Azərbaycanlı qadınlar erməni “Əsgər anaları” təşkilatına müraciət edib

Xaricidə yaşayan azərbaycanlı xanımlar Ermənistanın ölkəmizə qarşı törətdiyi 27 sentyabr 2020-ci il tarixli genişmiqyaslı hərbi təxribatlarla bağlı erməni əsgər analarına müraciət edib. SİA-nın xəbərinə görə, Ermənistanda fəaliyyət göstərən “Əsgər anaları” təşkilatına ünvanlanan müraciətdə deyilir:”...Milliyyətindən, sosial-ictimai mənsubiyyətindən asılı olmayaraq bütün analar övladları üçün eyni hissləri yaşayır. Hamı övladının sağlam və xoşbəxt böyüməsini istəyir. Xüsusilə, analar bunun üçün, bəzən öz sağlamlıqlarını belə qurban verməyə hazır olurlar.

Bu qədər gözəl və müqəddəs hissləri daşıyan ana öz övladının ölümünə necə razı olur? Övladlarınızın özgə torpağında ölümü, sağlamlığını itirməsi sizi heç narahat etmirmi?

30 ilə yaxındır sizin övladlarınızın da daxil olduğu erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını işğal altında saxlayır, mülki azərbaycanlıları qətlə yetirir və müxtəlif təxribatçı hərəkətlər edirlər.

2020-ci il 27 sentyabr tarixində isə yenidən Ermənistan hökuməti ölkə daxilində müşahidə edilən siyasi gərginliklərdən, sosial problemlərdən diqqəti yayındırmaq üçün Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Yenə mülki insanlar həyatını itirir, mülki və hərbi obyektlərə zərər dəyir.

Artıq Azərbaycan xalqının və ordusunun səbri tükənib. Ermənistanın təxribatlarına əks həmlə ilə layiqincə cavab verməkdədir. Azərbaycan ordusu mülki əhalinin təhlükəsizliyinin təmin olunması və işğal edilmiş ərazilərin azad edilməsi üçün əməliyyatları davam etdirir. 100-lərlə erməni əsgəri həyatını və sağlamlığını itirir”.

Müraciət edən Azərbaycanlı xanımlar erməni əsgərlərini Qarabağdan, işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməyə çağırır: Ananın milliyyəti olsa da, analığın milliyyəti yoxdur. Bir ana kimi bunları bilməyinizi və yaxşı-yaxşı düşünməyinizi tövsiyə edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın “Erməni əsgəri ölmək istəmirsə, bizim torpaqda nə işi var?!” fikrini əsgər analarına bir daha xatırlatmaq istərdik. Bu sadəcə söz deyil, bu sizlərə bir çağırışdır.

Bilin və agah olun, Azərbaycan ordusu və xalqı ayaqdadır, torpaqlarımız işğaldan azad edilənədək, sonuncu erməni əsgəri tarixi Azərbaycan torpaqlarından çıxarılanadək mübarizə davam edəcəkdir.

Bir ana kimi, Sizi sağlam gələcəyi naminə övladlarınızı Qarabağdan geri çəkməyə, onları erməni siyasi avantürlərinin qurbanı olmaqdan qorumağa çağırırıq.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə