Siyasi partiyaların həmrəylik bəyanatı siyasi mədəniyyət nümunəsidir

Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənilməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir. Çox sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar bu çətin tarixi dövrdə kənarda qalmadılar. Siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduğunu bəyan etmələri tarixi əhəmiyyət kəsb edən hadisədir, milli, siyasi birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir. Siyasi partiyalar tərəfindən göstərilən bu dəstək təkcə siyasi partiyaların xalqımız üçün çətin məqamda, dövlətimizin həyatında taleyüklü məsələlərin həllində bir narahatçılıqdan əlavə, həm də siyasi bir mədəniyyətin təzahürü idi.

Son vaxtlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çağırışları əsasında ölkədə yeni bir siyasi mühit formalaşır, siyasi partiyalarla iqtidar arasında dialoq dəstəklənir, xalqı və dövləti narahat edən taleyüklü məsələlərlə əlaqədar qarşılıqlı hörmət əsasında fikir mübadiləsi aparılır. Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisi, eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.

Lakin çox təəssüf hissi ilə qeyd etməliyik ki, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə bilmədi. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Azərbaycan xalqının son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk günündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, əsl simalarını göstərdilər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər.

Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur.

Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır, mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktının insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini tələb edir. Həmçinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını, Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını tələb edir, Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər . Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirərək Azərbaycanın ədalətli mövqe tutmasını xüsusilə vurğulayırlar.

İndiki məqamda Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrini bölünməz edir. Prezident İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, “Bizim işimiz haqq işidir və biz mütləq qalib gələcəyik”!

Ramiz Göyüşov,

YAP Binəqədi rayon

təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...