Əli Həsənov Qaçqınların və məcburi köçkünlərlə bağlı dövlət proqramına edilən dəyişikliklərdən danışdı

Əli Həsənov Qaçqınların və məcburi köçkünlərlə bağlı dövlət proqramına edilən dəyişikliklərdən danışdı

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət komitəsinin mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən komitə sədri Əli Həsənov son günlərdə aktual olan bəzi məsələlər barəsində danışıb, tikintisi gedən və planlaşdırılan yeni qəsəbələr haqda məlumat verib. Onun sözlərinə görə, qaçqınların problemləri 19 ildir ki, Azərbaycanın ən ağrılı problemi olaraq qalır. O təssüflə bildirib ki, beynəlxalq təşkilatlar da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmirlər: "Ulu öndərimiz bu məsələyə daim diqqət və qayğı ilə yanaşıb, qaçqınların sosial problemləri ilə hər zaman maraqlanıb. Bu gün də bu məsələ dövlət başçımız cənab İlham Əliyev tərəfindən davam etdirilir. Bu barədə hökumətimiz 3 Dövlət Proqramı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqram"nı qəbul edib". Əli Həsənovun sözlərinə görə, 2004-cü il proqramı tam olaraq, 2007-ci il proqramı 80% yerinə yetirilib. O həmçinin 2011-ci il fevralın 21-də bu proqrama düzəlişlər edildiyini də qeyd edib. Komitə sədri həmçinin xatırladıb ki, bu proqramın hər birinin dəyəri 500 mln manatdır.

"2011-ci ilin fevral ayında proqramda düzəlişlər 4 bənddən ibarət olub.

1) Bakı Dövlət Universitetinin yataqxanasının boşaldılması

2) Abşeronda məskunlaşmış qaçqınların yeni qəsəbəyə köçürülməsi

 3) Naftalandakı qaçqınların Goranboyda salınacaq yeni qəsbəyə köçürülməsi

 4) Binəqədi rayonunda 9-cu mikrorayon ərazisində yerləşən "Təcili yardım binası"da yaşayan 709 ailənin köçürülməsi",- deyə o sadalayıb.

 Baş nazirin müavini həmçinin əlavə edib ki, Sumqayıt şəhərində başqalarının evində məskunlaşmış 1200 ailə də yeni qəsəbələrə köçürləcək və həmin evlər öz sahiblərinə qaytarılacaq.

Komitə sədri bu günə qədər görülmüş işlərdən də danışıb və bildirib ki, bu zamana qədər komitəyə 1993-2011-ci il arasında 3.7 mlrd manat pul vəsaiti ayrılıb: "Bunun 2.1 mlrd büdcə hesabına, 860 mln Dövlət Neft Fondu hesabına, 740 mln isə "Beynəlxalq humanitar fondları" tərəfindən ayrılıb. Bu zaman kəsiyində 67 müasir qəsəbə tikilib, 100.000 adam, yəni 20.000 ailə evlə təmin olunub, 126 məktəb, 40 uşaq bağçası, tibb ocaqları və s. qaçqınların istifadəsinə verilib. Həmin qəsəbələrin işıqlandırılmasını yaxşılaşdırmaq üçün 250 meqavatlıq enerji stansiyası tikilərək insanların istifadəsinə verilib. Bunaların əksəriyyəti büdcə hesabından ayrılan vəsaitlər hesabına edilib".

Əli Həsənovun sözlərinə görə, 2011-ci ildə büdcədən 191 mln manat, Neft Fondundan 110 mln manat, Beynəlxalq humanitar fondlar tərəfindən 20 mln manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə