"Təkbaşına vuruşuruq, hər kəs bunu bilir" Prezident İlham Əliyev

Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir. Amma özlərinə sığışdıra bilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasının əsasdır. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa növbəti müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Haradadır bu “yenilməz Ermənistan ordusu?”. Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq. Otuz il bizi təhqir edirdi. Otuz il idi ki, işğal edilmiş torpaqlarda abidələrimizi dağıdırdı, tarixi-mədəni irsimizi silmək istəyirdi. Otuz il ərzində beynəlxalq aləm nə üçün sanksiya tətbiq etmədi təcavüzkar dövlətə qarşı? Mən dəfələrlə demişəm ki, sanksiyalar tətbiq edilməlidir. Bu ölkə, bu ölkənin rəhbərliyi öz xoşu ilə bu torpaqlardan çıxmaq istəmir. O, bizi aldadır, danışıqları imitasiya üçün aparır. Onlara inam yoxdur və mən haqlı çıxdım. İndi baxın orada qurulmuş istehkamlara. Belə istehkam quran ölkə, bu qədər oraya vəsait xərcləyən ölkə oradan çıxarmı? Çıxmaq istəsəydilər, bunu etməzdilər. Yəni, onların hər bir sözü yalandır. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur".

Bütün xəbərlər Facebook səhifəmizdə