Koronavirus cəbhəsi: İkinci düşməni unutmayaq! AKTUAL + ANALİTİK

Koronavirus cəbhəsi: İkinci düşməni unutmayaq!  AKTUAL + ANALİTİK

“Biz birlikdə güclüyük!” şüarı ilə “Qarabağ Azərbaycandır!” şüarını vəhdət halına gətirib hər iki mənfur düşmənə qalib gəlməliyik!

Azərbaycanın rəşadətli Ordusu Qarabağ cəbhəsində düşmənə sarsıdıcı zərbələr endirməklə, işğalçıları əzəli torpaqlarımızdan qovmaqla yanaşı, ikinci cəbhədəki düşmən də öz təhlükəsini saçmaqda davam edir. Daha dəqiq desək, Azərbaycan xalqı vahidlik, birlik nümayiş etdirməklə, Ali Baş Komandanının ətrafında sıx birləşməklə, Ermənistanın işğalçılıq və terrorçuluq kimi dövlət siyasətinə qalib gəldiyi bir zamanda, tam məhv olmamış daha bir düşmənin, özü də görünməyən düşmənin - COVID-19-un saçdığı təhlükə təəssüf ki, çoxalmağa başlayıb.

Görünməyən düşmən bizi izləyir

Son bir neçə gündə dünyada, eləcə də ölkəmizdə koronavirus infeksiyasına yoluxanların da sayının artması bu reallığı əks etdirməkdədir. Düzdür, hazırda ümummili mübarizə kimi tariximizə yazılan Qarabağ müharibəsi nəinki bizim, eləcə də dünyanın bir nömrəli diqqət mərkəzindədir. Amma bütün bunlara baxmayaraq, qətiyyən unutmamalıyıq ki, özümüzün, ailəmizin, ətrafımızın sağlamlıqlarının mühafizəsi gələcəyimizin əsasını təşkil edir və görünməyən düşmən bizi izləyir.

Hələ bir müddət əvvəl koronavirusla mübarizə çərçivəsində dövlətimiz tərəfindən görülən perventiv və təxirəsalınmaz işlər nəticəsində qorxulu, ölüm saçan infeksiya ilə mübarizə çərçivəsində bir sıra uğurlar və nailiyyətlər əldə olunmuşdu. Məhz qazanılan bu uğurlara kölgə salmamaq, COVİD-19-un yenidən insanlarımıza meydan oxumaması üçün bu gün də qüvvədə qalan və artıq iki cəbhəyə aid olan “Biz birlikdə güclüyük!” şüarını əsas tutmalı, lap yanımızda olan, görünməyən düşmənə qarşı amansız mübarizəmizi gücləndirməliyik.

İnsanlarımız Qarabağ cəbhəsi ilə yanaşı, həm də ikinci cəbhədəki düşmənə - koronavirusa qarşı mübarizəyə fokuslanmalıdırlar

Bəli, bu gün dövlət başçısı, Prezident İlham Əliyev cənabları tərəfindən görülən möhtəşəm tədbirlər nəticəsində ölkəmizdə kifayət qədər xəstəxanalar, o cümlədən, modul tipli xəstəxanalar fəaliyyətlərini aparmaqdadırlar. COVİD-19-a qarşı mübarizə istiqamətində istifadə olunan bütün tibbi təchizatlar, dərman perparatları, avadanlıqlar kifayət qədərdir, habelə koronavirusa qarşı dünyanın bir sıra aparıcı laboratoriyalarında vaksinlərin hazırlanması prosesləri davam etdirilir və yaxın aylarda həmin vaksinlərin istifadəsinin geniş kütləyə də tətbiq olunacağı faktoru qüvvədə qalmaqdadır. Amma bütün bunlara rəğmən, insanlar səhhətlərinin COVİD-19 qarşısında məğlub olmaması üçün tələb olunan bütün müvafiq tədbirlərə riayət etməlidirlər. Yəni həmin tədbirlərin nədən və necə olmaları barədə yenidən geniş izahlara ehtiyac da yoxdur. Ən primitiv tələblər – tez-tez əllərin yuyulması, dezinfeksiya prosedurlarının görülməsi, ictimai yerlərdə ara məsafəsinin saxlanılması və s. kimi hallar unuudulmamalıdır. Əks halda, cəmiyyət yenidən dəhşətli koronanın caynaqları arasında sıxışıb-qalacaq və onun yaratdığı ağır fəsadlarını dadmalı olacaq. Məhz bununla qarşılaşmamaq üçün insanlarımız Qarabağ cəbhəsi ilə yanaşı, həm də ikinci cəbhədəki düşmənə - koronavirusa qarşı mübarizəyə fokuslanmalıdırlar. Bu eyni zamanda bizim vətəndaşlıq borcumuzdur, vətəndaşlıq məsuliyyətimizdir.

Beləliklə, “Biz birlikdə güclüyük!” şüarı ilə “Qarabağ Azərbaycandır!” şüarını vəhdət halına gətirib hər iki düşmənə qalib gəlməliyik!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə