Milli birlik və yüksək məsuliyyət COVID-19- la mübarizədə əsas şərtdir

Milli birlik və yüksək məsuliyyət COVID-19- la mübarizədə əsas şərtdir

Bu gün yaşından asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşının qəlbi ön cəbhədən zəfər xəbərini eşitməklə döyünür. Hamı torpaqlarımızın düşmən tapdağından tezliklə azad olunması üçün həmrəylik göstərir. Açılan sabahlarımız bizlərə yeni müjdələr gətirir. Qələbə soraqlı xəbərlər insanlarımızı qürurlandırır, onların illərdir ki, arzuladığı günü yaxınlaşdırır. Cəbhədə gərgin döyüşlərin getdiyi bir zamanda unutmamalıyıq ki, bizi daim təqib edən və gizli düşmən adlandırdığımız yeni növ koronavirus (COVID-19) infeksindan hələ də qurtulmamışıq. Bu gün sağlam vücudumuzla cəbhədə müharibəmizi davam etdirməliyik.

Koronavirusun dünyada geniş vüsət almasını, respirator xəstəliklərin baş qaldırdığı dövrdə olduğumuzu nəzərə alsaq, daha məsuliyyətli olmalıyıq. Əlbəttə ki, tətbiq edilmiş xüsusi karantin rejiminin qaydalarına əməl etmək bizim ən ümdə vəzifələrimizdən biridir. Müsbət dinamikanın müşahidə olunması bizdə bir arxayınçılıq yaratmamalıdır. Unutmamalıyıq ki, kütləvi toplanma hallarına yol vermək olmaz. Maskadan lazımı, tələb olunan şəkildə istifadə olunmalı, sosial məsafə gözlənilməlidir. İctimai nəqliyyatdan istifadə zamanı bütün tələblərə riayət edilməlidir. Mütəxəssislərin vurğuladığı kimi, payız-qış mövsümündə laqeyd yanaşma xüsusilə təhlükəli vəziyyətə gətirib çıxara bilər.

Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus - COVID-19 pademiyasının geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik, təxirəsalınmaz və zəruri qabaqlayıcı tədbirlər Azərbaycanda bu xəstəliyin geniş yayılmasının qarşısını almış oldu. Vaxtında ölkədə xüsusi karantin rejiminin tətbiqi, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi öz müsbət nəticəsini vermiş oldu. Karantin müddəti, təcrid qaydaları, eləcə də vətəndaşların evdə qalarkən bütün sosial xidmətlərlə təmin olunması dövlət başçısı Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarəti və qayğısı ilə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ən çətin günlərdə belə dövlət-vətəndaş həmrəyliyinə ən böyük töhfəni vermiş oldu. Bu gün də müharibə şəraitində yaşamağımıza baxmayaraq ölkəmizdə epidemioloji vəziyyət dəyərləndirilir, vəziyyətə uyğun olaraq da addımlar atılır. Bu gün hər bir vətəndaşdan məsuliyyət tələb olunur. Son günlər kornovirusa yoluxmuş insanların sayının iki rəqəmlidən üç rəqəmliyə yenidən qalxması hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu gün artıq ölkəmizdə koronavirus infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, daha 101 nəfər sağalıb.

Hazırkı dövrədək ölkəmizdə 43 min 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib. Aktiv xəstə sayı 2990 nəfərdir. Unutmamalıyıq ki, müharibə şəraitində yaşayırıq, müsbət dinamikanı qoruyub saxlamaqda məsuliyyətli olmalıyıq. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl edilməlidir. Vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyətə malikdir. Cənab Prezidentin çıxışlarının birində bildirdiyi kimi, "Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir". Azərbaycan vətəndaşları bilməlidirlər ki, milli birlik və yüksək məsuliyyət karantin dövrünün əsas tələbidir.

Mütəxəssislərin fikrincə, payız-qış mövsümündə respirator xəstəliklərin aktivləşmə dövrünü nəzərə alsaq, vətəndaşlar qaydalara etinasız yanaşmağa davam edərlərsə, yenidən yüksək yoluxma hallarının qeydə alınması və gərgin dövrlərin müşahidə olunması qaçılmaz olacaq. Ona görə də bir daha vətəndaşlar əvvəlki kimi məsuliyyətli davranış sərgiləməlidir.

Onu da vurğulmamaq yerinə düşər ki, koronavirusla bağlı məlumatlardan təşvişə düşmək deyil, bu təhlükənin yayılmasına, dəhşətli fəsadlar törətməsinə qarşı hər kəs birləşməlidir. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq tələb olunur. Vətəndaşlarımız maksimum məsuliyyətli olmalı və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməlidirlər. Qələbəyə birgə addımlamalıyıq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə