"Böyük Qayıdış"ın rəmzi - Cocuq Mərcanlı

"Böyük Qayıdış"ın rəmzi - Cocuq Mərcanlı

Prezident İlham Əliyev: "Bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır"

"Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır". Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonunun doqquz kəndinin işğaldan azad edildiyi tarixi hadisə münasibətilə Azərbaycan xalqına etdiyi müraciəti zamanı deyib.

Cəbrayıllılar 4 il bundan öncə – Cocuq Mərcanlı azad olarkən bu sevinci yaşadı

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2016-cı ilin aprelində Azərbaycan Ordusu düşmənin təxribatına layiqli cavab verərək bir sıra mühüm strateji əhəmiyyətli mövqelər, o cümlədən Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən Lələtəpə yüksəkliyi tamamilə Azərbaycanın nəzarətinə keçərək, düşmən üzərində qazandığı tarixi zəfər yurd həsrəti ilə yaşayan soydaşlarımızın qəlbindəki ümid çırağını yandırdı. Bu zəfər Qarabağa, doğma yurda qayıdışın başlanğıcı oldu və Böyük Qayıdışa Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanıldı.

Ötən ilin aprel ayında Azərbaycan Ordusu düşmənin növbəti təxribatına layiqli cavab verdi, bir sıra mühüm strateji əhəmiyyətli mövqelər, o cümlədən Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən Lələtəpə yüksəkliyi tamamilə Azərbaycanın nəzarətinə keçdi, Lələtəpədə Azərbaycan bayrağı ucaldıldı. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun bu qələbəsi hər bir Cocuq Mərcanlı sakini kimi, bütövlükdə xalqımızın, qaçqın və məcburi köçkün soydaşlarımızın böyük sevincinə səbəb oldu.

2016-cı ilin aprel döyüşlərində Lalətəpə yüksəkliyinin, eləcə də digər ərazilərin düşmən tapdağından azad edilməsinin heç bir ili tamam olmamış Prezident İlham Əliyevin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalaması Azərbaycan xalqının öz torpağına bağlılığının, Prezidentin öz vətəndaşlarına verdiyi vədləri əməldə də icra etməsinin bir daha əyani sübutudur. Sərəncamda bildirilib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılsın.

Göründüyü kimi, belə bir tarixi sərəncam Azərbaycan Prezidentinin ölkə vətəndaşlarına, o cümlədən məcburi köçkünlərə diqqət və qayğısının bir daha əyani nümayişi olmaqla bərabər, həm də "Böyük Qayıdış"ın ilk müjdəçisi sayılır. Azərbaycan Prezidentinin Sərəncamı cəmiyyətdə çox böyük ruh yüksəkliyinə səbəb oldu. Dövlət başçısının bu tarixi sərəncamı dövlətin siyasi iradəsinin, Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmaq əzminin real ifadəsi olmaqla, xalqın öz Prezidentinə sonsuz inamını, geriyə qayıdışa əminliyini daha da gücləndirdi. Bu sərəncam böyük tarixi-siyasi əhəmiyyət kəsb etməklə yanaşı, dövlətin artıq bu istiqamətdə əməli fəaliyyətə, real işə keçdiyini dünyaya, beynəlxalq ictimaiyyətə bəyan edən ciddi mesajı oldu.

"Bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır"

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonunun doqquz kəndinin işğaldan azad edildiyi tarixi hadisə münasibətilə Azərbaycan xalqına etdiyi müraciəti zamanı bildirdi ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir: "Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır".

Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlının açılışında da dediyi kimi: "Bu gün Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq... Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bax, bu kənd - Cocuq Mərcanlı bunu əyani şəkildə sübut edir və təsdiqləyir". Ölkə başçısı torpaqlar işğaldan azad ediləcək deyəndə birbaşa bunu nəzərdə tuturdu ki, bu, sıradan deyilən söz deyil. Bu gün artıq bütün Azərbaycan xalqı bir daha görürü ki, Silahlı Qüvvələrimiz Cəbrayılı, Qubadlını, Ağdamı, Kəlbəcəri, Şuşanı da geri qaytaracaq. Biz Dağlıq Qarabağa qayıdacağıq, Xankəndində bayrağımız dalğalanacaq.

"Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır"

Dövlət başçısı müraciətində onu da bildirib ki, Ermənistan bu dəfə etdiyi təxribatın əvəzində Azərbaycan tərəfindən ağlına gəlməyən dərs aldığını deyib: "Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu. Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Bəli, bu gün cəbrayıllılar, bütün xalqımız sevinc içindədirlər. Bu sevinclə xalqımızı göz yaşları ilə qeyd edir. Dövlət başçımızın dediyi kimi: "Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi".

Bu gün tez bir zamanda o sevincli göz yaşlarımız daha çox olacaq. Və mənliyimiz, qürur mənbəyimiz olan üç rəngli Azərbaycan Bayrağımız Şuşada, Ağdamda, Füzulidə, Xocalıda, Xankəndində, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda bayrağımız dalğalanacaq. Ulu Tanrı Prezidentimizə, Güclü Ordumuza, rəşadətli, igid əsgərlərimizə dayaq olusun!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə