İşğalçıya verilən sonuncu şans: düşmən “olum, ya ölüm” seçimi qarşısında
Pərvanə Hacıyeva,
YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri
Oktyabrın 9-da Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşdə tərəflər atəşkəslə bağlı razılığa gəldilər.
Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında 11 saat davam edən müzakirələrin nəticəsi olaraq imzalanan sənəddə bildirilir ki,
- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
- Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
- Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Elan olunmuş müvəqqəti atəşkəs humanitar xarakter daşıyır
Beləliklə, Rusiyanın vasitəçiliyi ilə elan olunmuş müvəqqəti atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə həlak olmuş hərbçilərin cəsədlərini ərazidən çıxarmaq və təhvil vermək imkanı yaradır. Bu birinci mərhələdir. Bunu danışıqlardakı ilk uğur kimi də qiymətləndirmək olar. Yəni hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır.
Moskvada danışıqların getdiyi saatlarda isə Azərbaycan xalqına müracət edən cənab Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu gün bütün cəbhə boyu döyüşlər gedir: “Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz”.
İşğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın deyən dövlət başçısı ermənilərin çətin vəziyyətdə qalaraq xarici işlər nazirlərini Moskvaya danışıqlara göndərməsinə də toxundu: “Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər”
Hərbi uğurlarımız diplomatik müstəvidə davam edir
Bütün bu yaşananlar onu göstərdi ki, Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru eyni zamanda diplomatik müstəviyə keçirməyi bacarır. Müvəqqəti atəşkəsə gəldikdə isə heç bir narahatçılığa əsas yoxdur. Döyüş meydanında, savaşda silsilə ağır məğlubiyyətlərlə üzləşən Ermənistan ötən gün diplomatik arenada da geri çəkilməyə məcbur edildi. Bir məqama da diqqət çəkmək lazımdır. Belə ki, Ermənistanın danışıqlar formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək cəhdlərinin üzərindən birdəfəlik xətt çəkildi. Yəni rəsmi İrəvan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir.
Yəni cənab Prezidentin söylədiyi kimi Ermənistanın baş naziri artıq şərt irəli sürmək imkanında deyil. Artıq indi o, Azərbaycanın diqtəsilə hərəkət etməyə məcburdur. Döyüş meydanında olduğu kimi, danışıqlar prosesində də məhz Azərbaycan şərtlərini irəli sürür və iradəsini diktə edir.
Narahatçılığa əsas yoxdur
Qələbyə təşnə olan, işğal altındakı torpaqlarımızı yaxın bir müddətdə düşmən tapdağından azad etməyə tələsən xalqımızın dünən Moskvada əldə olunmuş razılaşmadan narahat olması üçün heç bir əsas yoxdur. Bu məqamda cənab Prezident İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşər: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.
“Atəşkəs özlüyündə sülh deyil, heç zaman da ola bilməz”
Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib ki, atəşkəs özlüyündə sülh deyil, heç zaman da ola bilməz: “Atəşkəs sülh prosesinin irəli aparılması üçün vasitələrdən biri ola bilər. Mövcud dövrdə Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul olunmuş bir atəşkəs rejimidir”.
Prezidentin köməkçisi onu da qeyd edib ki, Ermənistanın sülhə məcbur edilməsi əməliyyatının birinci hissəsi başa çatıb. Onun sözlərinə görə, Azərbaycan işğal faktoru ilə heç zaman barışmayacaq: “Görünən odur ki, Ermənistan tərəfi humanitar atəşkəs rejiminin tətbiq olunmasından yenə də istifadə edir. Azərbaycanla heç kim şərtlərlə danışa bilməz. Atəşkəs sülh deyil. Amma buna baxmayaraq biz yenə də Ermənistanın riyakarlığını görürük”.
Xarici İşlər naziri Ceyhun Bayramov isə brifinqdə deyib ki, humanitar atəşkəsin elan olunması vacibdir. Ötən günlər ərzində Rusiya Prezindeti Vladimir Putin bu təşəbbüslə çıxış edib.
Onun sözlərinə görə, əsas məqsəd humanitar atəşkəsin təmin edilməsidir: “Bu, kifayət qədər mürəkkəb və spesifik əməliyyatdır. Bəyannamədə bu işlər BQXK-nın üzərinə qoyulub. Amma Ermənistan humanitar atəşkəs rejiminə əməl etməyib”.
Ermənistanın təxribatlar davam edərsə, Azərbaycan yenə özünü müdafiə edəcək
Erməni riyakarlığı isə davam edir. Belə ki, danışıqların üstündən bir neçə saat keçməsinə baxmayaraq onlar bəyanata və atəşkəsə riyaət etmədilər. Hərbi mövqelərimizi, yaşayış məntəqələrimizi, mülki şəxsləri atəşə tutmaqda davam edirlər.
Prezidentin köməkçisi Hikmət Hacıyev brifinqdə bir daha bəyan edib ki, əgər humanitar əsaslarla olan bu atəşkəs rejiminin pozulması istiqamətində Ermənistan tərəfindən təxribatlar davam etdirilərsə, Azərbaycan tərəfi yenə də özünü müdafiə hüququndan istifadə edərək cavab vermək məcburiyyətindədir.
Azərbaycan torpaqlarında qaldıqları hər saat onların ziyanına işləyir
Cənab Prezidentin xalqa son müraciətindən bir məqamı yada salaq: “Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatların rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi”.
Azərbaycanda hərbi vəziyyət davam edir, düşmən isə verdiyi ilk vədi, atəşkəsi elə ilk saatlarda pozmağa başladı. Cənab Prezidentin onlara verdiyi son şansı görünür dəyərləndirməyi bacarmırlar. Azərbaycan torpaqlarında qaldıqları hər saat isə onların ziyanına işləyir.
Əgər Paşinyan düşünürsə, 2-3 günlük zaman qazanıb, yenidən riyakarlıq edəcəksə, təxribatları sürdürəcəksə, yanılır. Azərbaycan ordusu tərəfindən düşmənin 30 il ərzində qurulan müdafiə sistemi, hərbi infrasrtukturu 10 gün ərzində sıradan çıxarılıb, darmadağın edilib. Ermənistanın hərbi infrasrtukturuna 1 milyard 200 milyon dollarlıq ziyan dəyib.
Hələ Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərə verilən meyitlərin sayını açıqlayandan sonra erməni cəmiyyətinin düşəcəyi şoku demirik.
Bir sözlə bugünədək aparılan siyasət, atılan addımlar, bizi əsas hədəfə daha da yaxınlaşdırır. Qələbə bizimlədir!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB