Spirtli içki qadağan edildi

Serbiyada spirtli içkiyə qarşı qərar qəbul olunub. SİA-nın məlumatına görə, Serbiyanın paytaxtı Belqradda axşam saat 22:00-dan sonra spirtli içki satışı qadağan edilib.

Belqrad Şəhər Bələdiyyəsi spirt aludəçiliyinə qarşı mübarizə proqramı çərçivəsində axşam saatlarında bütün maqazinlərdə içki satışını dayandırmaq məqsədilə qərar qəbul edib. Qərara riayət olunub-olunmadığına bələdiyyə polislərinin nəzarət edəcəyi şəhərdə qadağanı pozan mağazaların cərimələnəcəyi bildirilib. Bütün bunlarla yanaşı, bələdiyyənin qərarına görə, dövlət iqamətgahlarına yaxın yerlərdə yerləşən bütün gecə klubları da axşam saat 12-də bağlanacaq.

Belqrad şəhər şurasının üzvü Jelyko Ojeqoviç alınan qərarların xalqın xeyrinə olduğunu vurğulayıb: \"Uzun müddətdir ki şəhərdə 17 yaşına çatmamış uşaqların spitli içki qəbul etməsini qadağan edən qərar tətbiq olunur. Bu qərarın faydası hamı tərəfindən görülür. Yeni verilən qərar da spirtli içki aludəçiliyinə qarşı mübarizə proqramının bir hissəsidir və dünəndən etibarən tətbiq edilməyə başlayıb. Bu istiqamətdə verilən bütün qərarlara ciddi şəkildə riayət olunmalıdır, çünki bu qərarlar yalnız xalqın sağlamlığını və rahatlığını təmin etmək üçün nəzərdə tutulub\".

Digər yanda isə spirtli içki aludəçisi olan bəzi serblər məsələni etiraz ediblər. Qərarı yetkinlik yaşına çatan gənclərin hüquqlarının pozulması olaraq qiymətləndirən gənclər küçələrə çıxaraq bələdiyyənin qərarına qarşı üsyan ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə