Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki "Azərbaycan" Cəmiyyəti ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü və 28 May – Respublika Günü münasibətilə tədbir keçirib.
SİA-nın xəbərinə görə, tədbirdə Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar və digər xalqların diaspor təşkilatlarının nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən cəmiyyətin sədri Samir İmanov şərqdə ilk hüquqi, demokratik və dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının tarixi, nailiyyətləri, süqutu və bunun səbəbləri, 1991-ci ildən sonra yenidən Azərbaycanın müstəqiliyinin bərpa edilməsi haqqında məlumat verilib.
O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunub saxlanması məqsədilə göstərdiyi misilsiz xidmətlərdən ətraflı danışıb. Samir İmanov ulu öndərin həyat və fəaliyyətindən də söhbət açıb, xalqının müstəqilliyi, suverenliyi, tərəqqisi uğrunda ağır mübarizə şəraitində keçən ömür yolundan bəhs edib.
Tədbirdə Heydər Əliyev şəxsiyyətinin və siyasətinin yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə regional və qlobal miqyasda da dəyərləndirilməsinin vacibliyi qeyd olunub.
Tədbirdə o da vurğulanıb ki, bu gün Azərbaycanın daxili və xarici siyasətində böyük tərəqqi var. Lakin torpaqlarımızın 20 faizinin işğal altında olması ölkəmizin daha da sürətlə inkişaf etməsinə mənfi təsir göstərir. BMT TŞ-nın 4 qətnaməsinə və İslam Konfransı Təşkilatının qətnamələrinə baxmayaraq, Ermənistan Dağlıq Qarabağ və ərtaf rayonları hələ də işğal altında saxlayır. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti da təəssüf ki, heç bir səmərə vermir, Samir İmanov belə deyib.
Bayram tədbirində Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı "Azərbaycan deyəndə" filmi nümayiş etdirilib. Həmçinin tədbirin keçirildiyi salonda milli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən fotolövhələr nümayiş etdirilib. Bundan başqa tədbir iştirakçılarına ulu öndərlə bağlı müxtəlif kitab, jurnal və DVD-lər paylanıb.