Prezident Putin qəti şəkildə bəyan etdi: “Qarabağ Azərbaycandır!”

27 sentyabr təxribatından və ordumuzun əks-hücuma keçməsindən sonra az qala hər gün Rusiya prezidentinə zəng edən və ona normal işləmək imkanı verməyən N.Paşinyana V.Putin dəfələrlə izah etməyə çalışdı ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir və KTMT bu münaqişəyə müdaxilə etmək haqqına sahib deyil. Anlamadı.

Bir az keçmişə qayıdaq və 3 ay əvvəlki erməni təxribatını xatırlayaq.
Tovuz rayonu ilə sərhəddə iyul ayında Ermənistanın törətdiyi təxribat Paşinyan hakimiyyəti üçün fəlakətlə nəticələndi. Döyüşlərin birinci günü uğradıqları ağır məğlubiyyətdən qorxuya düşən ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını(KTMT) təcili köməyə çağırdı.

Ermənilər ümid edirdilər ki, hərbi əməliyyatlar başlayan kimi KTMT hərəkətə keçəcək və yeni əraziləri işğal etməkdə Ermənistana yardım edəcək. Bu ümidi yaradan isə ermənilərin fikrincə KTMT Nizamnaməsinin 3-cü maddəsi və təşkilatın keçmiş baş katiblərindən birinin verdiyi məsuliyyətsiz bəyanatlar idi.

Məhz bu amilləri nəzərə alıb ümidlənən Ermənistan Xarici İşlər naziri Z.Mnasakanyan hərbi əməliyyatlar başlayan kimi KTMT-nin baş katibi S.Zasa zəng etdi, təcili kömək istədi. Bu telefon danışığı barədə sevincək məlumat yayan erməni mətbuatı nazirin “KTMT üzvünə qarşı bu hərbi əməliyyatların təşkilata qarşı hörmətsizlik olduğunu və birlikdə qarşısını almaq zərurətini” tirajlamağa başladı. İddia olundu ki, hərbi-siyasi blok rəhbərliyi ilə fasiləsiz əlaqə saxlanılır və KTMT çərçivəsində yollar axtarılır. Eyni gündə təntənəli şəkildə bildirildi ki, hərbi toqquşmaların baş verməsi ilə əlaqədar olaraq baş katib S.Zas iyulun 13-də KTMT-nin Daimi Şurasının fövqəladə sessiyasını çağırıb.

Ermənistan rəhbərliyi əmin idi ki, bu sessiyada hərbi bloka daxil olan ölkələrin silahlı qüvvələrinin ermənilərlə birgə Azərbaycana qarşı döyüşəcəkləri barədə arzuladıqları qərar qısa müddətdə qəbul olunacaq.
Qərarın qısa müddətdə qəbul olunacağı barədə gözləntilər doğrudan da özünü doğrultdu və təqribən, bir saat sonra üzv dövlətlərlə məsləhətləşmələr aparmaq məqsədi ilə fövqəladə sessiyanın qeyri-müəyyən müddətə təxirə salındığı elan edildi.

Ermənilərin qeyd-şərtsiz dəstək gözlədikləri təşkilat ertəsi gün “baş verən hadisələrdən ciddi narahat olduğunu və tərəfləri atəşi kəsməyə dəvət etdiyini” bildirən bəyanat yaymaqla Ermənistan rəhbərliyini şok vəziyyətinə saldı. Yalnız bundan sonra reallıqları görməyə başlayan erməni siyasətçiləri etitaf etməyə başladılar ki, KTMT-yə ümid bağlamaq sadəlövhlükdür, çünki hərbi bloka daxil olan dövlətlərin hamısı Azərbaycanın dostudur və fövqəladə sessiyanın qeyri-müəyyən müddətə təxirə salınması da İ.Əliyevin müdaxiləsindən sonra baş verib. Bu səbəbdən KTMT-dən ciddi kömək gözləmək ağılsızlıqdır.

Bununla belə Ermənistanın təşkilatdakı daimi nümayəndəsi V.Biyaqov KTMT Daimi Şurasının iyulun 14-də keçirilən iclasında çıxış edərək son yalvarışlarını dilə gətirdi və acizanə surətdə “Müttəfiqlərini həmrəylik göstərməyə, təşkilatın Nizamnaməsinin ruhuna və hərfi mənasına uyğun addımlar” atmağa çağırdı.
Azərbaycan prezidenti İlham Əliyev həmin günlərdə Ermənistanın KTMT-ni köməyə çağırmasına və fiaskoya uğramasına münasibət bildirərək deyirdi: "Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər.

KTMT-nın buna nə dəxli var?

Birincisi, Azərbaycan Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir.

İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, - cavab ver buna”.

Azərbaycan prezidentinin son dərəcə aydın şəkildə verdiyi izahat yenə N.Paşinyana çatmadı.
Sentyabrın 27-də başlayan və Azərbaycan ordusunu bütün cəbhəboyu hücuma keçmək məcburiyyətində qoyan növbəti erməni təxribatından sonra hər şey yenidən başladı.

Erməni rəsmiləri az qala yalvararaq Nizamnamənin 3-cü maddəsini işə salmağı və Ermənistana yardım göstərməyi xahiş etdilər. Paşinyanın gözünü qorxu elə örtmüşdü ki, KTMT Nizamnaməsinin həmin maddəsində üzv dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü təhlükə altında olduğu təqdirdə hərbi yardım göstərilməsinin mümkünlüyünü anlamaqda çətinlik çəkirdi.

Az qala hər gün Rusiya prezidentinə zəng edən və ona normal işləmək imkanı verməyən N.Paşinyana V.Putin dəfələrlə izah etməyə çalışdı ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir və heç kim bu münaqişəyə müdaxilə etmək haqqına sahib deyil. Anlamadı.

Bundan sonra Rusiya prezidenti növbəti telefon zənglərindən canını qurtarmaq üçün “Rossiya 1” telekanalının müxbirinin vasitəsilə erməni baş nazirinə əlavə izahat verdi: “Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır".

Bu izahatın da N.Paşinyana çatmayacağını və onun V.Putinə ünvanlanan zəng-yalvarışlarının bitməyəcəyini anlayan mətbuat katibi D.Peskovdaha kəskin bəyanat vermək məcburiyyətində qaldı: “Rusiya KTMT çərçivəsində Ermənistan qarşısında öhdəlik daşıyır! Qarabağ qarşısında heç bir öhdəlik daşımır!”

Beləliklə, həm prezident Putin, həm də onun mətbuat katibi son dərəcə aydın şəkildə izah etdilər ki, hərbi əməliyyatlarlar Ermənistan ərazisində deyil, Qarabağda gedir. Qarabağ isə Ermənistan deyil, Azərbaycandır!
N.Paşinyan nə qədər əldəqayırma “andişmə mərasimləri” keçirsə də, əldən düşənə qədər “yallı” getsə də, boğazı cırılana qədər “Qarabağ Ermənistandır”deyib, nöqtə qoymağa çalışsa da heç nə dəyişməyəcək və son sözü yenə də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev deyəcək:
“Qarabağ Azərbaycandır!” “Qələbə bizimlədir!”

Abutalıb Səmədov
Azərbaycan Naminə Alyans partiyasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə