Ağcabədidə həyat davam edir FOTOLAR

Ağcabədidə həyat davam edir  FOTOLAR

"Sentyabrın 27-dən başlayaraq Ermənistanın ordusunun Azərbaycanın şəhərlərini və dinc əhalini ağır silahlardan və raketlərdən atəşə tutması davam edir. Bütün cəhbəyani rayonlar kimi bu müddətdə Ağcabədinin əksər kəndləri, həmçinin rayon mərkəzi raket və toplardan atəşə tutulub. Lakin Ağcabədi əhalisi düşmən təxribatlarına və hücumlarına mətanətlə sinə gərərək, öz yaşayış məntəqələrində təsərrüfat işləri ilə məşğuldurlar". Bu fikirləri "Səs" qəzetinə acıqlamasında YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov bildirib.

Qeyd edib ki, Hörmətli Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu düşmənin hücumlarının qarşısını alaraq, uğurlu əks hücum edərək işğal olunmuş torpaqlarımızı azad etmək üçün əməliyyatlar həyata keçirir. Düşmən Azərbaycan ordusunun artilleriya və raket zərbələrinə davam gətirmir və ağır itkilər verərək geri çəkilir: "İndi payızdır, fermerlər minbir əziyyətlə becərdiyi pambıq məhsulunu yığır, yonca biçir, çuğundur toplayır, gələn ilin taxıl əkini üçün yer şumlayırlar. Biz rayonun Şənlik kəndində olduq. Kənd əməkçiləri hər kəs öz işi ilə məşğuldur. Bu kəndin fermerləri cari ildə 956 hektar sahədə bol pambıq məhsulu yetişdiriblər. Biz fermerlər Mahir Bayramov və Baxış İbrahimovun pambıq sahəsində oıduq. Sahədə pambıq yığan maşınlar yetişdirilmiş bol məhsulu yiğmaqla məşğuldur. Birinci üz yığımdan 30 sentnerə yaxın pambıq əldə olunub. Fermerlər bildirdilər ki, ermənilərin təxribatları bizi qorxutmur, hərə öz işindədir. Prezident və ordu öz işini görür. Tezliklə qələbə çalacağıq. Ona görə də ordumuzu və əhalini kənd təsərrüfatı məhsulları ilə təmin etmək bizim üzərimizə düşür. Biz də qələbəyə öz töhfəmizi verməliyik".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə