Hikmət Cavadov: “Diaspor həyatında fəallıq göstərmək hər bir azərbaycanlının mənəvi borcudur” - DİASPOR
Danılmaz faktdır ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın rolu böyükdür. Əgər nəzərə alcaq ki, bu gün dünyanın müxtəlif ölkələrində dörd yüzə yaxın Azərbaycan icması fəaliyyət göstərir, bunu artıq diasporumuzun inkişafı kimi dəyərləndirmək olar. Digər ölkələrdə olduğu kimi Ukraynada da bir sıra diaspor qurumları fəaliyyət göstərir. Bu qurumlardan biri də "Demokratiyanın nəbzi" Beynəlxalq ictimai təşkilatıdır. Təşkilat beynəlxalq statuslu olmaqla bərabər Ukraynada Azərbaycan diaspor hərəkatında böyük fəallıq göstərir.
SİA-ya verilən məlumata görə, "Demokratiyanan nəbzi" Beynəlxalq ictimai təşkilatı 2005-ci ildə Ukraynada təsis olunub. Qurum öz fəaliyyətini Azərbaycanın milli mənəvi dəyərlərini qorumaq, Avropa demokratik dəyərlərinə üstünlük vermək, cəmiyyətin bütün sahələri üzrə xüsusi proqramlarla layihələrin həyata keçirilməsi istiqamətində qurub. Təşkilatın qarşısında duran ən ümdə məqsəd isə azərbaycançılıq və dövlətçilik prinsiplərini və ideyalarını beynəlxalq aləmdə təbliğ etməkdir.
2005-ci ildən təşkilatın nəzdində "Bazar günü" məktəbi fəaliyyət göstərir. Məktəbdə azərbaycanlı uşaqlar üçün Azərbaycan tarixi, ədəbiyyat, coğrafiya və Azərbaycan dili tədris olunur. Bununla yanaşı "Bazar günü" məktəbində ukrayna və ingilis dili kursları da təşkil olunub. Həmçinin musiqi və rəqs dərnəyi də məktəbdə fəaliyyət göstərir. "Demokratiyanın nəbzi" Beynəlxalq ictimai təşkilatının həyata keçirdiyi ən böyük layihələrdən biri "Ədalət" hüquq klinikasının yaradılmasıdır. Bu klinika Ukraynada yaşayan azərbaycanlılara təmənnasız hüququ yardım göstərir. İstənilən sahədə hüquqi məsləhətlərin verilməsi və müvafiq sənədlərin hazırlanması, soydaşlarımızın maraqlarının məhkəmə, hüquq-mühafizə və dövlət orqanlarında müdafiə olunması "Ədalət" klinikasının peşəkar hüquqşünasları tərəfindən yüksək səviyyədə həyata keçirilir. 2005 və 2006-cı illərdə təşkilat Ukraynada Ukrayna azərbaycanlı gənclərinin forumunun təşkilatçısı olub. Təşkilatın tələbə koordinasiya şurası isə Ukrayna ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrlə sıx əlaqələrin yaradılmasına və onlara mənəvi, hüquqi yardımın göstərilməsinə, eləcə də gənclərin ictimai işlərə cəlb olunmasına xidmət edir. Azərbaycanın əlamətdar günlərində, istər qan yaddaşımızla bağlı tarixlərdə, istərsə də milli və dövlət bayramlarımızda təşkilatın keçirdiyi tədbirlər Ukraynanın ictimai həyatında kifayət qədər nəzərəçarpacaq diqqət cəlb edir. "Demokratiyanın nəbzi" Beynəlxalq ictimai təşkilatı öz mətbu orqanlarını təsis edib. Rus dilində "Slovo Azerbaydjana" və Azərbaycan dilində "Azərbaycanın sözü" qəzetləri problem məsələlərin qaldırılması, Ukrayna Azərbaycan əlaqələri ilə bağlı məqalələri, Azərbaycanı təbliğ edən maraqlı yazıları və rəngarəng mövzuları ilə ilk sayından kifayət qədər oxucu auditoriyası toplamağa nail olub. Qəzetin səhifələrində dünyada yaşayan azərbaycanlılar, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları haqqında materiallara da xüsusi yer ayrılır. Nəfis tərtibatda nəşr olunan bu qəzetlər həm Azərbaycanda, həm də Ukraynanın bütün regionlarında pulsuz paylanılır. Təşkilatın nəzdində çəkiliş studiyası yaradılıb, müasir tələblərə cavab verən texniki avadanlıqlar alınıb. Hazırda internet TV və internet Radio layihələrinin gerçəkləşməsi üçün son hazırlıq işləri görülür. Aktual olaylar və Azərbaycanla bağlı mütəmadi olaraq video çəkilişlər aparılır və təşkilatın internet səhifəsində yerləşdirilir. Bir ifadə ilə desəm, "Demokratiyanın nəbzi" azərbaycançılıq və dövlətçilik prinsipləri ilə döyünür.
Qurumun rəhbəri, hüquq elmləri namizədi Hikmət Cavadov təşkilatın fəaliyyəti ilə bağlı fikirlərini belə bölüşür:
- "Demokratiyanın nəbzi" beynəlxalq təşkilatdır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz var. Mütəmadi olaraq, xüsusilə Avropa ölkələrində elmi konfranslarda, tpeninqlərdə, beynəlxalq səviyyəli tədbirlərdə iştirak edirik, təcrübə mübadiləsi aparırıq. Ən başlıcası isə həmin müstəvilərdə Azərbaycan həqiqətləri haqqında fikirlərimizi çatdırmağa da müvəffəq oluruq. Ancaq bütün bunlarla yanaşı fəaliyyətimizdə diaspor işinə xüsusi diqqət ayırırıq. Belə düşünürəm ki, Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir soydaşımız diaspor həyatında fəallıq göstərməli, bunu özünün mənəvi borcu saymalıdır. Bu sahədə bir çox layihələrimiz var. Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə xüsusi tədbirlər planı hazırlamışıq. Çalışacağıq ki, bu tədbirlərdə Azərbaycanı dost Ukrayna xalqına layiqincə təqdim edək.
Azər Qardaşlı, Ukraynada nəşr olunan "Azərbaycanın sözü" qəzetinin baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB