Vətənpərvər fədailərindən olan Sultanəli Mirzəzadə vəfat edib

Vətənpərvər fədailərindən olan Sultanəli Mirzəzadə vəfat edib

S.C.Pişəvərinin ən sədaqətli, vətənpərvər fədailərindən olan Sultanəli Mirzəzadə İranda demokratik prinsiplər əsasında federativ bir dövlət quruluşunun yaradılacağı və azərbaycanlıların da milli-demokratik hüquqlarının tam əsaslarla bərpa olunacağı ümidi ilə bu dünyaya əbədi vida etdi.

Sultanəli Mirzəzadə Azərbaycan Demokrat Firqəsinin ən yaşlı üzvlərindən idi. Bu il onun 95 yaşı tamam olacaqdı. S.Mirzəzadə Firqə yaranandan bu günə qədər 75 illik bir müddətdə onun adi üzvü və sıravi əsgəri olmuşdur. 1945-ci ilin dekabr ayından əlinə silah götürüb Firqənin göstəriş və tapşırıqlarını bir fədai olaraq yerinə yetirmişdir.

Astara şəhəri qəddar şah quldurlarından azad edilərkən yerli firqə fəalları sırasında olmuş, yaşadığı şəhərdə əmin-amanlıq yaratmaq işində Azərbaycan Milli Hökumətinin bir polis işçisi kimi hüquq-mühafizə orqanlarında çalışmışdır. Ona verilən tapşırıqları həmişə can-başla yerinə yetirdiyi üçün Azərbaycan Milli Hökumətinin ali mükafatı olan “21 Azər” medalı ilə təltif olunmuşdur.

S.Mirzəzadə 1945-1946-cı illərdə həm Cənubi Azərbaycandakı milli-demokratik hərəkat zamanı və həm də onun məğlubiyyətindən sonrakı mühacirət illərində Azərbaycan Demokrat Firqəsinə, onun amal və hədəflərinə, Azərbaycan Milli Hökumətinə qəlbən, ruhən, bütün varlığı ilə sadiq şəxslərdən biri olmuşdur.

S.Mirzəzadə mühacirət dövründə də Firqə sıralarında olub onun göstərişlərini sədaqətlə yerinə yetirmişdir. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin göstəriş və məsləhəti ilə XX əsrin 60-70-ci illərində Firqənin Mərkəzi Komitəsinin təlimatçısı, Firqənin Ağstafa rayon komitəsinin rəhbəri vəzifələrində çalışmışdır. Onun əməyi Firqə rəhbərliyi tərəfindən dəfələrlə Tərifnamə və Fəxri Fərmanlarla qiymətləndirilmişdir.

Hüquq üzrə fəlsəfə doktoru olan Sultanəli müəllim uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda elmi fəaliyyəıtlə məşğul olmuşdur, 1945-ci ilin dekabr ayının 12-də Təbrizdə təşkil olunmuş Azərbaycan Milli Məclisinin fəaliyyətini araşdırmış, bu barədə onun çoxlu sayda dəyərli əsərləri işıq üzü görmüşdür.

S.Mirzəzadə həm gənclik və həm yaşının ahıl çağlarında da yorulmadan Vətəni və milləti qarşısında layiqincə xidmət göstərmişdir. Uğrunda mübarizə apardığı ideya və amalları daim yaşayacaq, məsləkdaşları, gənc firqəçilər nəsli və təəssübkeşləri tərəfindən sona qədər həyata keçiriləcəkdir.

Sultanəli Mirzəzadə 7 oktyabr 2020-ci il tarixində 95 yaşında Bakı şəhərində vəfat etmiş və elə burada da torpağa tapşırılmışdır. Bu münasibətlə əzizlərinə, yaxınlarına, dostlarına, məsləkdaşlarına, bütün fiqəçilərə və Pişəvəri fədailərinə “başınız sağolsun, Vətən sağolsun” deyirik.

Allah rəhmət eləsin.

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq institutunun rəhbərliyi və əməkdaşları

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə