Ukrayna icmasından Azərbaycan dövlətinə və ordusuna dəstək

Qarabağ müharibəsi veteranı, Azərbaycanın Ukrayna Konqresi İdarə Heyətinin sədri Y.L.Osadçenko dövlətimizin haqq səsinə səs verərək bildirir ki, Azərbaycandakı Ukrayna diasporu, Azərbaycan xalqının bir hissəsi olaraq, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların gücləndirilməsini pisləyir. SİA-nın xəbərinə görə, Azərbaycan ukraynalıları XX əsrin 90-cı illərində olduğu kimi, bu gün də müddətli hərbi xidmət keçərək Azərbaycanın ərazi bütövlüyünün bərpasında iştirak edirlər. Müharibə veteranları isə Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə Vətənin müdafiəsinə qalxmağa hər an hazırdırlar. Azərbaycan ukraynalıları neçə əsrdir ki, burada yaşayırlar. Bu ölkədə milliyyətindən, dini əqidəsindən və dərisinin rəngindən asılı olmayaraq hər bir vətəndaşın hüquqları tam qorunur.

25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ Azərbaycanın açıq, qanı axan yarasıdır. 1990-cı illərin əvvəllərində Ermənistan Bakıda hakimiyyət qurumları arasındakı siyasi qeyri-sabitlikdən istifadə edərək, Azərbaycan ərazisinin bir hissəsini xainliklə işğal etdi. Uzun illər ərzində Azərbaycan müvafiq münasibətə ümid bəsləyərək Ermənistanla səbirlə, Minsk qrupu formatında, həmsədrlərin vasitəçiliyi ilə danışıqlar aparıb. Lakin son illərdə qəti surətdə aydın oldu ki, danışıqlar gözdən pərdə asmaq və status-kvonu saxlamaq üçün gedir. Ermənistan absurd tələblər irəli sürərək, vaxtaşırı hətta xırda nəticələri də yoxa çıxarırdı. Məsələn, Paşinyanın “Qarabağ – Ermənistandır” kimi uydurma ifadəsi danışıqlar prosesini tamamilə çıxılmaz vəziyyətə saldı. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun fəaliyyətsizliyi, Ermənistanın təcavüzkar niyyətlərinə xaricdən göstərilən hərbi və digər yardımın kəsilməməsi, Dağlıq Qarabağ ərazisində Livan ermənilərini, İraq və Suriya erməni qaçqınlarını yerləşdirmək cəhdləri bölgədəki hərbi-siyasi vəziyyəti daha da gərginləşdirir və münaqişənin dinc yolla ədalətli həllinə kömək etmir. Silahlı qüvvələrin təmas xəttində erməni silahlı bölmələri demək olar hər gün təxribat törədir.

Qarabağdakı son hadisələr əyani surətdə göstərdi ki, “nə hərb, nə sülh” siyasəti nəyə gətirib çıxara bilər – iki tərəfdən də insanların ölümünə. Bu zaman Azərbaycan vətəndaşlarının həlak olması, nə qədər ağırdırsa da, anlamaq mümkündür – biz ərazilərimizin bütövlüyü uğrunda döyüşürük. Bu, bizim Vətən müharibəmizdir. Bəs erməni əsgəri Azərbaycan torpağında nə edir?!

Ermənistan tərəfindən aşkar təxribat cəhdi Azərbaycanın silahlı qüvvələrinin cavab hərəkətlərinə gətirib çıxardı, bu isə fəal hərbi fazaya keçdi. Ədalətli mübarizəmizi ilk dəstəkləyənlər bizə qardaş ölkələr – Türkiyə, Ukrayna, Pakistan oldu.

Hesab edirik ki, beynəlxalq təşkilatlar nəhayət təcavüzkar Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə, ikili standartlar siyasətindən əl çəkməyə vadar edəcək.

Biz dünya ictimaiyyətinə üz tutaraq, beynəlxalq təşkilatları sanksiya təhdidi altında Ermənistanı BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini qeyd-şərtsiz yerinə yetirməyə, ordusunu Azərbaycan Respublikasının ərazilərindən çıxarmağa məcbur etməyə çağırırıq.

Biz Azərbaycan Respublikasının beynəlxalq çərçivədə tanınmış sərhədləri hüdudunda ərazi bütövlüyünü və suverenliyini hər vəchlə dəstəkləyirik. Azərbaycanda yaşayan ukraynalılar Azərbaycan xalqının etnik qrupu olaraq, Prezidentimiz və Ali Baş Komandanımız cənab İlham Əliyevin daxili və xarici siyasətini tamamilə bəyənir və dəstəkləyirik!

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...