. Təbii ki, bu və ya digər amillər Azərbaycanı haqq savaşından çəkindirməyəcək və Azərbaycan Ordusu öz torpaqlarında müharibəsini davam etdirir.

Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması bu gün dünyanın bir çox ölkələrindən ölkəmizə ezam olunmuş KİV nümayəndələrinin də gözü qarşısında baş verir. Ölkəmizdə baş verən hadisələrə qarşı hər zaman diqqətli olan bir sıra dünya mətbuatı bu gün də bu olayları işıqlandırır və Azərbaycanın haqlı mövqeyi müdafiə olunur. Ermənistan tərəfindən həyata keçirilən terror aktları və müharibə cinayətləri dünyanın gözü qarşısında baş verir. Almaniyanın "TRT Deutsch" xəbər portalında "Azərbaycan: Ermənistan atəşkəsə əməl etmir" sərlövhəli məqaləsində bildirilir ki, Ermənistan Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşinə tutub, nəticədə çox sayda mülki şəxs həyatını itirib. Müəllif Azərbaycanın haqlı mövqeyinə də diqqət kəsərək Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olduğunu qeyd edib. Bildirilir ki, Sovet İttifaqının dağılmasından sonra Ermənistan həmin bölgəni işğal edib və öz qoşunlarını orada yerləşdirib. Münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymayan Ermənistan sentyabrın 27-də növbəti təcavüzə başlayıb.

DÜNYA BUNA SUSMAMALIDIR

Almaniyanın "Deutsche Welle" telekanalında isə "Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb" adı ilə reportaj yayımlanıb. Telekanalın müxbiri Yulia Hahn Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən hazırladığı reportajda oktyabrın 17-nə keçən gecə raket atəşi nəticəsində dağılan yaşayış massivinə baş çəkib. Alman jurnalist raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları arasında sakinlərlə söhbət edib. Jurnalist həmin qanlı gecədə həlak olmuş 13 sakinin xatirəsinə hazırlanan anım guşəsinə də baş çəkir. Geniş şəkildə hazırlanmış reportajda Azərbaycanın haqq səsi müdafiə olunur.

Erməni terrorçuların dinc əhaliyə qarşı törətdikləri cinayətləri sənədlərin dili ilə izləyicilərə çatdırılır. Bu kadrlara artıq söz lazım deyil. Ən dəhşətlisi gecə yatmış insanlara qarşı belə cinayətin törədilməsi zamanımızın qaniçənliyidir, bu insanlara yer üzünün lənətlənmişləridir. Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsini müəllifi olan bir "xalq"a hansı adı verək olar?! Dünya buna susmamalıdır. Bütün dünya mətbuatı erməni rəzilliyini göstərməlilirr. Tarixən kim olduqlarını dünyaya sübut edən ermənilər bu gün də eyni libasdadırlar. Dağlıq Qarabağdan onlarla kilometr uzaqda yerləşən Gəncə sakinlərinə qarşı bu amansızlıq bütün beynəlxalq qanunlara ziddir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik. O şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb. Füzuli şəhərini tamamilə dağıdıblar. Bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət, bu mərasim də keçirildi. Bütün kəndlərimizdəki binalar dağıdılıb, məscidlərimiz dağıdılıb".

Əlbəttə ki, cinayətkar cəzasını almalıdır. Reportaj müəllifinin Gəncə sakinləri ilə müsahibələri Azərbaycan xalqının əyilməz olduğunu, vətən sevgisini hər şeydən uca tumasının göstərir. Onlar qorxmurlar, Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşiblər. Sakinlər döyüşlərdə iştirak üçün könüllü yazıldıqlarını, düşməndən qorxmadıqlarını, Vətən üçün candan keçməyə hazır olduqlarını və tezliklə Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalanacağına inandıqlarını söyləyiblər.

Azərbaycan Ordusunun yeni kəndləri və şəhərləri işğaldan azad etməsi dünya mətbuatında
Ərəb aləmində geniş oxucu auditoriyasına malik "Ərəbi21" saytında "Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında 27 ildən sonra azan verilib" sərlövhəli məqalə də maraq doğurur. Məqalədə Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilmiş yaşayış məntəqələrində şanlı Azərbaycan əsgərinin dövlət bayrağımızı sancmasından sonra azan səsləndiyi qeyd olunub. Məqalədə qədim Xudafərin körpüsündə də Azərbaycan bayrağının dalğalandığı qeyd edilib.

Misirin "Gomhoriaonline", "Cairo24" və "Akhbarelyom" informasiya portalları da Zəngilan şəhərinin və ətraf kəndlərin işğaldan azad edilməsi barədə xəbərlər yayıblar. Böyük Britaniyanın "The Telegraph" qəzetində "Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir" sərlövhəli məqalə də Azərbaycan haqq səsini ucaldılır. Məqalədə Ermənistan ilə Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişənin tarixi, Azərbaycana qarşı ərazi iddiaları sürən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, Dağlıq Qarabağda və ona bitişik rayonlardakı azərbaycanlıların öz daimi yaşayış yerlərindən məhrum edilərək məcburi köçkünə çevrilməsi, eləcə də bu münaqişə ilə bağlı həqiqətlərin düzgün və dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlər öz əksini tapıb.

Bu və ya digər məqalə və reportajlar Azərbaycanın haqlı mövqeyini ifadə edir. Ermənistanın humanitar atəşkəsi pozması və rəşadətli Azərbaycan Ordusunun hər gün yeni kəndləri və şəhərləri işğaldan azad etməsi dünya mətbuatının əsas səhifələrində yer alır. Tezliklə Azərbaycanın qələbə xəbəri dünya mətbutının manjetinə çevrilər. O gün yaxındadır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə