Şücaətli xalqımız və rəşadətli ordumuz “Qarabağ Azərbaycandır!” deyiminin isbatıdır

Son günlər işğalçı Ermənistan hərbi birləşmələrinin atəşkəs rejimini pozmasından sonra xalqımız Qarabağ uğurunda haqq davasında həmişə olduğu kimi yenə də Ali Baş Komandanımızın ətrafında sıx birləşərək Qüdrətli Ordumuzun əks-həmləsi nəticəsində tezliklə işğal edilmiş torpaqlarımızda şanlı bayrağımızın dalğalanması üçün Böyük Vətən müharibəsinə səfərbər olmuşdur. Bu fikirləri SİA-ya açıqlamasında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov bildirib.

Şöbə müdiri qeyd edib ki, dövlətimiz son zamanlar ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, iqtisadiyyatımızın şaxəli inkişafı, cəmiyyətimizin sosial rifahı üçün aparıdığı məqsədyönlü siyasəti və beynəlxalq arenalarda qazanılan uğurlarımız bu günki Qarabağ düyününün açılmasında əsas amil olmuşdur: "Bizlər yüz minlərlə idmançı ordusu hər zaman Şanlı bayrağımızın yarış meydanlarında dalğalanmasına göstərdiyi əzim və rəşadəti bu gündə torpaqlarımızın azadlığı uğurunda qanımız və canımızla göstərməyə hazır olanlarıq! Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində dediyi kimi, biz haqq yolundayıq. Torpaqlarımızın bir qarışıda düşmən işğalında qalmayacaqdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır".

F.Mansurov bildirib ki, BMT və onun Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə saylı (822, 853, 874 və 884) qəbul olundusa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olundusa da, bu tələblər indiyə qədər də yerinə yetirilməmişdir.

Eyni zamanda otuz ilə yaxındır Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə verməməsi və Ermənistan rəhbərliyinin apardığı qeyri konstruktiv yanaşma, həmçinin son günlər Tovuzda və digər bölgələrdə törətdikləri təxribatlar haqqında danışan Olimpiya çempionumuz: "Bütün beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən tanınan sərhədlərimizin rəşadətli ordumuz tərəfindən tezliklə bərpa olunacağı, qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıdacaqları gün çox yaxındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə