Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir - ŞƏRH

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir - ŞƏRH

Hər kəs karantin rejiminə bir mənalı olarq əməl etməlidir

Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə aşağıdakı məhdudiyyətlər tətbiq edilir: 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır; 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur. Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir. Həmçinin, vətəndaşların COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etmək, qoruyucu maskalardan istifadə etmək, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmaq, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmaq, mövcud karantin şərtlərinə əməl etmək tələb olunur.

Onu da qeyd edək ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında o dja bildirilir ki, 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Yaqut Qarayeva: “Bu gün hər bir səhiyyə işçisi Azərbaycan Ordusunun və əsgərinin arxasındadır”

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, cəmiyyətin də yardımına ehtiyacı var: “Son zamanlar dünyada COVID-19-a yoluxmada artım müşahidə olunur. Dünyada 38 milyondan çox insan koronavirusa yoluxub, ölüm isə 1 milyon insanı keçib. Oktyabrın 15-nə olan məlumata görə Azərbaycanda gündəlik yoluxma 530 nəfərə çatıb. Bu, avqustun ortasından gördüyümüz ən yüksək rəqəmdir. Hazırda 113 ağır xəstəmiz var, 16-sı süni nəfəs aparatına qoşulub”.

Nəzrin Mustafayeva: “Koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər”

“Təəssüf ki, hələ də koronavirusun spesifik müalicəsi və peyvəndi yoxdur. Əlimizdə olan tək vasitə isə çox sadə qorunma metodudur - maskadan istifadə, insanların sıx olduğu yerlərdən bacardıqca uzaq durmaq, respirator və əl gigiyenamıza riayət etmək». Bunu həkim-infeksionist Nəzrin Mustafayeva bildirib və həmçinin vurğulayıb ki, qanımızda koronavirusa qarşı olan immunitetin bizi buna qarşı neçə ay qoruyacağını bilmirik: “Çünki bizim ölkədə koronavirusun müşahidə edilməsinin bir ili tamam olmayıb. Bunun üçün bir az zaman - aylar, illər lazımdır ki, müşahidələr yekunlaşsın”. Həkim-infeksionist əlavə edib ki, koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər. Çünki dünyanın heç bir səhiyyə sistemi pandemiya üçün hesablanmayıb.
Bir sözlə, hər birimiz qanun qarşısında öz hərəkətlərimizə görə məsuliyyət daşımalıyıq. Bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə