"Ermənistanı sərt şəkildə qınamalı, cəzalandırılmasını tələb etməli, sanksiyalar qəbul olunmalıdır" MÜSAHİBƏ

"Ermənistanı sərt şəkildə qınamalı, cəzalandırılmasını tələb etməli, sanksiyalar qəbul olunmalıdır" MÜSAHİBƏ

YAP Siyasi Şurasının üzvü, BDU-nun kafedra müdiri, tarix eləmləri doktoru, professor, əməkdar müəllim İradə Hüseynovanın SİA-ya müsahibəsi

-İradə xanım, işğalçı Ermənistanın cəbhə xəttindən kilometrlərlə uzaq, heç bir hərbi məqsədli olmayan Gəncə, Mingəçevir və s. kimi şəhərlərimizi hədəfə almaları, uşaqlarımızı, qadın və yaşlılarımızı qətlə yetirmələri faktını necə şərh edərdiniz?

- İlk növbədə deyim ki, erməni qəsbkarlarının, məhz humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutaraq, onlarla dinc sakini qətlə yetirməsi, yaralaması, birmənalı olaraq, xalqımıza qarşı törədilən terror aktıdır, genosiddir. Hətta deyərdim ki, Gəncədə azərbaycanlılara qarşı törətdiyi qətliam Xocalı, Bağanıs Ayrım və s.ərazilərimizdə yaşadılmış soyqırımının davamıdır. Fürsətdən istifadə edərək, həyatlarını itirmiş həmvətənlərimizə Allahdan rəhmət diləyir, yaralılarımıza isə şəfa arzulayıram.

Bu gün düşmən cəbhədə ağır, sarsıdıcı məğlubiyyətlərə məruz qalmaqdadır və belə bir anda onların daha da aqressivləşərək mülki əhalimizi, dinc şəhərlərimizi hədəfə almaları hiddət və nifrət hissimizi artırır. Yağı düşmən elə sanmasın ki, xalqımız bu cür silahı təhdidlərdən, xain hücumlardan qorxacaq. Əksinə, biz daha da əzmkarlıq nümayiş etdirməklə Ermənistanın, saxta, qondarma “dqr” rejiminin mənfur niyyətlərinin qarşısını alacağıq. Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşib və mövcud hərbi vəziyyətdə, müharibə vəziyyətində istər cəbhədə, istərsə də arxa cəbhədə erməni işğalçılarına qarşı mübarizəyə tükənməz ruh yüksəkliyi ilə dəstəyini göstərir.

Digər tərəfdən, qeyd etmək istərdim ki, artıq beynəlxalq təşkilatlar da susqun qalmamalı, humanitar məqsədli atəşkəsdən sui-istifadə edən Ermənistanı sərt şəkildə qınamalı, cəzalandırılmasını tələlb etməli, sanksiyalar qəbul olunmalıdır. Çünki Gəncədəki son olayı bütün dünya mediası yaydı və faktlar da ortadadır.

- Sizcə düşmən uduzduğunun fərqinə varması ilə yanaşı, xarici ölkələrdən humanitar yardım məqsədi adı altında silah-sursat daşımaqla növbəti qətliamlar törətməyə cəhd göstərə bilərmi?

- Düşmən nəinki uduzur, döyüş meydanında hər şeylərini atıb qaçır. Biz gündəlik olaraq Müdafiə Nazirliyinin rəsmi məlumatlarını oxuyur, təqdim etdiyi videoşərhləri izləyirik. Bildiyimiz kimi, şanlı Ordumuz, rəşadətli əsgərlərimiz onlara aman vermir. İşğalçı əsgərlər bizim torpağımıza soxulduqlarına görə hər an oradaca məhv edilirlər. Biz müharibəni öz torpaqlarımız uğrunda aparır, sivil erməniyə güllə atmırıq. Onlar isə bizim müharibədən kənar olan böyük şəhərlərimizi raket atəşinə tuturlar.

Lakin bildiyimiz kimi, bu gün Ermənistanın sadə vətəndaşları müharibə istəmirlər. Onlar Nikol Paşinyan hakimiyyətinin övladlarını aid olmadıqları torpaqlarda öldürülməsini heç də arzulamırlar. Yaxşı bilirlər ki, başqasının torpağında övladlarını nə gözləyir. Baxın, bir neçə gün əvvəl sosial şəbəkələrdə Paşinyanın polislərinin paytaxt İrəvanda və digər şəhərlərdə hətta hərbi xidmət yaşları çatmayan 17 yaşlı gəncləri belə zorla maşınlara mindirilərək Qarabağa göndərilmələrinin videogörüntüləri yayıldı. Onları küçədəcə, valideynlərinin əllərindən zorla qoparılaraq oğurlandıqlarını gördük. Belə vəziyyətdə cəbhəyə göndərilən əsgər əlbəttə ki, döyüşmək arzusunda deyil. Əksinə, onlar sonda öz silahlarını qondarma “dqr” rəhbərliyinə, həm də Nikol Paşinyana tərəf döndərəcəklər, bu vasitə ilə intiqamlarını öz hakimiyyətlərindən alacaqlar. Çünki sadə erməniyə müharibə lazım deyil. Düşünürəm ki, işğalçıların bu cür siyasəti bütünlüklə Ermənistanın xəritədən silinməsi təhlükəsi ilə qarşı-qarşıya qoyacaq.

-İradə xanım, Prezident İlham Əliyev cənabları xalqa müraciətlər etdi və sonuncu müraciətində qarşı tərəfə sonuncu şans verdiyini də vurğuladı. Necə düşünürsünüz, düşmən bu şansını itirməklə nə əldə etmiş oldu?

- Əminliklə deyə bilərəm ki, düşmənin xaincəsinə davranışları, bundan sonra da etmək istədiyi hücumları nə xalqımızı, nə də dövlətimizi haqq işi uğrunda mübarizədən-müharibədən çəkindirə bilməz. Bəli, humanitar atəşkəsin imzalanması onlara verilən sonuncu şans idi. Ancaq bayaq da dediyimiz kimi, düşmən bu şansdan yararlana bilmədi və əslində, özünü daha ağır vəziyyətə saldı. Paşinyana və havadarlarına özlərinə məxsus olan xain xislətləri imkan vermədi ki, biz tərəfdən edilən sonuncu yaxşılığı normal dəyərləndirə bilsinlər. Ermənilər bu vasitə ilə bütün beynəlxalq öhdəliklərə, qurum və təşkilatlara qarşı hörmətsizlik göstərdi. Bu hörmətsizliyin isə cavabını mütləq alırlar və almaqda davam edəcəklər. İşğalçılara qarşı başladığımız Vətən Müharibəsi Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü, xalqımızın əzmi ilə qələbə ilə sonuclanacaq. Biz buna əminik. Əminik ki, Azərbaycan bayrağı Şuşada, Xankəndində və bütün işğal olunmuş ərazilərimizdə məğrurcasına dalğalanacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, Qarabağ Azərbaycandır! Azərbaycan həmişə qalib olacaq!

- Müsahibənizə görə sağ olun...

- Mən də minnətdaram və fəaliyyətinizə uğurlar, qələbə müjdələri verməyi arzu edirəm.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə