Zirvələri fəth edən xeyirxah insan - Mirkazım Kazımov 70

Zirvələri fəth edən xeyirxah insan - Mirkazım Kazımov 70

Bəşəriyyətin ən ali varlığı olan insan üçün xeyir əməl sahibi olmaq ən böyük şərəfdir. Bu yüksək ada sahib olmaq, hər bəşər övladına nəsib olmur. Ancaq “Qasid” Mətbuat Yayımı Səhmdar Cəmiyyətinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Mirkazım Kazımov o xoşbəxt insanlardandır ki, ölkəmizdə əməksevərlilik və insansevərlilik nümunəsi kimi tanınır. 70 illik yubuleyini qeyd edən Mirkazım müəllimin xeyirxah və inamlı işləri onu daim ucaldıb, zirvələrə qaldırıb.

Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeş olması ilə seçilən Mirkazım müəllimin keçdiyi həyat yoluna nəzər yetirdikdə bu böyük ürəkli, xeyirxah və qayğıkeş insanın ziyalılığı, xalqımızın mədəni irsinin inkişafında, təbliğində, dispora quruculuğunda oynadığı rolu, fəaliyyəti bir daha ğöz önünə gəlir. Xatırladım ki, Mirkazım Kazımov 1950-ci il oktyabrın 10-da Azərbaycanın bərəkətli diyarlarından biri olan Cəlilabadın Hasıllı kəndində, ölkəmizin cənub regionunun nüfuzlu və xeyirxah nəsillərindən biri olan Mir Məhəmməd ağanın ailəsində dünyaya gəlmişdir. Balıqçılıq təsərrüfatı üzrə orta ixtisas təhsili alan gənc Mirkazım Kazımov keçmiş ittifaqın dəniz balıqçılıq donanmalarının gəmilərindən birində əmək fəaliyyətinə başlamış, öz ixtisası sahəsində kifayət qədər təcrübə toplamış, dünya sularının sərt imtahanlarından çıxmışdır.Sonrakı illərdə ilkin ixtisası üzrə təhsilini davam etdirmiş, Moskva Yeyinti Sənayesi İnstitutuna daxil olmuş və bu ali təhsil ocağını müvəffəqiyyətlə bitirmişdir.

Mirkazım Kazımov ötən əsrin 90-cı illərinin əvvəllərində siyasi fəaliyyətə qoşulmuş, Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak etmiş, partiyanın ilk üzvlərindən biri olmuşdur. 1993-cü ildən partiyanın Mərkəzi Aparatında çalışmış, sonrakı illərdə onun işlər müdiri olmuşdur. Mirkazım Kazımov 1999-cu ildən YAP-ın Siyasi Şurasının üzvüdür. O, 1996-cı ildən “Qasid” Mətbuat Yayımı Səhmdar Cəmiyyətinin sədri işləyərək bu böyük kollektivə uğurla rəhbərlik edir. Mirkazım müəllim bütün varlığı ilə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkənin və regionun nüfuzlu siyasi təşkilatına, müstəqil Azərbaycanın və xalqımızın həyatında müstəsna rolu olan Yeni Azərbaycan Partiyasına bağlıdır.

Ölkənin cənub regionunda layiq görüldüyü diqqət və ehtiram Mirkazım Kazımova II və III çağırış Milli Məclisə seçkilərdə deputat mandatı qazandırmışdır. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olaraq qanun yaradıcılığında, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya və Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupların üzvü kimi parlamentin beynəlxalq əlaqələrinin genişlənməsində fəal iştirak edib.

Birmənalı şəkildə demək olar ki, Mirkazım müəllim əməldə xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth edib. Bu baxımdan Azərbaycanda hər kəs ona hörmət bəsləyir, rəğbət göstərir. Xalqımızın ən gözəl xüsusiyyətləri olan insana yaxşılıq etmək, qayğı göstərmək Mirkazım müəllimin həyat amaldır. Hazırda 70 yaşını qeyd etməklə kamillik zirvəsinə yüksələn Mirkazım müəllim sözün əsl mənasında bir çox insanlar üçün ümid və inam yeridir. Söhbətimiz zamanı Mirkazım müəllim 70 illik həyat və fəaliyyətindən deyil, xalqımızın qaysaq bağlamayan yarası olan Dağlıq Qarabağdan danışır. Dağlıq Qarabağda Azərbaycan ordusunun uğurlu hərbi qələbələr qazanmasından xoş anlar yaşadığını deyən Mirkazım müəllim əminliklə qeyd edir ki, Azərbaycanın güclü və qüdrətli ordusu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üşrəngli bayrağımızın Şuşada, Ağdamda, Zəngilanda, Xankəndində və digər erməni işğal altında olan ərazilərimizdə sancılması təmin ediləcək. Deyir ki, uzun illər işğal altında olan ərazilərimizə getmək, o gözəl, füsünkar əraziləri seyr etməyi arzulayıb: “Nəhayət o tarixi gün yetişib. Azərbaycanmızın müzəffər ordusu düşməni məhv edərək, ərazilərimizi işğaldan azad etməkdədir. Yaxın vaxtlarda qaçqın və məcburi köçkünlərimiz öz yurdlarına qayıdacaqlar. O yerlərdə sakit və təhlükəsiz həyat qurulacaq. Buna görə, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirik”.

“Qasid” Mətbuat Yayımı Səhmdar Cəmiyyətinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Mikazım müəllimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayır, ictimai-siyasi fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayırıq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə