Paytaxtda uşaq bağçaları fəaliyyətə başladı

Azərbaydan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 1 oktyabr tarixindən Bakı şəhəri üzrə dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib və müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq bu gün səhərdən artıq uşaq bağşaları fəaliyyətə başlayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilib, həmçinin video konfrans fomatında müşavirələr keçirilərək bağça müdirlərinə lazımı təlimatlar verilib.

Bağçaların açılışına hazırlıq prossesində İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri tərəfindən bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görülüb, işçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılıb, otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb.

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Səhər tezdən etibarən bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür və tərbiyəçilərin valideynlərlə mütəmadi olaraq əlaqə saxlaması tövsiyə edilib. Həftə sonu hər bir bağçada tam dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub.

Bu gündən etibarən paytaxtın bütün uşaq bağçaları xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində fəaliyyət göstərəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə