Rossiya-24 telekanalı: “Azərbaycan Ermənistana sonuncu şans verib” - VIDEO
“Vesti” proqramı üçün hazırlanan süjetdə Azərbaycan həqiqətləri tamaşaçılara çatdırlıb
Rusiyanın ən nüfuzlu telekanallarından olan Rossiya-24 kanalının “Vesti” proqamında Qarabağ problemi və bölgədə baş verən hərbi qarşıdurma ilə bağlı geniş süjet yayımlanıb. “Azərbaycan Ermənistana sonuncu şans verib” başlığı ilə yayılan süjetdə məsələyə obyektiv baxış qoyulub və baş verənlər real şəkildə işıqlandırılıb.
Qeyd olunub ki, Azərbaycan tərəfi işğal olunmuş ərazilərinin azad edilməsi üçün hərbi əməliyyatlara başladıqdan sonra tərəflər arasında xarici işlər nazirləri səviyyəsində Moskvada keçirilən sülh danışıqlarında müvəqqəti atəşkəs haqda razılığa gəlinib, lakin bununla bağlı imzalanan sənəd heç nəyi dəyişməyib.
Süjetdə Azərbaycan prezidenti İlham Əliyevin də fikirlərinə yer verilib. Prezidentin “Qarabağ Azərbaycandır, Ermənistan və onu himayə edən qüvvələr bunu qəbul etməlidir. Bir daha bəyan edirəm ki, danışıqlarında əldə olunmuş razılıq qarşı tərəfdən bu dəfə də pozulsa, Azərbaycan öz ərazilərini güc yolu ilə azad etməkdə davam edəcək. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ermənistana sonuncu şans veririk” fikri süjetdə yer alıb.
Qeyd olunub ki, razılaşmada əldə olunan atəşkəs 1 saat da sürməyib və Azərbaycan tərəfi Ermənistanın atəşi dayandırmadığını, cəbhə xəttindən uzaq şəhərlərə, dinc sakinlərə raket zərbələri endirdiyini bəyan edib. Azərbaycan Ordusu bu hücuma cəbhə bölgəsində rəqibin hərbi texnikalarını vurmaqla cavab verib.
Həmçinin, Ermənistanın beynəlxalq neft və qaz kəmərlərinə də zərbə endirdiyini, lakin Müdafiə Nazirliyinin bu raketlərin HHM sistemləri ilə havada vurulduğunu bəyan etdiyi də qeyd olunub. Həmçinin bildirilib ki, Hərbi Komandanlıq Ermənistanın 200-ə yaxın tankını, onlarla artilleriya qurğusunu və digər hərbi texnbikasını məhv etdiyini açıqlayıb və bunları təsdiq edən videokadrlar yayımlayıb.
Süjetdə Azərbaycan Ordusunun son bir neçə gündə 9 yaşayış məntəqəsini azad etməsi və orada Azərbaycanın dövlət atributlarının bərpa olunduğu da səsləndirilib. Cəbhə bölgəsində Azərbaycan telekanallarından olan Real Tv-nin hərbi müxbirinə birbaşa bağlanan müəllif onun fikirlərinə də yer verib. Hərbi jurnalist qeyd edib ki, Azərbaycan Ordusu Ermənistan Ordusundan fərqli olaraq mülki şəxslərin zərər çəkməməsi üçün mümkün olan hər şeyi edir və yalnız hərbi obyeklərə zərbə endirir.
Süjetdə cəbhə xəttindən 300 km aralıda yerləşən paytaxt Bakıda hərbi komendant saatı rejiminin tətbiq olunduğu və bütünlükdə vəziyyət sabitdir.
Süjetin müəllifi Mixail Fedotov Bakıda da çəkiliş aparıb, sakinlərin fikirlərini çatdırıb. Qeyd olunub ki, qədim, sülhsevər və beynəlmiləl şəhər olan Bakının sakinləri bu məsələdə dövləti tam dəstəkləyir, problemin sülh yolu ilə həll olunmasını, lakin bu mümkün olmadıqda hərbi yolla həllini arzulayırlar.
Süjetdə əməkdar mədəniyyət xadimi Rahib Azərinin fikirlərinə də yer verilib: “Əlbəttə, biz sülh istəyirik, lakin aqressor və işğalçı ölkənin ordusu ya könüllü olaraq torpaqlarımızdan çıxacaq, ya da güc yolu ilə çıxarılacaq”.
Tanınmış geramikaçı və rəssam Teymur Məmmədovun qonağı olan jurnalist onun emalatxanasından da kadrlar nümayiş etdirib, sənətkarın fikirlərinə yer ayırıb: “Ən başlıcası odur ki, bizim işğal olunmuş torpaqlarımız azad edilməli, 1 milyona yaxın qaçqın və köçkün evlərinə qayıtmalıdırlar”.
Pirşağıda Sovet dövründə tikilmiş sanatoriyada və ətrafdakı köhnə evlərdə məskunlaşan qarabağlı köçkünlərin də qonağı olan jurnalist onların da çətin həyat şəraiti haqda məlumat verib. 20-30 kvadratlıq evlərdə böyük ailələrin çətin şəraitdə yaşadığını qeyd edən jurnalist onlardan birinin- Xocalıdan olan Ceyran Əzizovanın fikirlərini verib: “Həyat yoldaşım və yaxın qohumlarım Xocalıda erməni terroristləri tərəfindən öldürülüb. Biz başqasının evində, başqasının torpağında yaşamaq istəmirik. Biz öz evimizə qayıtmaq istəyirik, öz doğma yurdumuzda yaşamaq istəyirik”.
Jurnalist qeyd edir ki, bunun üçün Qarabağ problemi mütləq həll olunmalıdır. Hazırki vəziyyət dinc insanların əziyyət çəkməsinə səbəb olur- deyə reportaj müəllifi vurğulayır.
Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB