İsveçrədəki türklər işğalçı ermənilərin Dağlıq Qarabağda mülki əhaliyə ağır silahlarla hücumundan sonra Azərbaycan silahlı qüvvələrinin əks hücumuna dəstək veriblər. SİA-nın xəbərinə görə, Azərbaycan əsgərinə dəstək məqsədilə İsveçrədə fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Assosiasiyasında Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığlndakı Səfirliyi və İsveçrə Azərbaycanlıların Koordinasiya Şurası tərəfindən təşkil edilən “Şəhidləri anma və cəbhədəki əsgərlərə mənəvi dəstək” adlı tədbirdə işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə ermənilərin vəhşilikləri və 28 ildir vətənlərindən didərgin salınmış bir milyondan çox azərbaycanlının faciəsi müzakirə edilib. İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiriciləri Əkbər Gəncə və Leyla Bağırzadə, İsveçrə Türk Cəmiyyətinin (İTT) prezidenti Şərəf Yıldız, Bəyaz Ay Dərnəyinin sədri Suat Şahin və İTT İdarə Heyətinin fəalı Mustafa Çavuşoğlu çıxış ediblər.

Koordinasiya Şurasının əlaqələndiricisi Əkbər Gəncə tədbirdə iştirak edənlərə təşəkkürünü bildirərək, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin yenidən atəşkəs rejimini ciddi şəkildə pozduğunu, bir çox mülki şəxslərin həyatını itirdiyini və xeyli yaşayış məntəqəsinin dağıdıldığını dilə gətirdi. Erməni hərbçilərinin hücumuna qarşı Azərbaycan silahlı qüvvələrinin əks hücuma keçərək işğal altında olan bir çox yaşayış məntəqələrini düşməndən təmizlədiyini qeyd edən natiq Azərbaycan ordusuna qələbə arzulayıb.

İsveçrə Türk Cəmiyyətinin rəhbəri Şərəf Yıldız çıxışında, Dağlıq Qarabağda ermənilər tərəfindən qətlə yetirilən 30 min soydaşımızın xatirəsini anmaq, vətənlərindən didərgin salınmış 1 milyon qardaşımızı unutmadığımızı xatırlatmaq, cəbhədə vətənlərini qorumaq üçün canlarından keçən əsgərlərimizi dəstəkləmək və qardaş Azərbaycan xalqının hər zaman yanında olduqlarını göstərmək üçün bir araya gəldiklərini qeyd edib. İTT rəhbəri bildirdi ki, Qarabağ türk yurdudur və 1992-ci ildən bəri ermənilərin işğalı altındadır. Qardaş ölkəmiz olan Azərbaycanın 20 faiz torpaqları heç bir beynəlxalq qaydaları tanımayan təcavüzkar Ermənistan tərəfindən işğal edilib. Bu işğal 1992-ci ildən bəri davam edir. Dünya gücləri səssiz qalaraq bu işğala göz yumur, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Qarabağ Azərbaycandır, Ermənilər tərəfindən işğal edilib.

27 sentyabrda azərbaycanlı qardaşlarımıza hücum edənlər yenə də ermənilərdir. İsveçrədə yaşayan Anadolu türkləri olaraq hər zaman qardaşlarımızın yanındayıq, sona qədər də yanlarında olacağıq. Beynəlxalq təşkilatlardan tələbimiz budur ki, erməni silahlı qüvvələrinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı tərk etmələri üçün çağırışlar etsinlər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...