Komendant saatının tələblərinə və karantin qaydalarına əməl edin! DİQQƏT!
Azərbaycan Ordusunun əzəli torpaqlarımızın - Qarabağın Ermənistan silahlılarının işğalından azad etmək üçün sentyabrın 27-dən başlatdığı əməliyyatlar artıq öz bəhrəsini verməkdədir. Hər gün şanlı ordumuzun qazandığı qələbələr, azad etdiyi kənd və qəsəbələr haqqında verilən məlumatlar vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradır, hər kəs bu qələbədə öz yerini görmək istəyir. Bu, təbiidir, illərin həsrəti, torpaq həsrəti, yurd həsrəti insanlarımızı bəzən mövcud qaydaları bilərəkdən, yaxud bilməyərəkdən pozmağa vadar edir.
Dünəndən başlayaraq rəsmi mənbələr əvvəlcə Tərtər rayonunun Suqovuşan (Madagiz) kəndini, bu gün isə Cəbrayıl rayon mərkəzinin və daha 7 kəndin işğaldan azad edilməsi xəbərini eşidən paytaxt sakinləri bunu özünəməxsus şəkildə qeyd etmək üçün küşələrə axışır, hisslərini yaxınları, tanışları, həmyerliləri ilə bölüşmək istəyirlər. Amma, bir məsələni unudurlar, müharibə hələ də davam edir. Məhz müharibə şəraitinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin bir sıra rayonlarında və paytaxt Bakı şəhərində komendant saatının tətbiq olunması ilə bağlı sərəncam imzalayıb. Bir daha qeyd etməyi lazm bilirik ki, saat 21:00-dan səhər saat 06:00-a qədər xüsusi icazəsi olmayan şəxslərin küçələrə çıxması qadağandır. Və bu qadağanı heç bir halda, hətta qələbəni qeyd etmək üçün də pozmaq olmaz - MÜHARİBƏ HƏLƏ DƏ DAVAM EDİR!
Daxili İşlər Nazirliyi də əhaliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal altında olan bəzi ərazilərimizin azad olunduğunu elan etdikdən sonra paytaxt sakinləri bu əlamətdar hadisəni qeyd etmək üçün küçələrə çıxmağa cəhd göstəriblər: "Vətəndaşlarımıza xatırlatmaq istəyirik ki, hazırda respublikanın bütün ərazisində hərbi vəziyyət davam edir və bununla əlaqədar Bakı şəhəri də daxil olmaqla bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir. Həmçinin ölkədə koronavirusla mübarizə məqsədi ilə karantin rejimi tətbiq olunub. Vətəndaşlarımızdan bunları nəzərə almalarını, komendant saatının tələblərinə və karantin qaydalarına əməl edərək evlərini tərk etməmələrini xahiş edirik".
Əziz və çox dəyərli Azərbaycan xalqı, qələbəni qeyd etmək hər birimizin arzusudur. Hər kəsin ürəyi Qarabağda döyünür, hər birimizin şanlı Ordumuzun igid əsgərləri ilə bir yerdə olmaq istəyirik. Qələbənin davamlı olmasının yolu isə qanunlara, qaydalara əməl etməyimizdən keçir. Gəlin Prezidentimizlə, Ordumuzla bir yerdə olduğumuzu, həmrəyliyimizi qanunlara əməl etməyimizlə, komendant saatının tələblərini qorumaqla, koronavirusla mübarizə ilə bağlı ölkədə tətbiq olunmuş karantin rejimini nəzərə almaqla göstərək.
Yaşasın, Azərbaycanın Ali Baş Komandanı, Yaşasın Azərbaycan Ordusu, QƏLƏBƏ BİZİMLƏDİR! QARABAĞ AZƏRBAYCANDIR!!!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB