Azərbaycan icmaları Gəncə terrorunun qurbanlarının anım mərasimlərini təşkil edirlər

ABŞ, İspaniya, Estoniya, Latviya, Litva, Çexiya, Yunanıstan, Rusiya və Özbəkistanın ayrı-ayrı şəhərlərində fəaliyyət göstərən Azərbaycan icmaları Gəncə terrorunda həlak olanların xatirəsini yad edir.

Barselona və Tallindəki Azərbaycan evlərinin, Bostondakı dövlət evinin, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Salonikidəki ofisinin, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, ölkəmizin Riqa, Vülnüs, Praqa və Afinadakı diplomatik nümayəndəliklərinin önündə, Tallindəki Dostluq Parkında, Xabarovsk şəhərindəki mərkəzi meydanda anım guşələri təşkil edilib.

Anım mərasimlərində soydaşlarımızla yanaşı, türk, gürcü, alban, eston, özbək və digər icmaların nümayəndələri də iştirak ediblər. Onlar işğalçı Ermənistan ordusu tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulmasına etiraz edərək, vandalizm aktlarının qurbanlarının şəkillərinin qarşısına Azərbaycan bayraqları, güllər və oyuncaqlar düzüb, şamlar yandırıblar.

Gəncədə həlak olan və yaralanan uşaqların şəkilləri monitorlarda ingilis, eston, yunan və özbək dillərində yazılmış "Ermənistanın təcavüzünə son qoyulsun"," Mən sülhəm, lakin onlar məni öldürdülər!", "Ermənistan uşaqları öldürür!", "Gəncə üçün dua et!", “Erməni işğalına son!”, “Dinc sakinlərin qətlə yetirilməsini pisləyirik!”, “Gəncədə uşaqların ölümünü qınayırıq!” və s. şüarlar ilə müşayiət olunub.

Xatırladaq ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan işğalçı Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə və şəhərə ciddi və külli miqdarda ziyan dəyib. Terror aktları nəticəsində 24 dinc sakin həlak olub və 90 nəfər ağır yaralanıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə