Azərbaycan öz torpaqlarının sahibidir və bu hüququ kimsəyə verməyəcək!

Azərbaycana qarşı yeni hücumlar edən işğalçı Ermənistan hökuməti, nəinki bölgədə, Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükə olduğunu bir daha göstərdi. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan növbəti dəfə - sentyabrın 27-də səhər saatlarından Azərbaycana qarşı hücuma keçdi və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə aldı. Dəfələrlə dövlət sərhədimizi pozmağa çalışan ermənilərin qarşısı anında Azərbaycan Ordusu tərəfindən alınıb. Hər zaman ölkəmizin ərazi bütövlüyünü təmin etmək qüdrətinə malik olan Azərbaycan Ordusunun uğurlu əməliyyatları Paşinyan hakimiyyətinin revanş götürmək cəhdini puç edib.

Prezident İlham Əliyev dəfələrlə, xüsusilə son iki ildə beynəlxalq ictimaiyyətə, son günlərdə isə BMT səviyyəsində, müraciət edərək, Ermənistanın təxribatları, onun yeni işğalçılıq planları, müharibəyə hazırlaşması haqqında məlumat verib və beynəlxalq ictimaiyyəti Erməni faşist dövlətini durdurmağa çağırıb. Amma təəssüf ki, beynəlxalq təşkilatlar və dünya dövlətləri susqunluq göstərdilər. Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşlarımızı qətlə yetirməsindən sonra başlanan genişmiqyaslı əks-hücumun davam etdiyi bu 5 gün ərzində qardaş, dost Türkiyədən, Pakistandan, Ukraynadan, İsraildən və başqa bir sıra ölkələrdən, beynəlxalq təşkilatlardan tam dəstək gördük. Lakin digər dövlətlər və təşkilatlar növbəti dəfə ikili yanaşma tətbiq etdilər, dırnaqarası məsləhətlər verdilər. Başa düşə bilmirəm, məgər həmin dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın necə uşaq, qadın, qoca demədən qətlə yetirdiyini görmürlərmi? Yaxud, Naftalanda 2-i uşaq olmaqla bir ailəni tamamilə məhv etməsini görmürlərmi? Buradan da görünür ki, Azərbaycana qarşı qərəzli mövqe, ikilistandartlı yanaşma açıq-aşkar ortadadır.

Müstəqil Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı baş tutmayacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün kənd və qəsəbələrimizi, şəhərlərimizi düşmən tapdağından azad edəcək.

Dövlət-Xalq-Ordu birliyi sayəsində Azərbaycan bayrağı Şuşada dalğalanacaq!

Nəbi Hacıyev, YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...