Aslanın erkəyi dişisi olmaz- deyirlər, bəs vətənin keşiyində duran əsgərin necə?
Müharibə şəraitində olan bir dövlətin hər şeydən qabaq vətəndaşlarının sədaqətinə, sevgisinə və fədakarlığına ehtiyacı var. Vətən anadır, o övladlarını seçmir. Istər qadın olsun, istər kişi, vətənimiz üçün hamısı övladdır. Doğulan hər övlad isə bir əsgərdir...
Qadınlar nə vaxt əsgər oldu?
Araşdırmalarımıza görə, zərif və gözəl cinsin nümayəndələrinin əsgərlik tarixi 4000 il əvvələ qədər gedib çatır. Qədimdən bəri qadınlar orduda bir çox vəzifələrdə qulluq ediblər.
Dövrümüzdə qadınların məcburi hərbi xitmətə çağırılması ilə bağlı kifayət qədər danışılır. Orduda qadının rolu həmişə müzakirə edilən bir mövzu olub. Düzdür, qadının hərbi borcunu yerinə yetirdiyi ordular var. Amma əksər hallarda döyüşlərdən uzaq tutulan qadın əsgərlər kişilər qədər peşəkar hesab edilmir.
Alimlər hesab edir ki, kişi beyni qadın beyninə nisbətən daha çox inkişaf edib və buna görə də döyüşlərdə qadınların təhlükəni fərq etməsi və reaksiya verməsi kişilərə nisbətən daha ləng olur. Eyni zamanda, kişilərin fiziki cəhətdən daha güclü olması da səbəb göstərilir və əlbəyaxa döyüş anında qadınların gərəkli qüvvəni göstərə bilməməsi sübut gətirilir. Belə ki, qadınların sklet quruluşunun kişilərə nisətən daha seyrək olduğundan qırılmaq, zədələnmək ehtimalı daha çoxdur.
Şanlı tariximizdə qadınların qızğın döyüşlərdə iştirak etdiyi və zəfər çaldığı xeyli nümunə var. Hətta bəzi müharibələrdə kişilər sona qədər döyüşüb həklak olduqdan sonra qadınların ordu yaratması haqda da məlumatlar var. Ərəb tarixçilərinin yazılarında maraqlı bir məqam var. Ərəblərin Azərbaycana təcavüzü zamanı Muğanda gedən döyüşlərdə kişilərin döyüşlərdə həlak olmasından sonrakı günün sabahı son hücuma hazırlaşan ərəb qoşunu qarşısında böyük bir ordu görmüşdü. Qarşı tərəfdə bu qədər kişinin qalmadığını düşünən ərəblər heyrətə gəlmişdi, yalnız döyüş başladıqdan sonra qarşı tərəfin tam olaraq qadınlardan olduğunu fərq etmişdilər…
Qadın əsgərlər- həm ön cəbhədə, həm də arxada…
Bəzi dövrlərdə qadının hərbi strukturlarda iştirakına duyulsa da, müəyyən dövrlərdə zərif cinsin əsgərlik etməsi qadağan edilib. Amma bu gün dünyada qadın hərbçilərin sayı kifayət qədərdir.
Dünya ordularında qadınların böyük qismi əsasən, arxa cəbhə təminatı və qərargah işlərində çalışırlar. Yalnız İsrail, ABŞ, Rusiya, Çin, Şimali Koreya və Böyük Britaniya ordusunda qadınlar bilavasitə döyüş tapşırıqlarında iştirak edə bilirlər.
İngiltərə ordusunun 9 faizi, Nepal ordusunun isə 40 faizi qadın döyüşçülərdir. İsraildə qadınlar üçün hərbi xidmət məcburidir. Bu ölkədə qadınlar 20 yaşda əsgər aparılır. Kişilərin 3 il hərbi xidmət etdiyi bu ölkədə qadınlar məcburi 2 il hərbi xidmətdə olur. Müsəlman ölkələri arasında isə ən çox qadın İran ordusundadır.
Bu gün qadınlara cəbhədə xidmətinə rəsmi icazə verən verən ölkələr Yeni Zellandiya, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, Norveç, İsrail və İsveçrədir. İngiltərədə qadınlar hərbi xidmətdə daha çox topçu kimi hazırlanır, ABŞ-da hərbi xidmətə gedən qadınlar döyüş pilotu olaraq yetişdirilir.
Böyük Vətən Müharibəsi zamanı Sovet Ordusunda qadın əsgərlərin sayı 800 mini keçirdi. Bu qadın əsgərlərin 70 faizi döyüş bölgəsində, səngərdə düşmənlə üzbəüz olub.
ABŞ prezidenti bir neçə il əvvəl çıxışlarının birində bu məsələyə münasibət bildirdi və qadınlar ön cəbhədə xidmət etməsinin mümkünlüyünü vurğuladı.
Amma əksər dövlətlər qadının əsgər getmək məcburiyyətinin olmadığı qənaətindədir.
Qadınlar niyə ordudan uzaq tutulur?
Ekspertlər isə hesab edir ki, istənilən qadın 2-3 aylıq hazırlıq kursu ilə hərbi xidmətə həm fiziki, həm də mənəvi cəhətdən hazır olar. Hazırda qadınlar ümumilikdə bir çox orduda xidmət etsələr də, döyüşlər zamanı ön cəbhədə döyüşmələrinə izin verilmir. Ona görə də, əksər qadın hərbçilər orduda səhiyyə, xilasetmə, rabitə və bu kimi sahələrdə xidmət edir.
Azərbaycanın Müdafiə Nazirliyində, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, Xüsusi Dövlət Mühafizə Xidmətində, Mülki Müdafiə Qoşunlarında və digər hərbi təşkilatlarda zərif cinsin nümayəndələri xidmət edir. Qeyri-rəsmi məlumatlara görə, bizim ölkədə qadınların hərbi çəkisi 3 faizdir.
Azərbaycan Silahlı Qüvvələrində qadınların kütləvi xidmətlərini bəzi amillər məhdudlaşdırır. "Sağlam Cəmiyyət" İctimai Birliyinin eksperti, sosioloq Leyla İsmayılova bunu ilk olaraq mentalitetlə bağlayır: “Hesab edirəm ki, bizdə kişilər qadınlardan bir addım öndə ona görə durur ki, təhlükəni birinci qarşılasın və zərif cinsi qorusun. İkinci səbəb qanunvericilikdə bu barədə müddəanın olmamasıdır. Üçüncü və daha vacib arqument isə ondan ibarətdir ki, milli-mənəvi dəyərlərimizə görə qadınların hərbidə iştirakı normal qəbul olunmur.
Düzdür, milli mentalitet bu sahədə gender bərabərliyini bir qədər “ört-basdır” edir, amma bu o demək deyil ki, bizim qadınlar orduda xidmət etməyib. Yaxın tariximizə nəzər salsaq, 1-ci Qarabağ müharibəsində də xeyli qadın döyüşçülərin olduğunu görərik. 1991-1994-cü illərdə 500-dən artıq qadın müxtəlif hərbi hissələrin tərkibində cəbhədə döyüşüb. O zaman ayrıca qadın batalyonu da yaradılmışdı".
Qadınlar Vətən uğrunda döyüşməyə hazırdırmı?
Ermənistanda qadınların orduya cəlb edilməsi haqda şou xəbərlər fonunda Azərbaycanda həqiqi hazır olan yüz minlərlə qadın var. Sadəcə fərq ondadır ki, Ermənmistanın buna ehtiyacı var, Azərbaycanın isə yox. Ehtiyac olacağı halda düşmən tərəfdən döyüşə girək hər qadına qarşı biz tərəfdən döyüşəcək azı 10 qadın əsgər potensialı var.
Hazırda Azərbaycan Ordusunda xidmət edən Arzu Bayramova (ad şərtidir-red) deyir ki, hərbi xidmətdə qadınlar üçün asan olmasa da, elə çətin də deyil: "İstək və iradə olduqdan sonra hər şeyi bacarmaq olar. Ehtiyac olduqda döyüşlərə də gedə bilərik və kişilərdən heç də geri qalmarıq. Vətən darda olanda qadın-kişi ayrıseçkiliyi ola bilməz, hamı vətənimiz və xalqımız uğrunda döyüşməlidir. Tariximizdə buna aid misalllar o qədər çoxdur ki. Böyük Vətən Müharibəsində azərbaycanlı qadın döyüşçülər böyük qəhrəmanlıq göstəriblər. 1-ci Qarabağ Müharibəsində də yüzlərlə qadın döyüşüb. Bu gün isə milyonlarla qadın döyüşməyə hazırdır. Siz baxın, hərbi komissarlıqların qarşısında, sosial şəbəkələrdə minlərlə qadın tələb edir ki, onları orduya aparsınlar. Düzdür komandanlıq buna ehtiyac görmür, lakin biz həmişə hazırıq".
Feministlər isə hesab edir ki, qadınların ordudan uzaq tutulması cinsi ayrı-seçkilikçiliyin son həddidir. Qadınların bu ampluada qəbul edilmədiyini bildirən feministlər əsgərliyin qadının ən təbii haqqı olduğunu düşünürlər. Onların fikrincə, əks cinsin nümayəndələri qadın uğuruna dözə bilmədiyindən bu cür qərarların qəbuluna imkan vermir. Halbuki, qadınların döyüş sahəsində qazandığı uğurlara dair tarixdə çox nümunə var.
Psixoloq: “Qadınlar zərifdirlər, zəif deyillər”
Qadınların döyüş bölgəsində olmasına icazə verilməməsi onların psixoloji cəhətdən də davam gətirməyə biləcəyi ilə əsaslandırılır. Amma bir qədər əvvəl qeyd etdiyimiz kimi, Böyük Vətən Müharibəsində Sovet Ordusunda 800 min qadın hərbçi olub və onların hamısı olmasa da, böyük qismi ön xətdə döyüşüb. Nə qədər faciə yaşayıb, nə qədər dəhşət görüb.
İran ordusunda qadın əsgərlərə daha çox üstünlük verilir, bunun səbəbi də qadınların daya yaxşı atıcılıq qabiliyyətinin olmasıdır. Bu orduda qadınlar daha çox snayper olur. Digər ölkələrin ordusunda da də qadın snayperlərə çox rast gəlinir.
Psixoloqlar deyir ki, qadının zərif cinsdən olması onun zəif olması demək deyil. Əksinə, elə qadınlar var ki, bəzi kişilərdən daha dözümlüdürlər. Psixoloq Aydın Əsədov deyir ki, qadına zəiflik damğasını yapışdıranlar məhz kişilərdir: “Hər gün bir kişiyə onlarla insan “zəifsən” desə, o da zəif olacaq, çünki qadınları bu cür sözlərlə zorla zəif olmağa məhkum edirlər. Psixoloji təzyiq fiziki cəhətdən ən güclü kişini belə zəif edə bilər”.
Psixoloq hesab edir ki, qadınların öz potensialını göstərmələri üçün güvənə ehtiyacları var: “Bir qədər güvənmə və azacıq inamla onlar nəyə qadir olduqlarını göstərə bilərlər. Orduda da xidmət edə bilərlər, ən ağır işlərdə də işləyə bilərlər. Kosmonavt, pilot olan qadın torpaqda vətənini qorumağı bacarmayacaqmı?”
***
Məmməd Arazın məhşur şeirindən iki misra düşür yadıma: “vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”. Zərif cinsin nümayəndələri isə deyir ki, vətən oğul-qız ayrılığı etmir, əsas olan vətənə əsgər ola bilməkdir...
Lalə Mehralı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB