Azərbaycanda karantin rejimi yenidən sərtləşdi - ŞƏRH

Prezident İlham Əliyev: “Karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır”

Məlum olduğu kimi, sentyabrın 27-də saat 06:00 radələrində quduzlaşmış Ermənistanın Azərbaycana qarşı təxribatı artıq 23 gündür ki, davam edir. Ancaq bu 23 gün ərzində Azrbaycan xalqının Lideri, ölkə Prezidenti, Ali Baş Komandın İlham Əliyevin diplomatik siyasəti, Müzəfər Ordumuzun və igid əsgərlərimizin gücü ilə işğalçı ölkəni yerində otuzduraraq ardıcıl qələbələr əldə etməkdədir. Belə bir məqamda dünyanı ağuşuna alan “COVID-19”-a qarşı mübarizə də davam etməkdədir. Və bu mübarizədə vətəndaşların karantin qaydalarına əməl etmələri bu «pandemiya müharibəsinə» qalib gəlməyin əsas yoludur və bu şərtləri ilə yaşamağa məcburdur. Reallıq odur ki, ani bir diqqətsizlik insanların həyatını sual altında qoya bilər. Çünki gözəgörünməz bəla çox təhlükəli, aqressivdir və hansısa səhv ağır nəticələr verə bilər. Dövlət başçımız dünyanı ağuşuna alan koronavirus pandeminasının ilk günlərindən Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düşünülmüş düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb və məhz zamanında görülən tədbirlər nəticəsində Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Bir sözlə, dövlət başçısının koronavirusla bağlı ardıcıl addımların atılmasında məqsəd Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib: “Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır. Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.

Ölkədə hansı vəziyyətin olmasından asılı olmayaraq vətəndaşlar karantin qaydalarına əməl etməlidir

Bugünlərdə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə mübarizəni gücləndirmək və karantin rejiminə daha ciddi əməl olunması üçün tədbirlərə həsr olunmuş geniş müşavirədə qeyd edib ki, koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə yönəltmək üçün karantin rejiminin qaydalarına nəzarəti gücləndirmək lazımdır. Baş Nazir bildirib ki, xüsusilə iş yerlərində, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və təhsil müəssisələrində qaydalara əməl edilməsinə daha ciddi nəzarət edilməlidir. Çünki koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə yönəltmək üçün karantin rejiminin qaydalarına daha məsuliyyətlə əməl olunmalıdır. Məhz bu məsuliyyətsizliyin, biganəliyin nəticəsidir ki, karantin rejimi yenidən sərtləşdirilib. Belə ki, artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilib. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunub. Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilib.

Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov sözügedən məsələ ilə bağlı bildirib ki, virusla əlaqədar maarifləndirmə məsələləri də son günlər ərzində KİV-lər tərəfindən kifayət qədər işıqlandırılır: “Mütləq deyil ki, dövlət hər hansı bir karantin tədbirini gücləndirsin. Hər bir insan şüurlu olaraq, sadə tövsiyələrə əməl etməlidir. Maska taxılmalı, sadə gigiyena qaydalarına riayət edilməli, sosial məsafə gözlənilməli, asqırarkən və öskürərkən respirator gigiyena qaydalarına əməl olunmalıdır”.

Təyyar Eyvazov onu da bildirib ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq: “Ona görə də maska taxmalı, ara məsafəsi saxlamalı və kütləvi yerlərdə toplaşmamalıyıq. Biz özümüzü qorumaqla həm ordumuza, həm də həkimlərimizə yardım etmiş olarıq. Əgər virus sürətlə yayılmağa davam etsə, orduya da təsir edəcək. Əgər yenidən məhdudiyyətlərin tətbiq olunmasını istəmiriksə, qayda-qanunlara ciddi riayət etməliyik. Zəruri olmadan insanların kütləvi toplaşdığı yerə getməməliyik, lazım olmadığı halda ictimai nəqliyyatdan istifadə etməməliyik. Sosisal məsafə saxlamaq və maskadan düzgün istifadə etmək lazımdır. Bəzi insanlar maska taxarkən burunları maskadan yuxarıda qalır. Bu düzgün deyil, əgər maskanı taxırıqsa, onu düzgün formada taxmalıyıq”.

T.Eyvazov bildirib ki, insanlardan çox xahiş edirəm ki, mövcud vəziyyəti nəzərə alsınlar, artıq son günlərdə yoluxma sayı artmağa doğru gedir: «Bu sayın artması insanların bir-biri ilə təmasının artmasına görədir. İnsanlar son günlər sanki koronavirusu unudublar. Gürcüstanda və Ermənistanda artıq yoluxma pik həddə çatır. Bu da bizi daha da ehtiyatlı olmağa sövq edir. Xalqımız sağlam olmalıdır ki, bu gün ön cəbhədə olan insanlarımızın da fikri ailələrinin yanında qalmaz. Yoluxmanın artmaması səhiyyə sisteminə də xeyirdir. Bununla da həkim çatışmazlığı yaranmaz. Yoluxma sayı sürətlə artarsa, xəstəxanalarda çarpayı çatışmazlığı da ola bilər. Savaş gedən ölkədə yaralıların olmasını da nəzərə almaq lazımdır. Yaralı əsgərlərimizə olan tibbi diqqəti artırmaq üçün arxa cəbhədə olan insanlar sağlam olmalıdır ki, ön cəbhəyə bu cür faydalı ola bilək. Virus hələ bitməyib, bunu unutmamalıyıq. Sanki indi koronavirus insanlar üçün adiləşib, aktuallığını itirib. Amma bu virus hələ də aktualdır, indi daha da diqqətli olmalıyıq. Biz virusun artdığını artıq xəstəxanalarda real olaraq görürük. Bir ara ictimai nəqliyyatda maskadan istifadəyə ciddi əməl olunsa da, indi bu məsələyə də laqeyd yanaşıldığı müşahidə olunur. Mütləq maskadan istifadə etməli, əllərimizi tez-tez yumalı, sosial məsafəni qorumalıyıq”.

Beləliklə, bütün bu deyilənlərə isə birlikdə əməl etməliyik. Çünki hər bir sahədə biz birlikdə güclüyük! Çünki ölkədə vəziyyətdən asılı olmayaraq Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Prezident İlham Əliyev cənablarının bu döyüşdə bir daha əminliklə söylədiyi: “Azərbaycan xalqı belə şücaətli, igid oğllarımızla qürur duyur və tezliklə bu zəfərlə Qarabağ bizimidir, Qarabağ Azərbaycandır!», həmçini pandemiyaya qarşı mübarizədə Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasətin növbəti illərdə də davam etdiriləcək, xalqımız bu sınaqdan da üzüağ çıxacaq. İnşallah!

Bir sözlə, dövlət başçımızın dediyi kimi: “Biz xalq olaraq artıq BİRLİK, HƏMRƏYLİK nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq!”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə