17 oktyabr Azərbaycan tarixində qələbə günü kimi qalacaq - ŞƏRH

Prezident İlham Əliyev: “Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq”

Bəli, hər gün, hər an Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyea xalqımıza qələbə sorağını verdikcə, Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgərləirmiz, həmçinin xalqımızla qürur duyuruq. Artıq Vətən Müharibəsinin 24-cü günüdür. İlk gündən bu günə kimi hər gün sevincli günləri bizə yaşadan Liderimiz öz xalqı, qüdrətli Ordusu və rəşadətli əsgərləri ilə fəxr etdiyini, qürrur duyduğunu deyir. Ancaq bütün bunlara Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyev cənablarının düşünülmüş uğurlu siyasəti ilə nail oluruq.

Bəli, Azərbayca dövltinin və xalqının tarixinə yazılan 17 oktyabr. Azərbaycanın Füzuli şəhəri işğaldan azad etdiyi gün. Dövlət başçısı xalqa müraciətində qeyd edib ki, Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir: “Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Dövlət başçısı deyib ki, 17 oktyabr Azərbaycan xalqının, füzulililərin, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq: “Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib”.

“Baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur, bugünkü atəş nəticəsində azyaşlı uşaqlar da həlak olub, mən bir daha demək istəyirəm ki, biz qisasımızı mülki vətəndaşlardan almamalıyıq. Biz döyüş meydanında qisasımızı alırıq, alacağıq, şəhidlərimizin, həlak olanların qanı yerdə qalmır və qalmayacaqdır”, -deyən Azərbaycan Prezidenti bir daha Ermənistanın faşist rəhbərinə sərt xəbərdarlığını edib: “Bir daha Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, qalan torpaqlardan öz xoşu ilə çıxsın. Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onların izi-tozu da o torpaqlarda qalmayacaq. Onsuz da onları biz sona qədər qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin!”

“Füzuli əməliyyatı və başqa əməliyyatlar hərbi kitablara daxil ediləcək”

“Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik»,- deyən dövlət başçısı vurğulayıb ki, bütün bu qələbələr Azərbaycan Ordusunun və rəşadətli əsgərlərimizin döyüş qabiliyyətinə və texniki təminata malik olduğunun göstəricisidir. Bundan əvvəl Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin, Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndlərinin işğaldan azad edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: «Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik. Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur”.

“30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi”,- deyən dövlət başçısı müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi: “Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”.

“Biz Füzuliyə qayıdacağıq, bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq”

Prezident İlham Əliyev müraciətəində onu da bildirib ki, o kəndlərə həyat qayıdacaq: “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtılə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilib”.

Dövlətimizin başçısı bildirib ki, biz öz şərəfli missiyamızı yerinə yetiririk: “Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir”. Dövlət başçısı müraciətində sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu qeyd edərək bildirib ki, kim onları silahlandırır?.

Prezident İlham Əliyev xalqa müraciətində son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və qənimət götürülmüş düşmən texnikası barədə bəzi məlumatları açıqlayıb: “234 ədəd tank məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, 49 ədəd piyadaların döyüş maşını məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu - 16 ədəd, müxtəlifçaplı toplar - 190 ədəd, “Uraqan” sistemi - 2 ədəd, TOS odsaçan -1 ədəd, əməliyyat taktiki raket kompleksi “Elbrus” - 2 ədəd, “Toçka-U” -1 ədəd, OSA zenit raket kompleksi - 35 ədəd, TOR zenit-raket kompleksi 3 ədəd, KUB və “Kruq” zenit raket kompleksi - 5 ədəd, radioelektron mübarizə sistemləri 9 ədəd, S-300 zenit raket kompleksi – 2 ədəd. Yük avtomobilləri - 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb”.

Dövlət başçısı bildirib ki, gətirilən rəqəmlər əyani şəkildə göstərir ki, biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik: “Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Bu, yəni sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır? Bizə bəzi hallarda qarşı iradlar irəli sürülür ki, biz silahlanırıq, biz silah alırıq və bu, elə bil ki, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur, bəs Ermənistan silahlananda? Bəs bu kasıb, yoxsul ölkədə bu qədər silah-texnika haradandır və bu gün də onlara qaçaq yollarla, qaçaqmalçılıq sxemləri əsasında silahlar, texnika göndərilir və çox təhlükəli və böyük dağıdıcı gücə malik olan texnikalardır. Ona görə bu suallara biz cavab istəyirik və əminəm ki, bu cavabı biz alacağıq”.

“Heç bir təhdid, heç bir hədə mənim iradəmə təsir edə bilməz”

“Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir”. Bunu Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün xalqa müraciətində bildirib.
Dövlət başçısının sözlərinə görə, artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün: “Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır! Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır”.

Azərbaycan Prezidenti müraciətdə bildirnib ki, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.: “Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə