Hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır

Xatirə Əliyeva,

YAP Mətbuat xidmətinin əməkdaşı,

siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist

Son günlər cəbhə xəttindən gələn xoş, qələbə xəbərləri hər bir Azərbaycan vətəndaşını qürurlandırır, torpaqlarımızın tamamilə işğaldan azad olacağına inamı artırır. Sentyabrın 27-də bir neçə istiqamətdən müxtəlif növ silahlardan, ağır artilleriyadan mövqelərimizi, yaşayış məntəqələrimizi, kəndlərimizi atəşə tutan Ermənistan dövlət siyasətinin əsasını təşkil edən faşizmə, terrora sadiqliyini bir daha nümayiş etdirdi. Dinc əhaliyə qarşı belə qəddarlıq təbii ki, faşist xislətli Ermənistan kimi dövlətə məxsusdur. Güclü, qüdrətli, döyüş ruhlu Ordumuzun keçirdiyi uğurlu əks-əməliyyat nəticəsində düşmən xeyli canlı qüvvə və hərbi texnika itirərək geri oturdulub. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad edilib, həmin ərazilərimizə üçrəngli bayrağımız sancılıb. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşdəki çıxışında “Artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik” bəyan edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirdi ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar, erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür: "Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?".

Zaman-zaman tarixin müxtəlif dövrlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirən, tarixi saxtalaşdırmaqla özlərinə tarix yazan ermənilər anlamalıdırlar ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, tarixi abidələri dağıtmaq, bir milyondan çox vətəndaşımızı öz doğma torpağından didərgin salmaq cinayətdir. Azərbaycan tarixi ədaləti bərpa edir. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində də bu fakt öz əksini tapıb və bəyan edilir ki, erməni işğalçıları ərazilərimizi qeyd-şərtsiz azad etməlidirlər.

Son günlərin döyüşlərinin Ermənistan rəhbərliyi üçün dərs olmadığını bildirən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı vurğulayır ki, mülki əhalimizin hədəfə alınması erməni faşizmin eybəcər simasını göstərir: “Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak olub, 40-dan çox mülki şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər".

Möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, Ordumuzun gücü, qüdrəti 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırır. Ən yüksək tribunalardan xalqın səbrinin tükənməz olmadığını bəyan edən möhtərəm Prrezidentimiz sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantının istisna edilmədiyini hər zaman bildirir. Vətənpərvər xalqımız daim Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə hazır olduqlarını bəyan edirdilər. Bu istəklərini cənab İlham Əliyevin çağırışına uygun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək məqsədilə könüllü müraciət edənlər sırasında olmaları ilə reallaşdırırlar. Bu gün könüllülərimizin böyük ruh yüksəkliyi, qələbə əzmi ilə cəbhə bölgəsinə yollanmaları da Vətən, torpaq sevgisinin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında Sərəncamı ölkə ictimaiyyəti tərəfindən böqük rəğbətlə qarşılanır. Yaralı hərbçilərimizlə görüşündə cənab İlham Əliyev “Mən fürsətdən istifadə edib sizin və bütün bizim digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" fikirləri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görünməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun. Qoy uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını opməyi nəsib etsin” sözləri Azərbaycan əsgərinin döyüş əzmini, gənclərimizin vətənpərvərlik ruhunu daha da artırır.

Möhrərəm Prezidentimiz İlham Əliyevə təbrik və minnətdarlıq məktublarında bu fikir xüsusi qeyd edilir ki, Sizin gördüyünüz işlər tarix dərsliklərində əsrlər boyu öyrəniləcək. Bu, Azərbaycan xalqının öz liderinə, Prezidentinə etimadının göstəricisi olmaqla yanaşı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin ölkəmizə qazandırdığı uğurların gələcəkdə miqyasının daha da geniş olacağına inamın təsdiqidir. “Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur” bəyan edən ölkə Prezidenti İlham Əliyev bildirir ki, işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.

Cənab İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın 75 illik ybileyinə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxışı, “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verlişdə aparıcıların suallarına cavabları qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın aciz duruma düşməsi işğalçı dövlətə ciddi dərs olmalıdır.

Bugünkü hadisələrdən göründüyü kimi, Azərbaycan Ordusunun döyüş ruhu, qələbə əzmi Ermənistan rəhbərliyini narahat edir. Düşmən ordusunda təşviş və xaos yaşanıb. Azərbaycan Ordusunun gücü qarşısında qərar tuta bilməyən erməni əsgərləri silah sursatlarını qoyub qaçırlar. Budur, Azərbaycan Ordusunun gücü, qüdrəti, işğal altında olan torpaqlarını azad etmək imkanları. Xalqımız tam əmindir ki, dövlətimizin düşünülmüş siyasəti, Ordumuzun qüdrəti sayəsində işğal altında olan torpaqlarımız tezliklə işğaldan azad olacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. O gün hər an, hər saniyə yaxınlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə