“Ermənistan öz riyakarlığını növbəti dəfə göstərdi" Məşhur Məmmədov
“Son vaxtlar Ermənistan hökuməti tərəfindən həyata keçirilən təxribatçı fəaliyyət bir daha sübut edir ki, işğalçı ölkənin rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlaması üçün danışıqlar prosesindən çox uzaqdırlar. Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmaqla bir daha riyakarlığını nümayiş etdirdi”. Bu fikirləri “Səs” qəzetinə açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Məşhur Məmmədov bildirib.
M.Məmmədov onu da bildirib ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarçılığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir: “11 oktyabr gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi növbəti hərbi təcavüzü nəticəsində içərisində uşaq, qadın və ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 9 nəfər həlak olub. Eləcə də 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib, hələ də dağıntılar altında qalan insanlar var. Dövlət başçımız Gəncədə baş verən hadisələrlə bağlı bildirib ki, bu Ermənistanın terrorçı ölkə olmasını bir daha göstərir”.
“Azərbaycan Prezidenti İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində bildirib: “Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni, bu, Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır” Dövlət başçımız, həmçinin deyib ki, işğalçı Ermənistan dövləti xüsusi raket sistemlərindən istifadə etməklə ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir. Bütün bunlara baxmayaraq, dövlət başçımız bildirib: “Azərbaycan əsgəri, zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah sona qədər irəliyə gedəcəyik”.
Millət vəkili onu da vurğulayıb ki, baş verən növbəti Gəncə hadisəsi bir daha erməni faşizminin sifətini nümayiş etdirir: “Dövlət başçımız dəfələrlə çıxışlarında vurğulayıb ki, bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir: «Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak olub, 40-dan çox mülki şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan Ordusu onları müdafiə edəcək. Onlar səbirsizliklə o anı gözləyirlər ki, işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala son qoyulsun”. Bu fikirləri dövlət başçımız haqq yolundan, Vətən yolunda canından keçərək yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib və qeyd edib ki, biz haqq yolunda, öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.
M.Məmmədov onu da vurğulayıb ki, Azərbaycan haqq yolunda apardığı mübarizədə qalib gələcək və tarixi ədaləti bərpa edəcək: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi, “Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Prezident İlham Əliyev bir daha əminliklə söylədi ki, Azərbaycan xalqı belə şücaətli, igid oğullarımızla qürur duyur və tezliklə bu zəfərlə Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB