İlham Namiq Kamal: Bütün el-oba Qarabağ üçün birləşib

Azərbaycan hazırda haqq işi aparır, başqa sözlə desək, öz ərazisində təmizlik işləri görür. Bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar 30 ildir ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və təcavüzkarlıq siyasətinə göz yumur və etinasızlıq göstərirlər. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə dönə-dönə onları məlumatlandırsa da, nəticəsiz qaldı. Həmin beynəlxalq təşkilatlar hər şeyə göz yumdular. BMT-nin münaqişənin həlli ilə bağlı 4 qətnaməsi hələ də kağız üzərində qalıb. Uzun illər ərzində Azərbaycana qarşı ikili standartlar nümayiş etdirilib. Belə olan halda Azərbaycan nə etməlidir?! Təbii ki, öz əhalisini qorumalı, torpağını tapdaqdan azad etməlidir. Bütün dünya bizim haqq işimizə dəstək olmalıdır. Çünki bunu beynəlxalq hüquq tələb edir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, professor İlham Namiq Kamal söyləyib. Xalq artisti vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa inandığını, güvəndiyini bir daha nümayiş etdirdi və düşmənin cavabını vermək üçün qəti qərar verdi. Xalq da Prezidentinin yanında olduğunu əyani şəkildə göstərdi. Məhz bu etimadın və inamın nəticəsidir ki, ölkəmizin bütün regionlarımızdan olan insanlar – ahıl, uşaq, gənc sevinc içindədir və ordumuza, dövlətimizin başçısına dəstək nümayiş etdirir: "Bu gün hamı "Hər şey Vətən üçün, Qələbə üçün" deyir və deməklə qalmır, ordu sıralarına yazılırlar. Bütün el-oba Qarabağ üçün birləşib və insanlarımızda, ordumuzda əhval-ruhiyyə çox yüksəkdir". İlham Namiq Kamal bildirib ki, hamı dövlətçiliyimizin və müstəqilliyimizin qorunması naminə səfərbərdir. Kim dövlətçiliyi qoruyursa, demək ki, özünü qoruyur, öz ailəsini, övladını qoruyur. "Haqq işimizi dəstəkləyirəm və deyirəm ki, eşq olsun, Azərbaycan xalqına, şanlı ordumuza və müstəqil dövlətimizə. Qarabağ bizimdir və bizim də olacaq", - deyə Xalq artisti sözlərinə yekun vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə