Vüqar Bayramov: “Neftin qlobal qiymətinin artması birbaşa yeni maliyyə böhranına yol aça bilər”-MÜSAHİBƏ

Vüqar Bayramov: “Neftin qlobal qiymətinin artması birbaşa yeni maliyyə böhranına yol aça bilər”-MÜSAHİBƏ
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun SİA-ya müsahibəsi:

- Bildiyiniz kimi, 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulub. Sizcə, bu zərurət nədən meydana gəlib?

- Bəli, bu ilin may ayında 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılması, əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulur. Dövlət büdcəsinin gəlirlər hissəsinə təxminən 1 milyard manatın əlavə olunması nəzərdə tutulur ki, bu da bir çox sosial, investisiya layihələrinin daha çox vəsaitin ayrılmasına şərait yaradacaq. Dövlət büdcəsinə əlavə və dəyişikliklər neftin qiymətinin artması ilə birbaşa bağlıdır. Azərbaycan dövlət büdcəsində bir barel neftin qiyməti 60 dollar nəzərdə tutulub. Hazırda 1 barel neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan neftin qiymətindən 50 faiz çoxdur. Bu da dövlət neft fonduna, o cümlədən dövlət büdcəsinə daxil olmaların artmasına gətirib çıxarır ki, bu da birbaşa dövlət büdcəsində gəlirlər hissəsinin nəzərdə tutulandan daha çox olmasına səbəb olur. 2011-ci il üçün dövlət büdcəsi təxminən 15 milyard dollar planlaşdırılmışdı. Son əlavə və dəyişiklərdən sonra büdcənin gəlirləri 17 milyard dollara qədər artacaq. Qonşu ölkələrlə müqayisədə Azərbaycanın dövlət büdcəsi xeyli böyükdür. Gürcüstanın dövlət büdcəsi cəmi 3,8 milyard, Ermənistanınki isə 2,2 milyard dollardır. Bu baxımdan Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsi Ermənistan və Gürcüstanın birgə dövlət büdcəsindən 3 dəfədən artıq çoxdur. Təbii ki, əlavə və dəyişikliklər dövlət büdcəsinin gəlirlər və xərclər hissəsinin daha da artmasına gətirib çıxaracaq ki, bu da bir sıra sosial və investisiya layihələrinin artırılmasına imkan verəcək. May ayında ediləcək əlavə və dəyişikliklərdən sonra iyul ayından etibarən əmək haqlarının artırıılması nəzərdə tutulub. Biz dövlət büdcəsində əmək haqlarının 15 % artırılması üçün real maliyyə mənbəyinin olması ilə bağlı tədqiqatlar aparmışıq. Eyni zamanda, bu imkan verəcək ki, gənclərin sosial müdafiəsinə ünvanlanan bəzi proqramları reallaşdırmaq mümkün olsun. Gənclər üçün güzəştli və ya sosial ipotekaların verilməsi nəzərdə tutulur. 2011-ci ildə dövlət büdcəsində bu istiqamətdə 14 milyon dollar əlavə vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Əlavə və dəyişiklərdən sonra ipoteka proqramına ayrılan vəsait də 2 dəfəyə yaxın artırılacaq ki, bu da gənclərin daha çox sosial ipotekadan istifadə etmək şansı qazandıracaq. Bundan əlavə, sosial ipoteka kreditlərinin verilməsi şərtlərinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub ki, bu da gənclərin dövlət hesabına maliyyələşdirilən kreditlərdən istifadə edərək ev probleminin həll etməsinə təkan verəcək.
Təxminən 1 milyarda yaxın vəsait müxtəlif proqramlara, o cümlədən sosial və investisiya layihələrinə ayrılacaq. Bu da 2006-ı il yanvar ayının 1-nə kimi təqaüdə çıxan təqaüdçülərin pensiyalarının yenidən hesablanmasına imkan verəcək. Bu gün Azərbaycanda 1 milyon 300 təqaüdçü var və onların 900 mini 2006-ci ilin yanvarın 1-dək pensiyaya çıxıb. Büdcəyə artımlardan sonra 2006-ci il yanvarın 1-dək təqaüdə çıxanların təqaüdlərini artırmaq mümkündür. Güman olunur ki, onların təqaüdlərində təxminən 40 faizlik artım olacaq. Qeyd edək ki, 2006-cı il yanvarın 1-dək təqaüdə çıxanların təqaüdü o vaxtdan sonra təqaüdə çıxanlarınkından azdır. Bu artımlar həmin fərqi aradan qaldırılmasına şərait yaradacaq. O baxımdan son artımlar sosial proqramlara təsir göstərərcək. Gözlənilən 1 milyarddan artıq artım daha çox sosial proqramların maliyyələşdirilməsinə yönəldəcək.

- Dünya bazarlarında neftin qiymətinə nəzərə saldıqda daha çox artım müşahidə olunur. Ola bilərmi ki, neftin qiymətində bu bahalaşma yeni maliyyə böhranı dalğasının yaranmasına gətirib çıxara bilər?

- Dünya bazarında neftin qiymətinin artması iqtisadi faktorlardan daha çox siyasi faktorlarla bağlıdır. Çünki son dövrlər ərəb dünyasında baş verən qeyri-stabillik neftin dünya bazarlarına çıxarılmasında müəyyən problemlər yaradıb. Bu da təbii ki, neftin qiymətinin artmasına gətirib çıxarır. Yalnız ötən ilin sonu ilə müqayisədə bu il neftin qiymətində 40%-dək artım müşahidə olunub. Eyni zamanda, neftin mütəmadi olaraq dünya bazarında qiymətininin artımı müşahidə olunur. Bu gün Liviyada baş verən müharibə nəticəsində o, Avropa bazarını neftlə təmin edə bilmir. Əvvəllər Liviya hər gün Avropaya 1,4 milyon barel həcmində neft göndərirdi. Liviyada baş verən qeyri-stabillik onun Avropaya neft çıxarılmasında problemlər yaradıb. Eyni zamanda, Misirin neft ixracatı ilə bağlı problemlər var. Ölkələrdəki qeyri-stabillik neft bazarına birbaşa təsir göstərir və onun qiymətində artım müşahidə olunur. Bu qızılın dünya bazarında qiymətinin artmasına gətirib çıxarır. Qızılın dünya bazarında qiyməti bu ilin may ayında qiyməti rekord səviyyəyə-1 üns üçün 1500 dollardan artıq səviyyəyə çatıb. Artıq qızılın 1 qramı 49 dollara satılır ki, bu da böyük bir rəqəmdir. Bir ayda qızılın qiyməti 7,8% artıb. İndi həm neftin, həm də qızılın dünya bazarında qiyməti artmaqdadır. Ən böyük narahatçılıq ondan ibarətdir ki, neftin qiymətinin artmasında iqtisadi faktorlar deyil, siyasi faktorlar əsas rol oynadığı üçün bu yeni böhranların yaranmasına gətirib çıxara bilər. Avropada birinci rübün yekunlarına görə, iqtisadi artımlar cüzidir və 1,5% artım olub. ABŞ-da isə işsizlik səviyyəsi müşahidə olunub və birinci rübün yekunlarına görə işsizlik səviyyəsi 3 artıb. Bu göstəricilər göstərir ki, neftin dünya bazarında qiymətinin artmasında real sektorda tələbin artması səbəb deyil. Neftə olan tələbat, alıcıların sayı artmır, ancaq onun qiymətində artım müşahidə olunur. Bu daha çox siyasi faktorlarla bağlı olduğu üçün dünyada iri bir böhranın yaranması təhlükəsi yaradıb. Neftin qlobal qiymətinin artması birbaşa yeni maliyyə böhranına yol aça bilər. Təbii ki, bu birbaşa olaraq ərəb dünyası və ya neft ölkələrində sabitliyin nə zaman olacağından asılıdır.
Neftin qiymətinin artması dolların məzənnəsi ilə birbaşa bağlıdır. Dolların məzənnəsində aşağı düşməsi neftin qiymətinin artmasında müşahidə olunur. Ötən həftə dolların məzənnəsində müəyyən möhkəmlənmə müşahidə olundu, dolların Avropaya olan nisbətində məzənnəsi 4% yaxın artdı. Bu da təbii ki, neft bazarına təsir göstərir.
Azərbaycan neft ölkəsidir və o neftin dünya bazarında qiymətinin artmasında müəyyən qədər gəlirlər əldə edir. Bu da müəyyən qədər dövlət gəlirlərinin artmasına gətirib çıxarır. Azərbayan gün ərzində dünya bazarına 1 milyon barel neft ixrac edir və təbii ki, bu, birmənalı şəkildə gəlirlərin artmasına səbəb olur. Amma ölkə başçısı da neftin qiymətinin kəskin şəkildə artmasında Azərbaycanın maraqlı olmadığını deyib. Bütün hallarda Azərbaycan neft ölkəsi olsa da belə o, neftin dünya bazar qiymətinin daha stabil olmasında maraqlıdır. Çünki bütün hallarda süni artımlar yeni qlobal artımlara gətirib çıxaracaqsa, bundan nefti alan ölkələr deyil, satan ölkələr də itirə bilər. Azərbaycanın da bu məsələdə mövqeyi kifayət qədər konstruktivdir ki, biz neftin qiymətinin artmasının deyil, onun stabilləşməsində maraqlıyıq.

- Azad iqtisadi zonaların yaradılması ilə bağlı qanun qəbul olunmuşdu, ancaq bunların yaradılması prosesi gecikir. Siz, bunu nə ilə izah edərdiniz?

- Azad iqtisadi zonaların yaradılması kifayət qədər ciddi məsələdir. Onların yaradılması ilə bağlı qərarı qısa zamanda qəbul etmək mümkün deyil. Nəzərə alsaq ki, 1994-cü il BMT-nin İnkişaf Proqramı xətti ilə Sumqayıtda azad iqtisadi zonanın yaradılması ilə bağlı müəyyən işlər aparıldı. Ancaq sonradan bəzi obyektiv və subyektiv səbəblərdən bunun davam etdirilməsi mümkün olmadı. Eyni zamanda, Xızı yaxınlığında Yeni Sayma sənaye şəhərciyinin yaradılması ilə bağlı müəyyən maliyyə məsələləri aparıldı. Sonradan azad iqtisadi zonalar haqqında və ya xüsusi iqtisadi zonalar haqqında qanunun qəbul edilməsi Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması məsələsini gündəmə gətirdi. İndiki mərhələdə azad və xüsusi iqtisadi zonaların yaradılmasından söhbət gedir. Bunun da fərqi odur ki, azad iqtisadi zonalarda həmin ərazidə fəaliyyət göstərən və oraya gətirilən bütün məhsullar vergidən azaddır. Xüsusi iqtisadi zonalarda isə vergi üzüaşağı tətbiq olunur. Əlavə dəyər vergisi ölkə üzrə 18 %-dirsə, xüsusi iqtisadi zonalarda bu 6-7%-ə qədər endirilə bilər. O baxımdan azərbaycanda tətbiq ediləcək model xüsusi iqtisadi zonalardır. Xüsusi iqtisadi zonaların yaradılması bu gün Azərbaycan üçün xüsusilə vacibdir. Çünki Azərbaycan üçün prioritet qeyri-neft sektorunun inkişafıdır.

Hazırda hansı rayonlarda xüsusi iqtisadi zonaların yaradılması məsələsi müzakirə olunur. Xüsusi və azad iqtisadi zonaların yaradılmasında bir sıra faktorlara diqqət yetirmək lazımdır. İlk öncə bu regionun inkişafını stimullaşdırılmalı, regional inkişafa təkan verməlidir. İkincisi azad və xüsusi iqtisadi zonaların ixtisaslı kadrlarla təmin olunması məsələsi həll olunmalıdır. Nəzərə alsaq ki, azad və xüsusi iqtisadi zonalarda kifayət qədər iri istehsal müəssisələrinin tikilməsi nəzərdə tutulub. Bu baxımdan həmin müəssisələrdə ixtisaslı kadrların olması vacibdir. İndiki vəziyyətdə hansı regionlarda azad iqtisadi zonaların fikri müzakirə olunur. Güman edirəm ki, İqtisadi İnkişaf Nazirliyi həmin zonalarla bağlı yekun fikrə gəldikdən sonra xüsusi iqtisadi zonaların yaradılmasına başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə