Azərbaycan danışıqlar prosesində diqtə edən tərəfdir - ŞƏRH

Azərbaycan danışıqlar prosesində diqtə edən tərəfdir - ŞƏRH

Oktyabr ayının 9-10-u tarixlərində Rusiya Federasiyasının təşəbbüsü ilə Moskva şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə görüş keçirilib. 11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərib. Görüşün nəticəsi kimi 2020-ci ilin oktyabrın 10-u saat 12.00-dan etibarən humanitar məqsədlərlə atəşkəs elan olunub.

Elan edilən humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin.

Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.

Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Sentyabrın 27-dən gedən hərbi əməliyyatların davam etdiyi dönəmdə ölkəmizə qarşı xeyli diplomatik təzyiqlər olmuşdur. Prezident İlham Əliyev bütün bu təzyiqlərə qarşı gələrək vaxtında atılan diplomatik addımlar və düzgün qurulan xarici siyasət nəticəsində ölkəmizə qarşı təzyiqləri dəf etdi. Bütün bunlar sübut etdi ki, ölkəmizin milli maraqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçün ən ali dəyərdir. Əminliklə deyə bilərik ki, əməliyyatların davam etdiyi günlərdə Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alındı.

Atəşkəs özlüyündə sülh deyil, heç zaman da ola bilməz. Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul olunmuş atəşkəs rejimidir. Amma Ermənistanın siyasi rəhbərliyi bundan da sui-istifadə etməyə çalışır.

Bu gün bizim yekun hədəfimiz Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsidir. Bunun üçün hərbi, siyasi, iqtisadi müstəvidə bütün addımlar atılacaq. Azərbaycan xalqı əmin olmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət davam etdiriləcək. Bundan sonra spesifik danışıqlar davam etdirilməlidir. Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmayanadək Cənubi Qafqazda stabillik mümkün deyil.

Atəşkəsin mövcud olduğu günlərdə Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şansdır. Əgər Erməni tərəfi yenə hər hansı şərt irəli sürərsə, danışıqları uzadaraq vaxt əldə etməyə cəhdlər edərsə o zaman Azərbaycan Ordusu yenidən öz hücumlarını davam etdirmək məcburiyyətində qalacaqdır.

Döyüş əməliyyatlarının getdiyi günlərdə bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbər oldu. Xalqımızın qələbə əzmi yüksəkdir və biz qələbə çalacaq, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edəcəyik.

Rəşad İmanov - politoloq

Bütün xəbərlər Facebook səhifəmizdə